AZ

Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri münasibətlərimizin yüksək səviyyədə olmasının təqdimatıdır ŞƏRH

Bu gün Azərbaycanın Mərkəzi Asiya ölkələri, o cümlədən regionun türk dövlətləri ilə münasibətlərə mühüm əhəmiyyət verir. Son illər Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə, region dövlətlərinin başçılarının isə Azərbaycana səfərləri müntəzəm xarakter alıb. Bu isə təbii olaraq ölkələrarası əlaqələrin inkişafına, yeni əməkdaşlıq imkanlarının yaranmasına gətirib çıxarıb. Azərbaycanın sıx, tarixi əlaqələrə malik olduğu türk dövlətlərindən biri də Özbəkistandır. Azərbaycan və özbək xalqları arasında tarixən ənənəvi dostluq və qardaşlıq əlaqələri mövcud olub. Ortaq tarixi, dini və mədəniyyəti bölüşən, eyni etnik kökə malik hər iki xalq arasındakı əlaqələr qədim dövrlərə gedib çıxır. Xüsusilə də, müstəqillik illərində iki qardaş ölkə arasında əlaqələrin inkişafında, dövlətlərarası münasibətlərin formalaşmasında ulu öndər Heydər Əliyevin və Özbəkistanın sabiq Prezidenti İslam Kərimovun müstəsna xidmətləri olub.

Bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycan-Özbəkistan münasibətləri yeni mərhələyə qədəm qoyub. Belə ki, Azərbaycan-Özbəkistan münasibətləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Ötən ilin bu günlərində ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyev işğaldan azad edilmiş Füzulidə olarkən səsləndirdiyi fikirləri ilə birliyimizi, həmrəyliyimizi dünyaya təqdim etdi. Azərbaycan Prezidenti İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin, xanımı Ziroatxon Mirziyoyevanın Füzuli şəhərində MİDA yaşayış kompleksində yeni evlərə köçürülmüş sakinlərlə görüşlərində o da qeyd edildi ki, bizim böyük Qarabağda əsrlər boyu davam edən birliyimiz var.“Əziz dostum və qardaşım İlham Əliyev ilə Qarabağa, Füzuliyə səfərim ürəyimdəki böyük arzularımdan biri idi. Bu Qələbə üçün qardaşımın çiyninə çətin vəzifələr düşdü. Amma bu vəzifələr onun ədaləti və həqiqəti bərpa etmək üçün göstərdiyi bütün səylərin nəticəsidir ki, qardaşım Qarabağda Qələbə qazandı. Bu Qələbəni ancaq Vətəninin böyük övladı, xalqını sevən belə müdrik Prezident qazana bilər. Belə bir Prezident qardaşımızın varlığından qürur duyuruq.”

Göründüyü kimi, tarixi Zəfərimiz bütün istiqamətlərdə, o cümlədən xarici siyasət sahəsində yeniliklərə yol açdı. Türk dünyasının birliyi daha da möhkəmləndi və bu həmrəyliyin gələcəyinə böyük inam formalaşdı. Türk dövlətlərini bir araya gətirən Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunun artmasına hər bir türk dövləti öz töhfəsini verməyə səy göstərir.

Azərbaycan Prezidenti İlham Əliyev türk dünyasını böyük ailə kimi dəyərləndirərək yeni dövrün yeni hədəflərini açıqlayarkən bu çağırışı etdi ki, bizim ailəmiz türk dünyasıdır. Biz özümüzü çox yaxşı hiss edirik. Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir: “Bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır. Bundan güclü birlik ola bilərmi? Əlbəttə ki, yox. Biz müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin. Buna biz ancaq birlikdə nail ola bilərik.”

Artıq bu birlik, həmrəylik hazırda işğaldan azad edilmiş ərazilərimizdə geniş miqyas alan bərpa-quruculuq işlərində özünün aydın ifadəsini tapır. Özbəkistan Prezidentinin təşəbbüsü ilə Füzulidə inşa olunan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılışı məhz Şavkat Mirziyoyevin ötən ilin avqustunda Azərbaycana dövlət səfəri çərçivəsində oldu.

Bir əsas məqamı da vurğulamaq istərdim ki, Azərbaycanla Özbəkistan arasında ikitərəfli münasibətlərin inkişafında dövlət başçılarının qarşılıqlı səfərləri xüsusilə böyük əhəmiyyətə malikdir. Prezident İlham Əliyevin ardıcıl səfərləri və həmin dövlətlərin başçılarının Azərbaycana səfərləri əlaqələrimizin genişlənməsini və strateji xarakter almasını şərtləndirir. Səfərlər zamanı imzalanan müqavilələr, sazişlər ölkələrimiz arasında münasibətlərin gələcəyini müəyyənləşdirir. Bir sözlə, Prezidentlərin qarşılıqlı səfərləri onu göstərir ki, hər iki tərəf münasibətlərin inkişafına böyük önəm verir.

Ən əsası isə, Özbəkistan ölkəmizin ərazi bütövlüyünün bərpası işində Azərbaycanı dəstəkləyən ölkələrdən oldu. Azərbaycan xalqı ən ağır dövrdə özbək xalqının qardaşlıq dəstəyini hiss etdi. Bütün bunlar Azərbaycan-Özbəkistan münasibətlərinin tarixində unudulmaz hadisələrdir.

