AZ

Azad rayonlarda xarici sərmayəni qaldırmağın bu yolları da var...

Image

Azərbaycan dünyəvi və demokratik ölkə olmaqla yanaşı, həm də liberal iqtisadiyyata malik bir dövlətdir. Müstəqilliyin ilk dönəmində liberal iqtisadiyyata və yeni iqtisadi münasibətlərə keçid bir qədər ağrılı və çətin olsa da, sonrakı illərdə vəziyyət pozitiv istiqamətdə inkişaf etməyə başladı.

Əgər “Əsrin müqaviləsi”nin imzalanmasından 2005-ci ilə qədər Azərbaycanda ümumi investisiya həcminin böyük hissəsi neft-qaz sektoruna yönəldilmişdisə, sonrkı dönəmdə mənzərə tam fərqli oldu. Çünki beynəlxalq iqtisadi münasibətlərin fəal və önəmli aktoruna çevrilmək istəyən Azərbaycan da özəl sahəni prioritet istiqamət kimi müəyyənləşdirdi. Bazar münasibətlərinə əsaslanan liberal iqtisadi sistemin formalaşması, vətəndaşların iqtisadi azadlığına, təşəbbüskarlığına şərait yaradılması, zəngin təbii sərvətlərdən səmərəli istifadə, investisiya cəlbediciliyinin yüksəldilməsi və digər tədbirlərin nəticəsi olaraq Azərbaycan iqtisadiyyatı yeni keyfiyyət parametrləri ilə özünü təsdiqlədi.

Müasir dövrün tələblərinə uyğun olaraq liberal iqtisadiyyat formalaşdırılır 

Bu parametrlər keçid dövrünü uğurla başa vurmuş ölkəmizdə mülkiyyətin çoxnövlülüyünün təmin olunması, bazar iqtisadiyyatı üçün qanunvericilik bazasının yaradılması, aqrar islahatların həyata keçirilməsi, sahibkarlıq institutunun formalaşması, özəlləşdirmə istiqamətində hüquqi bazanın yaradılması, müəssisələrin təsərrüfat fəaliyyətində dövlətin rolunun məhdudlaşdırılması, daxili və xarici iqtisadi fəaliyyətin liberallaşdırılmasında, qiymətlərin bazar tərəfindən müəyyənləşdirilməsi, ümumilikdə dövlətin iqtisadiyyata müdaxiləsinin minimuma endirilməsi və bu kimi digər məsələlərdə özünü göstərdi. Bundan əlavə, investisiyanın təşviqi və ixracın inkişafı istiqamətində mövcud institutların imkanlarının genişləndirilməsi islahatların səmərəliliyini artıraraq özəl sektordakı gözlə görünməyən əngəlləri aradan qaldırmağa və yaradılmış imkanlardan geniş istifadəyə yol aça bilər. Sənayedə hər sektora spesifik yanaşmanın olması sistematik dəyişikliklərə qarşı daha böyük dözümlülüyün mövcudluğuna gətirə bilər. Belə ki, hər bir istehsalat sahəsinin öz tələblərinə uyğun yanaşmanın tətbiqi məhsulun bazardakı rəqabət imkanlarına da böyük təsir göstərir. Bununla belə, sektorlar arasında bağlantıların olması da zəruridir. Görünən odur ki, ilbəil bu istiqamətdə təkmilləşdirmə işləri aparılır. Müasir dövrün tələblərinə uyğun olaraq liberal iqtisadiyyat formalaşdırılır. 

