AZ

İctimai nəqliyyatda ƏLÇATANLIQ: Maneəsiz hərəkəti necə təmin etməli? – FOTOLAR

Türkiyə hökuməti fiziki məhdudiyyətli vətəndaşlarının həyat səviyyəsinin yaxşılaşdırılması üçün “Nəqliyyatda Əlçatanlıq Çağırışı” layihəsinə başlayır. “Anadolu” agentliyinin məlumatına görə, “hər kəs üçün maneəsiz nəqliyyat” adı ilə həyata keçiriləcək elektron ünsiyyətə əsaslanan “Ar-Ge” layihələrinə hökumət 100 milyon lirə dəstək verəcək. Layihəyə nəqliyyat və rabitə sahəsində fəaliyyət göstərən dövlət və özəl şirkətlər cəlb olunacaq.

Hərəkət qabiliyyəti məhdud olan şəxslərə gündəlik səyahətlər üçün şəxsi nəqliyyat vasitələri və ictimai nəqliyyatdan başqa alternativ nəqliyyat imkanları verilməsi məqsədi ilə müxtəlif texnologiyalara dəstək veriləcək. Bundan başqa, bütün fiziki məhdudiyyətli şəxslər üçün aydın şəkildə izlənilə bilən xəbərdarlıq sistemləri, habelə fövqəladə hallarda fiziki məhdudiyyətli şəxslərlə operatorlar arasında əlaqəni təmin edən sistemlərin inkişafı üçün elektron rabitə xidmətləri yaradılacaq.

Qonşu və qardaş Türkiyə ilə müqayisədə Azərbaycanda bu sahədə vəziyyət necədir? Fiziki məhdudiyyətli vətəndaşlarımız üçün ictimai nəqliyyat əlçatandırmı? Real olaraq bu əlçatanlığı ölkəmizdə təmin etmək üçün daha hansı addımlar atılmalıdır?

Mövzu ilə bağlı Medianews.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev bildirib ki, Bakı şəhərində bu sahədə vəziyyət arzuolunan səviyyədə deyil.

Ekspertin qənaətincə, bununla bağlı yetərincə maneələrimiz var: “Nəqliyyatın özündə kompleks tədbirlər görülməlidir ki, fiziki məhdudiyyətli vətəndaşlarımız üçün hər şey əlçatan olsun. Hazırda bu sahədə ən böyük problemimiz səkilərin vəziyyətidir. Səkilər fiziki məhdudiyyətli insanlar, əlil arabasında hərəkət edənlər üçün əlçatan deyil. Gəlin əlilliyi olan istənilən şəxsin öz evindən avtobus, taksi, qatar, metro dayanacağına qədər qət edəcəyi məsafəyə nəzər salaq, görək orada vəziyyət necədir. Bu məsafədə baryerlər varsa, onlar dərhal aradan qaldırılmalıdır. Baryerlər deyərkən səkilərin yerdən hündürlüyü, ayrı-ayrı işbazlar, tikinti şirkətləri tərəfindən zəbt edilməsi və sair bu kimi məqamları nəzərdə tuturam. Sadəcə əlil arabasında olanlar üçün deyil, uşaqlı valideynlər, uşaq arabaları üçün də bu səkilər keçilməz hədlərə çevrilir. Nəticədə piyadalar, o cümlədən əlilliyi olan şəxslər səkilərlə deyil, avtomobil yolu ilə hərəkət etməyə məcbur olurlar. Bununla da həm öz həyatlarını təhlükəyə atırlar, həm də digər hərəkət iştirakçısı olan sürücülərə problem yaradırlar. İlk növbədə bu məsələlər tənzimlənməlidir”.

R.Ağamirzəyev deyib ki, 2015-ci ildən etibarən paytaxt ərazisində, eləcə də ölkəmizin digər şəhərlərində ictimai nəqliyyatda müasir avtobuslar istismara verilib və bu avtobuslardan əlilliyi olan şəxslərin istifadəsi üçün müəyyən şərait var: “Belə bir trend var, amma bu dinamikanı artırmaq lazımdır. Aşağı gövdəli avtobusların ölkəyə gətirilməsi, köhnə avtobusların xətdən çıxarılması vacibdir. Avtobusların dayanacaqlara daha rahat yan alması üçün tədbirlər görülməlidir. Yəni, normal, “cibsiz” dayanacaqdırsa, orada xüsusi növ bardürlər quraşdırılmalıdır ki, avtobus daha yaxın yan ala bilsin. Yox əgər “cibli” dayanacaqdırsa, onu ləğv edib anti-ciblə əvəzləmək lazımdır. Belə olduqda parkinq sahəsi ilə dayanacaq fiziki olaraq ayrılır və avtobus daha rahat yan ala bilir. Bu da sərnişinlərə, o cümlədən əlilliyi olan şəxslərə avtobusa sərbəst və maneəsiz minib-düşmək imkanı yaradır. İnklüzivlik standartlarına uyğun gəlməyən nəqliyyat vasitələri xətdən uzaqlaşdırılmalıdır. Elə etmək lazımdır ki, görmə, eşitmə, yaxud hərəkət məhdudiyyəti olan vətəndaşlarımız üçün də ictimai nəqliyyat əlçatan olsun, onlar kimsənin köməyi olmadan şəhərdə sərbəst hərəkət edə bilsinlər. Bunun üçün ümumən problemin mahiyyəti aidiyyəti və cavabdeh qurumlar tərəfindən dərk edilməli, ciddi maarifləndirmə işi aparılmalıdır”.

Ekspert vurğulayıb ki, sözügedən sahədə mövcud standartların daha müasir, mütərəqqi vəziyyətə gətirilməlidir: “Tikinti işləri həyata keçirən qurumlar, şirkətlər qarşısında tələb kimi qoyulmalıdır ki, onlar layihələndirmədə, memarlıqda fiziki məhdudiyyətli insanlar üçün nəzərdə tutulan norma və prinsiplərə ciddi riayət etsinlər. Piyada hərəkət etdiyi səkidə əlavə baryerlərlə rastlaşmalı deyil. İndiyə qədər tikilmiş obyektlərdə bu istiqamətdə yenidənqurma işlərinin aparılması da mümkündür. Bunun üçün müsabiqələr elan edilərsə, maraqlı təkliflərlə qarşılaşa bilərik. Amma bütün bu sadalananlar elə qənaət hasil etməsin ki, Bakıda həyata keçirilən layihələrdə ümumiyyətlə inklüzivlik elementləri yoxdur. Xeyr, bu, belə deyil. Müəyyən işlər görülüb, amma bu, lokal xarakterlidir. Ona görə də təkmilləşdirmə işləri aparılmalı, daha müasir standartlar tətbiq olunmalıdır. Fiziki məhdudiyyətli insanların sərbəst hərəkəti üçün sistemli və bütün şəhəri əhatə edə biləcək tədbirlər görülməlidir. Elə etməliyik ki, şəhərimiz bütün vətəndaşlarımız üçün əlçatan olsun, bütün məkanlarla əlaqə təmin edilsin”.

Nailə QASIMOVA

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
50
medianews.az

10Mənbələr