AZ

Dələduz xaricdə təhsil şirkətlərinin "SEZONU BAŞLADI" - Abituriyentlər nələrə diqqət etməlidir?

Bildiyimiz kimi, ali təhsil müəssisələrinə qəbul imtahanlarının nəticələri açıqlanıb. Qəbul ola bilməyənlərin əksəriyyəti attestatla xaricdə təhsilə yol axtarırlar. Bu məqamdan isə bəzi xaricdə təhsil şirkətləri istifadə edir. 

 

Bəs insanlar bu şirkətlərdən güvənli olanını necə seçsinlər?  

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndiyev bildirib ki, bu il müsahibədən keçməyən 27 minə yaxın abituriyentdən 12 mini 11 illik bazadan orta ixtisas müəssislərinə, 300 nəfəri isə ali təhsil müəssisələrinin boş qalan yerləri üzrə qəbul olunublar, xaricdə təhsil almağa yönələnlər qalan 13-14 min nəfərdir.

 

Onun sözlərinə görə, bəzi mövsümi şirkətlər, dələduzluqla məşğul olan şəxslər bu vəziyyətdən sui-istifadə edirlər:

 

“Onlara, guya, həqiqi hərbi xidmətdən möhlət verilməsi və ya gələcəkdə Azərbaycanda diplomu tanınacaq adı ilə yalan vədlər verirlər. Nəticədə, 4 il sonra həmin təhsil alan şəxs müvafiq olaraq diplomunu tanıtmaqda əziyyət çəkir”.  

 

E.Əfəndiyev vurğulayıb ki, məhz xaricdə təhsil almaq istəyən şəxslər qanuni qəbula üstünlük verməlidirlər:

 

“İlk növbədə, bildiyimiz kimi, 2022-2026-cı illər üzrə Dövlət Proqramı var, artıq 2 il də əlavə olunub, 2022-2028-ci illəri əhatə edir. Bu dövlət proqamına qoşulub, xərcləri dövlət tərəfindən qarşılanmaqla xaricdə təhsil almaq mümkündür. Eyni zamanda, müvafiq istiqamət üzrə beynəlxalq dil sertifikatları əldə edərək qanuni qaydada qəbul ola bilərlər. Lakin attestatla qəbul diplomun tanınmasında ciddi problem yaşadacaq. O cümlədən, qiyabi və distant təhsil ölkəmiz tərəfindən tanınmır”. 

 

O qeyd edib ki, xaricdə təhsil şirkətlərinə müraciət etmək istəyənlər öncədən araşdırma aparmalıdır:

 

“Həmin şirkətlərin ən azından müvafiq istiqamət üzrə 8-10 il təcrübəsi olmalıdır. Yenə də şirkətdən əlavə müraciət edən şəxs özü də araşdırma aparmalıdır. Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən tərtib olunmuş ölkəmizdə diplomları tanınan universitetlər haqqında konkret siyahı var, mütləq ona nəzər yetirməlidirlər. Bundan başqa, ixtisas seçərkən diqqətli olmaq lazımdır ki, təhsil alıb qayıdanda ölkəmizdə o ixtisas üzrə işləyə biləcəkmi, burada onun bir ekvivalenti varmı? Onlar prioritet hesab olunan ixtisaslar üzrə təhsil almalıdırlar. Bundan əlavə, yaxşı olar ki, nüfuzlu ali təhsil müəssisələrində əyani təhsil ala bilsinlər. Belə olan halda,  gələcəkdə diplomlarının tanınması ilə  bağlı ciddi sıxıntı olmayacaq. Ona görə də, təhsil almaq istəyən şəxsləri və onların valideynlərini diqqətli olmağa çağırıram”. 

 

Ekspert ali təhsil müəssisələrinə qəbul ola bilməyən abituriyentlərə yenidən hazırlaşıb, gələn il imtahan verməyi tövsiyə edib:

 


“Əgər hərbi xidmətlə bağlı zamanları varsa, yaxşı olar ki, onlar növbəti ilə daha ciddi hazırlaşsınlar, onsuz da buraxılış imtahanının nəticələri bir il də qüvvədə olur, istəsələr, yenidən də imtahan verə bilər və öz ali təhsil müəssisələrimizə qəbul ola bilərlər. Onu da qeyd edim ki, ölkəmizdə özəl də olsa, ali təhsil müəssiələrinin diplomları tanınır. Gedib hansısa ölkədə təhsil alıb, diplomunun tanınmaması ilə 4 il itirməkdənsə, növbəti il də hazırlaşıb, yenidən  imtahan vermək daha məqsədəuyğundur”.


Qeyd edək ki, son illər həmin şirkətlərin dələduzluq faktları ilə də rastlaşırıq. Bəs məsələnin hüquqi tərəfi nədir, həmin şəxsləri nələr gözləyir?

 

Bildirək ki, həmin şəxslər Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 179.2 (mənimsəmə və ya israf etmə) maddələri ilə ittiham oluna bilərlər. Bu halda cinayət məsuliyyətinə cəlb olunan şəxslər 2 ilə qədər azadlıqdan məhrum edilə bilər. Eyni əməllər şirkət rəhbəri, bir qrup şəxs tərəfindən, öz mövqeyindən istifadə etməklə, yaxud vətəndaşa 5000-50000 manat arasında zərər vurmaqla törədilərsə, bu halda 2 ildən 5 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözlənilir. Cinayət məsuliyyətinə cəlb olunma halı üçün vətəndaşa vurulan ziyan 500 manatdan yuxarı olmalıdır. Əgər hansısa şirkət nümayəndəsi vətəndaşdan 200-300 manat alıb hansısa iş görürsə, burada cinayət məsuliyyətindən söhbət gedə bilməz.


Firuzə Əliyeva 
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
50
sfera.az

10Mənbələr