AZ

Elə rayonlarımız var ki, ötən 6 ayda 1 yeni iş yeri açılmayıb- 45-in 36 mini Bakıya aiddir...

Image

Xalid Kərimli: “Sahibkarlar üçün bölgələrdə münbit mühit yaradılmayanda o gəlib öz işini Bakıda qurmağa meyl göstərir”

Müasir dünyanın ən ciddi problemlərindən biri də işsizlik, xüsusilə də gənclərin iş tapa bilməməsidir. Əslində, işsizlik bir çox ölkələr üçün yeni problem deyil. Lakin son dövrlər  iqtisadi böhran daha çox genişlənib və işsizlik çətin həyat vəziyyətində olan gənclərin geniş təbəqəsini əhatə edir. 

Hazırda Azərbaycanın bütün rayonlarında böyük infrastruktur layihələri həyata keçirilir, iqtisadiyyatın ayrı-ayrı sektorlarına sərmayələr yatırılır. Lakin regionların sosial-iqtisadi inkişafı ilə bağlı müxtəlif layihə və proqramlar həyata keçirilsə də,   bir çox bölgələrdə işsizlik problemi hələ də öz həllini tapmayıb.

Açıqlanan statistik rəqəmlərə əsasən, bu ilin ilk yarısında Azərbaycanda 45 min 409 yeni iş yeri açılıb. Yeni iş yerlərinin 79,4 faizi və ya 36 min 58-i paytaxt Bakının payına düşüb. Bakıdan sonra ən çox yeni iş yeri 5 iri şəhər və rayonda açılıb. Bu ardıcılllığa görə isə yeni iş yerləri  Abşeron rayonu, Sumqayıt şəhəri, Gəncə şəhəri, Naxçıvan şəhəri, Şirvan şəhərində daha çox açılıb.

Danılmaz faktdır ki,  hazırda bir çox bölgələrimizdə işsizlik problemi var. Xüsusilə rayon və kəndlərdə yaşayan əhali iri şəhərlərə gəlir. Belə olan halda, yeni iş yerlərinin çoxu niyə Bakı və iri şəhərlərdə açılır?

“Kiçik sahibkarlara təkcə regionlarda yox, elə Bakının özündə də  vergi məsələsində ciddi güzəştlər tətbiq olunmalıdır”

İqtisadçı ekspert Xalid Kərimli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, ölkədə müxtəlif dövrlərdə regionların inkişafı ilə bağlı dövlət proqramları həyata keçirilib, yoxsulluğun azaldılması ilə bağlı bir neçə proqram gerçəkləşdirilib. Amma bu problemin həlli o qədər asan deyil. Rayonlardakı işsizliyi aradan qaldırmaq üçün yeni iş yerləri olmalıdır: “Dövlət öz strukturlarında - təhsil, səhiyyə, icra hakimiyyəti sektorunda nə qədər mümkündürsə, iş yeri açıb. Amma bu çıxış yolu deyil. Sahibkarlıq inkişaf etdirilməlidir ki, özəl sektorda yeni iş yerləri açılsın. Bunun üçün isə özəl sektorun inkişafına şərait yaradılmalıdır. Sahibkarlar üçün bölgələrdə münbit mühit yaradılmayanda o gəlib öz işini Bakıda qurmağa meyl göstərir. Bakı ilə müqayisədə rayonlarda sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara bəzi güzəştlər nəzərdə tutulsa da, rayonlarda qurulan iş mərkəzdə qurulan iş qədər effekt vermir. Hesab edirəm ki, bu, təbii prosesdir. Kiçik sahibkarlara təkcə regionlarda yox, elə Bakının özündə də  vergi məsələsində ciddi güzəştlər tətbiq olunmalıdır.  Düşünürəm ki, bu, onlara stimul vermiş olar.  Çünki bu gün əmək bazarı bazası  Bakıda daha çox inkişaf edib”.

Günel CƏLİLOVA





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
50
baki-xeber.com

10Mənbələr