Yeri gəlmişkən, Azərbaycan və Özbəkistanın dövlət başçıları iqtisadi tərəfdaşlığın möhkəmləndirilməsinə xüsusi önəm verir. Bu da hər iki ölkənin iqtisadi inkişafına təkan verməklə yanaşı, regional inkişafı da stimullaşdırır. Ticarət sahəsində əməkdaşlıq Özbəkistanla iqtisadi münasibətlərdə əsas istiqamətlərdəndir. Ötən il Özbəkistanla ticarət dövriyyəsinin həcmi 180 milyon ABŞ dollarına yaxın olub. Bu ilin ilk 5 ayında isə bu göstərici təqribən 70 milyon ABŞ dolları təşkil edib. Azərbaycanda sənaye, ticarət, nəqliyyat, tikinti, kənd təsərrüfatı və xidmət sahələri üzrə Özbəkistanın 90-dan çox şirkəti qeydiyyatdan keçib. Sənayeyə birgə investisiya qoyuluşu uğurlu əməkdaşlıq nümunələri yaradıb. Hacıqabul Sənaye Parkında birgə layihə çərçivəsində avtomobil istehsal edilir. Bu il iyulun 1-nə olan məlumata görə, əməkdaşlıq çərçivəsində 5300-dən çox “Chevrolet” avtomobili istehsal olunub. Bundan başqa, birgə pikap, yük maşını və avtobus istehsalı həyata keçirilir. Azərbaycanda pambıqçılıq və ipəkçilik klasterlərinin yaradılması istiqamətində uğurlu işbirliyi davam etdirilir. Regionlararası forumlar bu sahədə, eləcə də mədəni əlaqələrin daha da genişlənməsinə töhfə verir. Azərbaycan və Özbəkistanın nəqliyyat-tranzit sahəsində də böyük potensialı var.

İkitərəfli əməkdaşlığın digər perspektivli sahəsi enerji sektorudur. İki ölkənin şirkətləri - SOCAR və "Uzbekneftegaz" ASC Azərbaycan və Özbəkistanda neft yataqlarının birgə işlənməsi, neft-qaz sektorunda layihələrin həyata keçirilməsi və digər sahələrdə əməkdaşlıq edirlər. İki dost, qardaş ölkə arasında əlaqələrin təhlili fonunda belə bir əminlik də ifadə edilir ki, ölkələrimiz arasındakı qarşılıqlı etimada söykənən və əsrlərdir davam edən dostluq və qardaşlıq əlaqələri bundan sonra da inkişaf edəcək, xalqlarımızın rifahının yaxşılaşmasına xidmət göstərəcək. Səfər çərçivəsində keçirlən görüşlər, imzalanan sənədlər, həmçinin Bakı (Azərbaycan) ilə Daşkənd (Özbəkistan), Beyləqan (Azərbaycan) ilə Şəhrisəbz (Özbəkistan), Quba (Azərbaycan) ilə Cizak (Özbəkistan) şəhərləri arasında regionlararası əməkdaşlıq haqqında sənədlər və «Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə «Uzbekneftegaz» SC arasında Əsas Şərtlər Sazişi» imzalanıb.

İmzalanma mərasimindən sonra hər iki ölkə başçısı mətbuata bəyanatlarla çıxış ediblər. Bəyanat zamanı Prezident İlham Əliyev deyib: «Bu gün Özbəkistan təkcə regionda deyil, həm də dünya miqyasında sanballı siyasi nüfuza malik ölkəyə çevrilib. Biz buna səmimi-qəlbdən sevinirik. Özbəkistan ilk ölkədir ki, Prezidentin təşəbbüsü ilə bizə mənəvi dəstək olmaqla yanaşı, həm də azad olunmuş ərazilərin bərpasında kömək edib. Bir il əvvəl, avqustun 23-də biz Füzulidə Mirzə Uluqbəy adına 960 şagird üçün nəzərdə tutulan və münasibətlərimizin rəmzi olan, özbək qardaşlarımızın gözəl münasibətlərinin simvoluna çevrilən, həmçinin Şavkat Miromonoviçin Özbəkistanda həyata keçirdiyi standartlara uyğun məktəbin açılışında olduq. O, artıq Özbəkistanda çoxlu sayda belə məktəblər tikib və eynisini bizdə də inşa etdi. Artıq mənə məlumat veriblər ki, orada 500 şagird təhsil alır, amma tezliklə bu məktəbdə nəzərdə tutulduğu qədər şagird olacaq. Çünki keçmiş məcburi köçkünlərin qayıdışı prosesi uğurla davam edir".

Beləliklə, bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycan-Özbəkistan münasibətləri yeni mərhələyə qədəm qoyub və iki ölkə liderlərinin - Azərbaycan Respublikasının Prezidenti İilham Əliyev cənablarının Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin uzaqgörən siyasəti, qarşılıqlı səfərləri və mütəmadi təmasları nəticəsində artan templə inkişaf etməkdədir.Dövlət başçımızın dediyi kimi: «Əminəm ki, birgə səylərimizlə qardaş ölkələr və etibarlı tərəfdaşlar olan Azərbaycan ilə Özbəkistan arasında ənənəvi dostluq münasibətlərinin inkişafına, çoxşaxəli əməkdaşlığın genişlənməsinə, strateji tərəfdaşlığın daha da dərinləşməsinə nail olacağıq».

ZƏRİFƏ QULİYEVA,

YAP Veteranlar Şurasının üzvü, «Modern ailə və inkişaf» İctima Birliyin sədri

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
139
50
sesqazeti.az

10Mənbələr