AZ

Türk dünyasının ağır itkisi...

Azərbaycan ədəbiyyatının yaxın dostu, yazıçı Yaqub Öməroğlu vəfat edib

Nə qədər “olmaz” dediklərimizi oldurdu bu dünya, nə qədər “getməz” dediklərimizi aldı, apardı. Yoxluğunu xəyal belə etmədiyimiz, heç vaxt ağlımıza gətirmədiyimiz insanlara nekroloqlar yazdırdı, xatirələrimizi sətirlərə düzdürdü. İçimiz yana-yana, gözümüz qan yaş tökə-tökə...

Türk dünyasının böyük qızı, dəyərli ziyalı xanım, Türk ədəbiyyatı, mədəniyyəti üçün əvəzedilməz işlər görmüş mərhum millət vəkilimiz Qənirə Paşayevanın vəfatından bir il ötməmiş ikinci ağır itki ilə sınandı Türk dünyası... 

Bu dəfə ümumtürk ədəbiyyatının layiqli nümayəndəsi və təbliğatçısı, Avrasiya Yazarlar Birliyinin sədri, “Qardaş qələmlər” dərgisinin təsisçisi və baş redaktoru, tanınmış yazıçı Yaqub Öməroğlu amansız xəstəlikdən dünyasını dəyişdi. 

Avqustun 16-sı səhər saatlarında aldığımız bu acı xəbər təkcə öz ölkəsində Yaqub bəyi tanıyanları, sevənləri deyil, bütün Türk dünyasını yasa qərq etdi. Yaqub Öməroğlu türk sevdalı bütün könüllərə toxunan, millətçi ruhu, “bəy əfəndi” duruşu ilə bircə dəfə də olsa üz-üzə gəldiyi, kəlmə kəsdiyi hər kəsin sevgisini, sayğısını qazanmış şəxsiyyətdir.

Azərbaycan ədəbiyyatının yaxın dostlarından və təbliğatçılarından olan Yaqub Öməroğlu 30 ilə yaxındır ki, ədəbiyyatımızın Türkiyədə və ümumtürk məkanında tanıdılması və təbliği yönündə çox böyük işlərə imza atıb. 

Türkiyədə 200-dən çox azərbaycanlı müəllifin kitabının çap edilməsində Yaqub Öməroğlunun xüsusi əməyi olub. 2006-cı ildə onun təşəbbüsü və sədrliyi ilə yaradılan Avrasiya Yazarlar Birliyi tərəfindən 2017-ci ildə ilk dəfə Türkiyənin İstanbul şəhərində Türk Dünyası Gənc Yazarlar görüşü, ənənəvi olaraq təşkil olunan və bütün türkdilli ölkələri əhatə edən “Mahmud Kaşğarlı Beynəlxalq Hekayə Müsabiqəsi”, “Türk Dünyasında İlin Adamı”, “Türk Dünyası çevirmənləri”, “Türk dünyası ədəbiyyat dərgiləri” konfransları, dram yazarları arasında pyes müsabiqəsi və sair kimi Türk Dünyası ədəbiyyatının, mədəniyyətinin inkişafı üçün önəmli rol oynayan mühüm ədəbi-mədəni layihələr məhz Yaqub Öməroğlunun rəhbərliyi ilə həyata keçirilib. Birliyin təsis etdiyi və illərdir Türk dünyasının ən parlaq imzalarına verilən “İlin Ədəbiyyat Adamı” mükafatı xüsusi önəm kəsb edir. 2012-ci ildə həmin mükafata Azirbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar layiq görülüb.

Y.Öməroğlunun təsis etdiyi və baş redaktoru olduğu “Qardaş qələmlər” dərgisi Türk dünyasının yeganə ortaq ədəbi dərgisidir. Bu dərginin səhifələrində Azərbaycan ədəbiyyatının ən böyük nümayəndələrindən tutmuş gənc qələm sahiblərinə qədər istedadlı, dəyərli ədiblərin, şairlərin əsərləri çap olunub. Üç ildən çoxdur Yazı heyətinin Azərbaycan təmsilçisi olduğum dərgi eyni zamanda ədəbiyyatımızda, mədəniyyətimizdəki mühüm hadisələrə sonsuz diqqəti ilə də seçilir. Belə ki, tez-tez dərginin Azərbaycan ədəbiyyatına, ədəbiyyatımızın görkəmli nümayəndələrinə həsr olunmuş xüsusi sayları işıq üzü görürdü ki, burada da təkcə azərbaycanlı müəlliflərin deyil, bütün türk dünyasından müəlliflərin həmin yazıçı, şair haqqındakı yazıları yer alırdı. Yəni Yaqub Öməroğlu təkcə dərgini çap etməklə kifayətlənmir, həm də türkdilli xalqların bir-birini araşdırmasına, oxumasına, öyrənməsinə və öz düşüncə tərzi ilə şərh etməsinə yol açırdı. 