Azad edilən rayonlara daha çox xarici kapitalın cəlbinə ehtiyac var 

O da məlumdur ki, 4 il əvvəl ərazilərimiz erməni işğalından azad edildi. İşğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzur çox böyük, zəngin iqtisadi resurslara malikdir. Ancaq məsələ ondadır ki, bu potensialdan istifadə etmək üçün digər regionlarla müqayisədə çox böyük sərmayə qoyuluşuna ehtiyac var. Çünki problem ondadır ki, işğal dövründə hər şey dağıdılıb. Şəhərlər, kəndlər, infrastruktur dağıdılıb. Ona görə də hər şey sıfırdan qurulur. Torpaqlar işğaldan azad edildikdən sonra bərpa-quruculuq işləri, bir sıra layihələrin həyata keçirilməsi dövlət hesabına və yerli sahibkarların iştirakı ilə həyata keçirilir. Xüsusən də bütün infrastruktur işləri – yolların, körpülərin, tunellərin çəkilməsi, sosial, ictimai, inzibati və digər bu kimi binalırın tikilməsi dövlət vəsaiti hesabına ərsəyə gətirilir. Bir sıra layihələrdə xarici sahibkarlar podratçı olaraq iştirak edir. Ancaq görüləsi işlərin həddən artıq çoxdur. O baxımdan bütün yükü dövlətin üzərinə qoymaq həm doğru deyil, həm də vaxt baxımından sərfəli deyil. O zaman bərpa prosesinə böyük vaxt tələb olunacaq. Bütün bunları nəzərə alsaq xarici kapitalın həmin bölgələrə daha çox cəlbi, xarici sahibkarların stimullaşdırılması üçün nə kimi əlavə addımların atılmasına ehtiyac var?

Bununla bağlı xarici məlumatlandırma kampaniyalarının – sərgilərin keçirilməsi, tədbirlərin təşkil olunması vacibdir 

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən millət vəkili Vüqar Bayramov bununla bağlı bir sıra məqamlara toxundu: “İşğaldan azad edilən ərazilərimizə bütövlükdə yerli və xarici sərmayənin cəlb edilməsi vacib məsələlərdəndir. Əslində artıq ötən ildən başlayaraq 10 il müddətində investisiyanın cəlb edilməsi ilə bağlı genişmiqyaslı güzəştlər tətbiq olunub. Sözügedən vergi güzəştləri həm xarici, həm də yerli sərmayələrə aiddir. Söhbət 10 il müddətində praktik olaraq bütün növ vergilərdən azad olmadan, eyni zamanda komunal xidmətlərin 20 faizinin dövlət tərəfindən kompensasiyasından gedir. Eləcədə işçilər üçün sosial ödənişlər daxil olmaqla bir sıra stimullaşdırıcı güzəştlərin tətbiqindən gedir. Bu güzəştlər artıq qüvvədədir və vergi qanunvericiliyi ilə təsdiq olunub. Digər tərəfdən də bu güzəştlər konteksində xüsusən də xarici investisiyanın cəlb edilməsi olduqca vacibdir. İndiki məqamda çox vacibdir ki, həm Qarabağ və Şərqi Zəngəzurun potensialının yaxından təqdim edilsin. Digər tərəfdən isə bununla bağlı xarici məlumatlandırma kampaniyaların – sərgilərin keçirilməsi, digər bu kimi tədbirlərin təşkil olunması vacibdir. Bu yöndə işlərin daha da genişləndirilməsinə və əlaqəli şəkildə qurulmasına ehtiyac var. Çünki nəzərə almaq lazımdır ki, artıq bəzi ölkələr investisiya qoyuluşunda maraqlı olduqlarını bəyan ediblər. Xüsusən də qardaş ölkələr. Əsasən də Özbəkistan bu işdə fəallıq göstərir. Bu konteksdən Avropada Azərbaycanın strateji xəttini dəstəkləyən ölkələrdə də daha yaxından məlumatlandırma kampaniyaların həyata keçirilməsinə ehtiyac var. Çünki bu güzəştlər və eyni zamanda potensialla bağlı genişmiqyaslı məlumatlandırma kampaniyaları daha qısa zamanda xarici investisiyanı cəlb edilməsinə imkan yarada bilər”.

Vidadi ORDAHALLI
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
50
baki-xeber.com

10Mənbələr