AZ

Müharibədə son gedişlər: Hansı tərəf qalib olacaq?

Ukrayna Silahlı Qüvvələri Rusiyanın Kursk vilayətində 1000 km-dən çox ərazini nəzarətə götürdüyü bir zamanda rus hərbi birləşmələri Donbasda cəbhə xətti boyunca irəliləməkdədir. 

“Caucasian Live” Almaniyanın “Bild” qəzetinə istinadən xəbər verir ki, rus qoşunları Şərqi Ukraynanın Donetsk vilayətində Kalinove məntəqəsini ələ keçirib. Sözügedən qəzetin hərbi-strateji məsələlər üzrə eksperti Yulian Röpke Ukrayna cəbhəsində baş verən son proseslərlə bağlı məqaləsində qeyd edir ki, Donbas bölgəsində bir sıra məntəqələr rus qoşunlarının nəzarətinə keçib. 

"Rusiya işğalçı ordusu Vuhledar-Kostyantinivka şosesi boyunca daha bir möhkəmləndirilmiş mövqe tutdu və bu bölgədəki son Ukrayna qalası olan Vodyane kəndini də təhdid etməyə başlayıb. Rus işğalçı ordusuna Pokrovskdan 10 km cənub-şərqdə yerləşən 14.000 nəfərlik Novohrodivka şəhərinin əksəriyyətini bir zirehli maşın olmadan ələ keçirmək üçün üç gün kifayət etdi", - deyə Y. Röpke öz məqaləsində vurğulayıb. 

Almaniyalı ekspert, həmçinin Rusiya hərbi birləşmələrinin Donbasda Pokrovsk yaxınlığında böyük taktiki uğurlar əldə etdiyini də bildirib:

“Pokrovskdan şərqdə baş verənlər qalan Ukrayna qüvvələrinin genişmiqyaslı çıxarılması kimi görünür. Ruslar artıq Selydovedadır və 23.000 əhalisi olan şəhərin mərkəzinə çatdıqları bildirilir. Vəziyyət hələ tam aydın deyil. Ukrayna silahlı qüvvələri indidən şəhərin şimal hissəsini ruslara verir, amma ümumilikdə vəziyyəti Ukrayna üçün ürəkaçan deyil”. 

Britaniya Müdafiə Qərargahının sabiq rəis müavini Saymon Mayall “Sky News”-a şərhində bildirib ki, Rusiya cəbhənin digər istiqamətlərində Ukrayna müqavimətini zəiflətmək üçün bilərəkdən Ukrayna qoşunlarını Kursk vilayətindən çıxarmır. 

Almaniyalı araşdırmaçı jurnalist Ben Aris isə öz “X” hesabında Rusiyanın son kütləvi raket və dron hücumlarının Ukraynaya çox ciddi ziyan vurduğunu qeyd edib. Onun sözlərinə görə, Ukrayna Prezidenti Volodimir Zelenski hücumdan sonra ölkəyə dəymiş ziyanı açıqlamağa çağırıb:

“Rusiyanın zərbələri nəticəsində qeyri-nüvə enerji sektorunun 90%-i məhv edilib. Eyni zamanda Rusiya tərəfi nüvə enerjisi sektorunun 40%-ni nəzarətə götürüb. Dünən eyni zamanda hidro enerji sektorunun 30%-nə zərər dəyib. Ukrayna buna qədər Avropaya elektrik enerjisi ixracına hazırlaşırdı və dünənki zərbələrdən sonra bu məsələ təxirə salınıb". 

Müharibənin Tədqiqi İnstitutunun (ISW) məlumatına görə, Ukrayna qoşunları Donetsk vilayətində şəhərin cənub-şərqindəki müəyyən ərazilərdən geri çəkilib. “The New York Times” -ın məlumatda qeyd olunur ki, Ukrayna silahlı qüvvələrinin Kursk vilayətində hücuma keçməsinə baxmayaraq, Moskva Pokrovski istiqamətindən qoşunlarını geri çəkməyə tələsmir. 

Son proseslərdən belə görünür ki, Rusiya-Ukrayna müharibəsində hesab hələ ki, bərabərdir. Rus ordusu Ukraynanın Donbas bölgəsində xeyli məntəqələri, qəsəbələri və əraziləri tutmaqla irəliləyir, Ukrayna Silahlı Qüvvələri öz mövqelərindən geri çəkilmək məcburiyyətində olublar. Ukrayna ordusu isə Rusiyanın Kursk bölgəsində 1000 km-dən çox ərazini nəzarətə götürüb, hazırda 100-dən çox məntəqə Ukrayna hərbiçilərinin nəzarəti altındadır. 

Artıq Kursk vilayətində cəmləşən Ukrayna hərbi birləşmələri Voronej şəhəri istiqamətində hücum əməliyyatına başlayıb. Əgər Ukrayna ordusu Voronej şəhərini və şəhərətrafı əraziləri nəzarətə götürərsə, rus qoşunları Donbasdan geri çəkilmək məcburiyyətində olacaq. Əgər bu hücum dəf edilərsə və uğursuzluğa düçar olarsa, Kurskdakı Ukrayna qoşunlarının aqibəti qeyri-müəyyən olacaq. 