Avrasiya Yazarlar Birliyinin nəşriyyat və poliqrafiya qurumu olan “Bengü” Nəşrlər Evi məhz Yaqub Öməroğlunun rəhbərliyi ilə nadir çap məhsulları ilə türk dünyasının tarixini, mədəniyyətini, şəxsiyyətlərini tanıdaraq sevdirib. Sözügedən Nəşrlər evində Azərbaycanın onlarla tanınmış şair və yazıçılarının kitabları Türkiyə türkcəsinə tərcümə edilərək çap olunub. 

Təbii ki, ölkəmiz də ən yaxın dostu Yaqub Öməroğlunun fədakar əməyini görməzdən gəlməyib, hər zaman ən yüksək şəkildə dəyərləndirib. 2012-ci ildə Azərbaycan Yazıçılar Birliyinin ilk dəfə təsis olunan Bəxtiyar Vahabzadə Beynəlxalq Mükafatının ilk təltifçilərindən biri məhz Y.Öməroğlu olub.

Həmçinin, o, 2021-ci ildə Türkiyədə və ümumtürk dünyasında Azərbaycan ədəbiyyatına verdiyi dəyərli töhfələrə görə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Fəxri dostu” adına layiq görülüb. 

Mərhum yazıçının ilk hekayələr kitabı da məhz Azərbaycanda işıq üzü görüb. Azərbaycan Yazıçılar Birliyinin təşəbbüsü və dəstəyi ilə 2019-cu ildə “Qanun” nəşriyyatında işıq üzü görən “İki çinar” adlı kitabda Yaqub Öməroğlunun müxtəlif zamanlarda yazdığı hekayələri toplanıb. Kitab qısa müddətdə təkcə Azərbaycan və Türkiyədə deyil, ümumən Türk dünyasında böyük əks-səda yarada bilmişdi. Hər zaman yaradıcılığıma bir ustad kimi dəyər verən, imzamın Türk dünyasında tanınmasında əvəzsiz rolu olan Yaqub hocamızın ilk kitabının tərcüməçilərindən biri və redaktoru olmaq ona olan vəfa borcum idi. Bu məsuliyyətli işin mənə həvalə olunmasından hər zaman sevinc və qürur duymuşam. 

2020-ci ildə isə Yaqub Öməroğlunun təşəbbüsü ilə mənim müəllifi olduğum “Şahanənin nağılı” kitabım Türkiyə türkcəsinə tərcümə edilərək “Bengü” nəşriyyatında işıq üzü gördü. 

Əgər yaşasaydı 5 gündən sonra- avqustun 22-də Yaqub hocamızın 58 yaşı münasibəti ilə yazılar yazacaq, onu sosial şəbəkə hesablarımızdan təbrik edəcək, şübhəsiz, ona can sağlığı və uzun ömür arzulayacaqdıq. Nə yazıq ki, amansız xəstəlik bütün arzularımızı dilimizin ucunda, bütün diləkləri gözümüzdə qoydu. Ona nəinki uzun ömür qıydı, heç 58-ci yaşını da qarşılamağa imkan vermədi. Beş gün erkən zamanda yenə də Yaqub Öməroğludan yazırıq, amma içimiz yana-yana, qəlbimiz qan ağlaya-ağlaya vida yazısı kimi... Eh zalım fələk...

Tanınmış yazıçı, Ümumtürk ədəbiyyatının layiqli təbliğatçısı Yaqub Öməroğlunun işıqlı xatirəsi hər zaman qəlbimizdə yaşayacaq. Bu acı itki münasibəti ilə Yaqub bəyin ailəsinə, sevənlərinə, oxucularına və bütün Türk dünyasına başsağlığı veririk!

Allah rəhmət eləsin!

Şahanə MÜŞFİQ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
6
yeniazerbaycan.com

8Mənbələr