AZ

Nərgiz Absalamovaya ittiham ağırlaşdırılıb

Avqustun 16-da “AbzasMedia işi” üzrə istintaqa cəlb olunmuş jurnalist Nərgiz Absalamovaya qarşı yeni bir çox maddə ilə ittiham irəli sürülüb. Bu barədə məlumatı jurnalistin vəkili Şəhla Hümbətova yayıb. “Nərgiz Absalamovaya qarşı Cinayət Məcəlləsinin 192.3.2 (qanunsuz sahibkarlıq – xüsusilə külli miqdarda gəlir əldə etməklə törədildikdə), 193-1.3.1, 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma-mütəşəkkil dəstə tərəfindən xeyli miqdarda törədildikdə), 206.4 (qaçaqmalçılıq – mütəşəkkil dəstə tərəfindən törədildikdə), 213.2.1 (vergiləri ödəməkdən yayınma – mütəşəkkil dəstə tərəfindən törədildikdə), 320.1 və 320.2-ci (sənəd saxtalaşdırma və saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb”, – vəkil qeyd edib. Yeni ittihamlarla şəxsə 12 ilə qədər həbs cəzası verilə bilər. Hələlik, vəkilin açıqlamasına istintaqı aparan Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. N.Absalamova ötən il noyabrın 30-da “AbzasMedia işi” üzrə ikinci dəfə Bakı şəhər Baş Polis İdarəsində dindiriləndən sonra saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qrup halında qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb və barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib. Sonradan bu müddət iki dəfə uzadılıb. O, ittihamları qəbul etmir. Əvvəlki maddə ilə isə şəxsə maksimum 8 il cəza nəzərdə tutulur. Ötən ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 20 civarında jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Onların əvvəlcə çoxu “AbzasMedia işi” ilə əlaqəli olub. Həmin işdə öncə saytın direktoru Ülvi Həsənli, əməkdaşı Məhəmməd Kekalov, baş redaktoru Sevinc Vaqifqızı həbs edilib. Daha sonra bu işə aid həbslər jurnalistlər Hafiz Babalı, Nərgiz Absalamova və Elnarə Qasımova ilə davam edib. Amma onlar ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifariş ilə izah edirlər. Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında 250-300 siyasi məhbus var. Rəsmilər isə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslar ilə həbs edilmir. AzadlıqRadiosu

Seçilən
57
2
xural.com

3Mənbələr