AZ

Nazirin vəzifə verdiyi keçmiş komissara hökm oxundu: "Beş min manatın acı deyiləm"

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) İsmayıllı Regional Meşə Təsərrüfatı Mərkəzinin sabiq direktoru Rəsul Quliyev barəsində məhkəmə qərarı çıxarılıb.

"Qaynarinfo"nun məlumatına görə, 1964-cü ildə Ağcabədi rayonunun Qaravəlli kəndində doğulmuş Rəsul Quliyev Cinayət Məcəlləsinin 311.1-ci maddəsi ilə (rüşvət alma) ittiham olunub. Daha sonra ona qarşı açılan cinayət işi Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə (vəzifə səlahiyyətlərindən sui-istifadə) dəyişdirilib.

Məlumata görə, Rəsul Quliyev 14 sentyabr 2023-cü il tarixli ərizə ilə mərkəzə müraciət edən Sabirabad rayon sakini, arıçılıq təsərrüfatı ilə məşğul olan Əli (Faiq) adlı şəxsdən 5 000 manat rüşvət tələb edib. Sabiq direktor bu məbləği İsmayıllı rayonunun Xanəgah kəndində yerləşən inzibati binasındakı xidməti otağında alıb və qarşılığında Əliyə İsmayıllı-Qəbələ magistral yolunun ətrafında, meşə fonduna aid olan bir hektar sahədə arıçılıq təsərrüfatı yaratmaq üçün şərait yaradıb.

Rəsul Quliyev fermerə sənədləri təqdim edərkən aldığı 5 000 manata görə bu sözləri də deyib: "Mən o işə gedən adam deyiləm. Özüm də polkovnikəm, 30 il də rəis işləmişəm. Kifayət qədər imkanım da var. Bu qanuni sənəddir, başımla da cavabdehəm".

Məhkəmənin qərarı ilə Rəsul Quliyev Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə təqsirli bilinərək 4 000 manat məbləğində cərimə edilib. Onun ev dustaqlığında olduğu 7 ay 18 gün müddət nəzərə alınaraq cərimə məbləği 3 000 manata endirilib. Rəsul Quliyev barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinə dəyişdirilib. Xidməti otağında 30 oktyabr 2023-cü ildə aparılmış baxış zamanı üzərindən götürülmüş 1 000 manat məbləğində pul ona qaytarılıb.

Qeyd edək ki, Rəsul Quliyev polkovnik rütbəsində Oğuz, Şəki, Şirvan, Kəpəz və Masallı rayon hərbi komissarı vəzifəsində çalışıb. O, 2022-ci ilin iyun ayında nazir Muxtar Babayevin əmri ilə İsmayıllı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru təyin edilib. Onun Ali Məhkəmənin sabiq sədri Ramiz Rzayevin qaynı, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimovun həmkəndlisi və yaxın dostu olduğu bildirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
108
4
seher.media

10Mənbələr