Eyni zamanda, payız-qış ayları yaxınlaşır. Həmin müddətdə sözügedən ərazilərdə hava şəraiti çox ağır və sərt keçir. Həm Rusiya, həm də Ukrayna ərazisində cəbhədəki indiki gedişlə payız-qış aylarının üstünlüyün kimin tərəfində olacağı bəlli deyil. Ən mühüm məsələ isə Donbasın rus qoşunları tərəfindən tam işğal olunacağı təqdirdə Ukraynanın daha hansı strateji əraziləri Rusiyanın hədəfinə daxil olacağıdır. Ola bilsin ki, Rusiya Donbasdan sonra Xerson və Zaporojya vilayətlərinə də hücum təşkil edəcək. 

Məsələ ilə bağlı politoloq Elçin Xalidbəyli “Cümhuriyət” qəzetinə açıqlamasında qeyd edib ki, Ukrayna Qərbin təlimatlarına boyun əyərək növbəti dəfə yanlış addım atıb: 

“Əvvəlcə onu qeyd edim ki, Ukrayna ordusunun Rusiyanın ərazisinə girməklə və böyük bir ərazini nəzarətə götürməklə Rusiyanın beynəlxalq nüfuzuna çox böyük zərbə vurdu. Amma Ukraynanın öz ərazisinin işğal altında olduğu halda Rusiyanın ərazisinə hücum etməsi strateji baxımdan çox ciddi səhvdir. 

Hazırda Ukrayna qoşunları Kurskda uğurlar qazansa da, yaxın aylarda elə bir vəziyyət yarana bilər ki, bu, Ukraynanın taleyini sual altına qoyar.

Hər kəsə məlumdur ki, Ukrayna ordusunun irəliləmə imkanları olduqca məhduddur. Ukrayna ordusu ciddi canlı qüvvə çatışmazlığı ilə üzləşib, Rusiya ərazisindəki döyüşlərdə xeyli sayda canlı qüvvə, hərbi-texnika və silah-sursat itirib. Ukrayna ordusunun Kursk vilayətində ələ keçirdiyi əraziləri nə zamana qədər öz nəzarəti altında saxlayacağı müəmmalı görünür”. 

O ki qaldı rus qoşunlarının Donbasda irəliləməsinə, ekspert hesab edir ki, bu, yaxın zamanda Ukrayna üçün çox ciddi problemlər yaradacaq:

“Həmin əraziləri Rusiyanın işğalından azad etmək üçün rəsmi Kiyevin əlavə canlı qüvvəyə, hərbi-texnikaya və silah-sursata ehtiyacı yaranacaq. Qərbin də Ukraynanı yeni hərbi texnika və silah-sursatla təmin edib-etməyəcəyi sual altındadır. Bu baxımdan hesab edirəm ki, Ukrayna ordusunun Rusiyanın Kursk vilayətinə girməsi və bu vilayətdə uğurlu hərbi əməliyyatlar keçirməsi böyük təsir bağışlaya bilər, amma yaxın gələcəkdə Ukraynanın bu addımı onun özü üçün mənfi nəticələrə gətirib çıxaracaq. 

Çünki Rusiyanın canlı qüvvə toplamaq imkanları Ukraynadan qat-qat çoxdur. Eyni zamanda Rusiyanın ərazisi çox böyükdür və Ukrayna ordusu irəlilədikcə, xeyli canlı qüvvə itirir. Rus ordusunun Ukraynanın içərilərinə doğru irəliləməsi Kurskdakı Ukrayna hərbi kontingentinin vəziyyətini daha da ağırlaşdırır. Yaxın aylarda bu prosesin nəticələri özünü büruzə verəcək”. 

Ekspert vurğulayıb ki, orta perspektivdə Rusiya yenidən özünü toparlaya bilər:

“Əgər Rusiya yenidən özünü toparlayarsa, öz iqtisadiyyatını ayaqda saxlaya biləcəksə, rus ordusu davam şəkildə hərbi-texnika və silah-sursatla təmin olunacaqsa, indiki proseslər Ukraynanın əleyhinə çevriləcək. Qərbin də Ukraynaya hərbi və maliyyə dəstəyi məhdudlaşacaq”. 

E. Xalidbəyli Rusiya hərbi birləşmələrinin Ukraynanın içərilərinə doğru irəliləməsini mümkün hesab edir: 

“Təbii ki, Rusiyanın Ukraynanın içərilərinə doğru irəliləməkdə maraqlıdır. Rusiyanın hədəfində Odessanın olacağı qətiyyən şübhə doğurmur. Kremlə yaxın siyasi dairələr bəyan edirlər ki, guya Odessa Rusiyanın şəhəri olub və bu şəhər mütləq geri qaytarılmalıdır. Əgər Rusiya ordusunun gücü, potensialı və imkanları artacaqsa, Ukraynanın içərilərinə doğru irəliləməyə, Odessanı ələ keçirmək üçün hərbi əməliyyatlara cəhd göstərəcək. Bunun nə dərəcədə uğurlu olub-olmayacağını yalnız zaman göstərəcək”. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
50
cebheinfo.az

10Mənbələr