AZ

Polad Bülbüloğlunun rəqibi Bəxtiyar Əliyevi tənqid etdi: "Dəhşətli problemlər var..."

Məlum olduğu kimi, 1 sentyabrda Milli Məclisə keçiriləcək növbədənkənar parlament seçkilərinin təşviqat kampaniyası davam edir. 

 
Pravda.az xəbər verir ki, maraqlı namizədləri ilə diqqət çəkən seçki dairələrindən biri 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsidir. 
 
Belə ki, sözügedən dairədə 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6-sı bitərəfdir. Dairənin ən güclü rəqibləri bitərəf mövqedə dayananlardan Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu, tanınmış professor Mübariz Əliyev, YAP təmsilçisi Leyla Babışova və müxalifyönlü Azad Vətən Partiyasının sədri Akif Nağıdır. 
 
124 saylı seçki dairəsindəki hazırkı vəziyyəti öyrənmək üçün əməkdaşımız A.Nağı ilə əlaqə saxlayıb. 
 
A.Nağı bildirib ki, seçki kampaniyasını normal şəkildə aparır: "Ötən şənbə-bazar bölgələrdə olduq. Şamaxı, İsmayıllı, Şəki, Mingəçevir, eyni zamanda ətraf rayonlardan nümayəndələri dəvət etdik, onlarla da görüşdük. Oğuz, Qax, Qəbələ, Zaqatalanı da əhatə etdik. Bir gün ərzində bu bölgələrdə görüşlərimiz keçirildi. Səhəri gün isə Ağdam, Bərdə, Tərtər, Ağcəbədi istiqamətində görüşlər keçirdik. İstəyirik ki, seçki kampaniyası ədalətli olsun. Hələ ki bir maneə, təzyiq ilə rastlaşmamışıq. Sərbəst qaydada insanlarla görüşdük. Hətta məcburi köçkünlərin məskunlaşdıqları yerləri tapmaq üçün köməklik də edirlər”. 
 
A.Nağı köhnə deputatların dövründə həllini tapmayan problemlərə də diqqət çəkib: “Ən ağır problemlərdən biri Şamaxıdadır. Keçmiş məcburi köçkünlər köhnə ikimərtəbəli binada məskunlaşıblar. Bərbad vəziyyətdədir. Kanalizasiya evlərin içinə axır. Deyiblər ki, torpaqlar azad olunub, gedəcəksiniz. Axı bilinmir, bu insanlar o binada bir, ya üç ay qalacaqlar. Ağdamın, Şuşanın köçkünləridir. Ora müdaxilə edən yoxdur. Ağcəbədi ərazisində Ergi deyilən yer var. Orada keçmiş məcburi köçkünlərin məskunlaşdıqları yerə gedənə kimi 7-8 kilometrlik yoldur, özlərinə koma düzəldiblər. Digər dairədən olan namizəd Akif Mərzili də həmin bölgəyə gedib məsələni qaldırıb. Yol elə bir vəziyyətdədir ki. Ağcəbədinin hər yerini gəzdim, bu cür şərait görməmişəm. Müraciət etdim, insanlarla görüşdüm və dedim ki, üzr istəyirəm, amma bunu deməliyəm, uzunqulağı bu yola bir dəfə salsan, ikinci dəfə getməyəcək. 20 ildən artıqdır, belə şəraitdə yaşayırsınız, niyə keçmiş deputatınızdan tələb etmirsiniz? Səhv etmirəmsə, həmin dairənin deputatı Bəxtiyar Əliyev (Hazırda 119 saylı Ağdam seçki dairəsindən deputatlığa namizəddir-red) olub. Dəhşətli problemlər var. İşsizlik insanları həddən artıq əzir. İşlə bağlı müraciət ediblər, hər dəfə rədd cavabı alıblar. Keçmiş məcburi köçkünlərin məskunlaşdıqları ərazilərə rayon icra hakimiyyətləri fikir vermir, yardım göstərmirlər. Problemlər ortadadır. Milli Məclisin üzvləri də bu məsələdə fəal iştirak etməlidirlər. Ən çox eşitdiyim söz bu oldu - deputatlarımızı görmürük, 10-15 ildir, deputatımız var, seçki kampaniyasına da gəlmirlər, deyirlər ki, bizi siz seçmirsiniz, niyə gəlirik ki? Parlamentə özümüz düşmüşük. Kimlərinsə vasitəsi ilə... Bu, ən geniş yayılmış bir mövqedir. Parlament haqqında çox mənfi  fikir, inamsızlıq yaradır ki, bizim səsimizdən heç nə asılı deyil. İnsanlar arasında ən geniş yayılmış fikirlərdən biri də budur. Deputatlar heç bir halda seçicilərlə görüşmürlər, nə dinləmirlər, nə də qəbul etmirlər. Hər yerdə deputatları ən ağır sözlərlə lənətləyirlər”. 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
50
yenilik.az

10Mənbələr