AZ

Türkiyə-Rusiya-Azərbaycan qaz qovşağı yaradılır- Türkiyədə...

Image

Firdovsi Şahbazov: “Bu variant, tam olmasa da, qismən Rusiyanı xilas edə bilər”

Ukraynanın Rusiya qazının tranziti ilə bağlı müqaviləni yeniləməkdən imtina etməsi avropalı istehlakçıların maraqlarına ciddi ziyan vuracaq. Bu barədə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

“Alternativ marşrutlar var, bilirsiniz ki, Türkiyədə qovşağın yaradılması planları gündəmdədir, bu istiqamətdə işlər gedir”, - deyə o bildirib.

Məlumat üçün qeyd edək ki, 3 gün əvvəl Prezident Volodimir Zelenski Ukraynanın Rusiya ilə bu ilin sonunda başa çatan qaz tranziti müqaviləsini yeniləmək niyyətində olmadığını deyib. Zelenski bildirib ki, Avropadan müraciət olarsa, öz qaz nəqli sistemi ilə digər təchizatçılardan qaz tranzitini müzakirə etməyə hazırdır. 

Maraqlıdır, Türkiyədə yaradılan bu qovşaq qaz məsələsində Rusiyanı xilas edə bilərmi?

“Çox güman ki, Rusiya Cənub Qaz Dəhlizi vasitəsilə də Avropaya təbii qaz nəql etmək niyyətindədir” 

Sözügedən məsələyə aydınlıq gətirən iqtisad üzrə fəlsəfə doktoru Firdovsi Şahbazov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu variant, tam olmasa da, qismən Rusiyanı xilas edə bilər: “Əvvəla, Ukrayna uzun illərdir Rusiya qazını Avropaya ötürür. Düzdür, prezident Viktor Yuşşenkonun dövründə iki ölkə arasında qazın tranziti ilə bağlı müəyyən problemlər oldu, amma sonunda ortaq məxrəcə gəldilər. Sonuncu dəfə Zelenski prezident seçiləndən sonra 2019-cu ildə Ukraynanın qaz şirkəti “Naftoqaz” ilə Rusiyanın “Qazprom” şirkəti arasında rus qazının Avropaya nəqli ilə bağlı tranzit müqaviləsi imzalanıb. Bu ilin sonunda həmin müqavilənin müddəti bitəcək. 2022-ci ilin fevralında Rusiya ilə Ukrayna arasında müharibənin başlamasına baxmayaraq, Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqli dayanmadı. Baxmayaraq ki, Avropa İttifaqı ölkələri müharibəyə qədərki dövrlə müqaisədə idxalın həcmini xeyli azaldıb. Məsələn, müharibəyə qədər Rusiya Avroittifaq ölkələrinə ildə 140 milyard kubmetr qaz ixrac edirdisə, müharibə başlayandan sonra ixrac hardasa 3 dəfəyədək azalıb. “Qazprom” hazırda ciddi ziyanla işləyir. Rusiya Ukrayna vasitəsilə əsasən Avstriya, Macarıstan və Slovakiya qaz ixrac edir. Yanvarın 1-dən sonra məhz bu ölkələr müəyyən sıxıntılarla üzləşə bilər. Ancaq o da var ki, tranzit müqaviləsinin müddəti uzadılmayacaqsa, Rusiya milyardlarla dollar ziyana düşəcək. Buna görə də Rusiya alternativ marşrutlar axtarışındadır. Ümumən, Rusiya Qara dənizin dibindən iki qaz xətti, “Mavi axın” və “Türk axını” boru kəmərləri çəkib. Rusiya bu iki boru vasitəsilə Türkiyəyə, oradan isə Avropaya təbii qaz nəql edir. Ola bilsin ki, həmin kəmərlər vasitəsilə qazın həcmi artırılsın. Ancaq bir məqamı nəzərə almaq lazımdır ki, Türkiyə Rusiyadan qazı nisbətən ucuz alaraq Avropaya ötürür. Çox güman ki, Rusiya Cənub Qaz Dəhlizi vasitəsilə də Avropaya təbii qaz nəql etmək niyyətindədir. Ehtimal ki, Putinin Bakıya son səfərində bu məsələ müzakirə edilib. Yəni Rusiya öz təbii qazını Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya ötürmək üçün Azərbaycanla intensiv danışıqlar aparır. Ancaq bu məsələdə Türkiyənin də razı olması vacib məqamlardan biridir”.

Vidadi ORDAHALLI





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
100
23
baki-xeber.com

10Mənbələr