AZ

"Tramp prezident seçilsə, Ermənistana diqqət azalacaq, Zəngəzur dəhlizi..." - AÇIQLAMA

ABŞ-nin sabiq prezidenti, Respublikaçılar partiyasından prezidentliyə namizəd Donald Trampın qalib gəlmə ehtimalı Azərbaycanda müzakirə edilən məsələlərdən biridir. Xüsusilə, bu mövzu Zəngəzur dəhlizinin açılması məsələsi ilə bağlı gündəm olub. Belə ki, Bayden administrasiyasının istəyi ilə üçtərəfli bəyanatdan Zəngəzur dəhlizi məsələsi çıxarılıb. Digər tərəfdən, bu yolun açılmasında maraqlı ölkələrdən biri də Rusiyadır. Donald Trampla Vladimir Putinin arası isə kifayət qədər yaxşıdır. Trampın da çıxışlarında bunun dəfələrlə şahidi olmuşuq.  Belə ki, Tramp prezident seçilərsə, Rusiya və Çinlə münasibətlərin normallaşmasına çalışacağını bildirib.

 

Maraqlıdır, Tramp yenidən Ağ Ev rəhbəri olarsa, Zəngəzur dəhlizinin açılması reallaşa bilərmi? Ümumiyyətlə, onun qələbəsi Azərbaycana nə vəd edir? 

 

Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə deyib ki, ABŞ-də keçirilən prezident seçkilərində Donald Trampın qalib gəlməsi Azərbaycanın təhlükəsizlik və xarici siyasət maraqlarına cavab vermir:

 

“Çünki Tramp Cənubi Qafqaz siyasətinə diqqət ayırmır. O, əlbəttə, Rusiya və Çinlə daha çox məşğul olur. Lakin Tramp qalib gələrsə, Zəngəzur dəhlizinin açılması reallaşa bilər. Amma məsələ ondan ibarətdir ki, Rusiyanın Zəngəzur dəhlizinə nəzarət etməsi nə rəsmi Bakı, nə də İrəvanın maraqlarına uyğundur. Düzdür, 10 noyabr birgə bəyannaməsində həmin vaxt şərtlər tamamilə başqa idi. Buna görə də Azərbaycan və Ermənistan Rusiyanın Zəngəzur yoluna nəzarət etməsi ilə razılaşdı. Hesab edirəm ki, qeyd etdiyim bəyannamə qüvvədən düşüb. Onun şərtlərini Azərbaycan özü yerinə yetirdi, Ermənistan da Rusiyanın nəzarətinin əleyhinədir”.

 

Politoloq qeyd edib ki, Zəngəzur dəhlizi ilə bağlı məsələyə nə ABŞ, nə də digər ölkələr müdaxilə etməlidir:

 

“Bu, məsələ elə Azərbaycan və Ermənistan arasında müzakirə edilməlidir. Trampın prezident seçilməsinə gəldikdə isə, bu, Ermənistana diqqəti müəyyən qədər zəiflədə bilər. Bu da Rusiyanın rəsmi İrəvana ciddi təzyiqlərinə gətirib çıxaracaq. Moskvanın Zəngəzur dəhlizinə nəzarət etməsi regionun təhlükəsizlik maraqlarına cavab verməyəcək, sülhə xidmət etməyəcək. Prosesin bu cür davam etməsi isə Ermənistanla Azərbaycan arasında ədavəti yenidən qızışdıra bilər”.

 

Günay Rəsulqızı
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
27
sfera.az

10Mənbələr