AZ

Tədqiqat: Avropada əsrin sonuna qədər istilərlə bağlı ölüm hallarının sayı üç dəfə arta bilər

Tədqiqat:

Bakı, 22 avqust, AZƏRTAC

Avropada əsrin sonuna qədər istilərlə bağlı ölüm hallarının sayı üç dəfə arta bilər, üstəlik, bu rəqəm ən çox İtaliya, Yunanıstan və İspaniya kimi Cənubi Avropa ölkələrində qeyri-mütənasib şəkildə artacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Avropa alimlərinin “Lancet Public Health” nəşrində dərc edilmiş tədqiqatında deyilir.

Soyuqlar Avropada istilərlə müqayisədə daha çox ölüm hallarına səbəb olur və bəziləri iddia edirlər ki, iqlim dəyişmələri bu ölümləri azaltmaqla cəmiyyətə fayda verəcək. Lakin araşdırma göstərib ki, ölüm hallarının sayı havanın istiləşməsinə yavaş-yavaş reaksiya verəcək və onlar hətta arta bilər, çünki insanlar təhlükəli temperaturlara qarşı daha həssas olacaqlar.

Tədqiqatçılar belə qənaətə gəliblər ki, qlobal istiləşmə fəlakətli 3-4 dərəcəyə çatsa, bununla bağlı ölüm hallarının sayının artması onların soyuqdan azalmasını əhəmiyyətli dərəcədə üstələyəcək. İqlim dəyişmələri ictimai səhiyyə sistemləri üçün, xüsusilə də anomal istilər zamanı “görünməmiş problemlər” yarada bilər.

“Gözlənilir ki, iqlim istiləşdikcə və əhali qocaldıqca, istilərlə bağlı ölüm hallarının sayı daha çox artacaq, eyni zamanda, soyuqlarla əlaqədar onların sayı yalnız cüzi dərəcədə azalacaq”, - deyə Birləşmiş Avropa Komissiya Araşdırma Mərkəzinin nümayəndəsi, tədqiqatın həmmüəllifi Devid Qarsiya-Leon bildirib.

Temperatur sənaye dövründən əvvəlki səviyyədən 3 dərəcə Selsi yüksələrsə, istilər səbəbindən ildə 129 min insan həlak ola bilər. Bu gün istilərlə bağlı ölüm hallarının sayı Avropada 44 min təşkil edir.

Araşdırmada deyilir ki, hətta dünya liderləri qlobal istiləşmə üzrə 1,5 dərəcə Selsi hədəfinə nail olsalar belə, Avropada soyuq və istilər səbəbindən ölüm hallarının sayı bugünkü 407 min nəfərdən 2100-cü ildə 450 min nəfərə çata bilər.

Araşdırma bütün qitə boyunca xaos yayan yorucu istilik dalğaları silsiləsi fonunda meydana gəlib.

“Wellcome” xeyriyyə təşkilatında İqlim nəticələri və adaptasiya şöbəsinin rəhbəri Madlen Tomsonun sözlərinə görə, bu araşdırma iqlim dəyişməsi ilə mübarizədə kifayət qədər tez bir zamanda tədbir görə bilməyəcəyimiz təqdirdə çoxlu sayda insan həyatının risk altında olacağı barədə sərt xəbərdarlıqdır.

Tədqiqatçılar bütün qitə üzrə yüksək və aşağı temperaturlar səbəbindən ölüm hallarının sayını qiymətləndirmək üçün 854 şəhər üzrə məlumatları modelləşdiriblər. Onlar aşkar ediblər ki, istilər Avropanın bütün hissələrində daha çox insan həyatına son qoyacaq, lakin ən ağır yük İspaniya, İtaliya və Yunanıstan kimi Cənubi Avropa ölkələrinə, eləcə də Fransanın bölgələrinə düşəcək.

Onlar proqnozlaşdırırlar ki, qeyri-komfort temperaturlarla bağlı ölüm hallarının sayı 13,5 faiz artacaq.

Tədqiqatçılar hökumətləri xəstəxanalara sərmayə qoymaq və fəaliyyət planları yaratmaq kimi ölüm hallarının sayının azaldılması üzrə siyasəti nəzərdən keçirməyə çağırıb. Onlar vurğulayıblar ki, ölüm hallarının proqnozlaşdırılan artımı Avropa əhalisinin strukturunda və qitənin iqlimində baş verən dəyişikliklərlə şərtləndirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
15
azertag.az

10Mənbələr