AZ

Bakının bəzi ərazilərində dayanacaq problemi: "Sürücülər sərnişinləri bir-bir yol kənarından götürür"

Paytaxt Bakıda və şəhərətrafı qəsəbələrə hərəkət edən bəzi avtobusların əksəriyyətindən sərnişinlər ciddi narazılıq edir. Sərnişinlər bəzi avtobusların köhnə olması ilə yanaşı dayanacaqdan kənarda saxlamaq, sürətli sürmək, sürücünün sərnişinlərlə kobud rəftarı və sükan arxasında siqaret içmək kimi problemlərlə qarşılaşdıqlarını bildirilər. 

Bəs bu problemlərin qarşısı niyə alınmır?

Məsələ ilə bağlı  “Operativ Media”ya açıqlama verən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov sərnişinlərə belə hallarlla qarşılaşdıqda  AYNA-nın 141 Çağrı Mərkəzinə müraciət edə biləcəklərini qeyd edib:

“Avtobusu dayanacaqdan kənar saxlama məsələsinə gəlincə, daşıyıcılara sərnişindaşama qaydalarına riayət etməyə, sərnişinlərin bilavasitə dayanacaq məntəqələrində mindirib-düşürdülməsi ilə bağlı tapşırıq verilib.

Sərnişinlər avtobuslarda rastlaşdıqları müxtəlif hallarda hüquq mühafizə orqanlarına, eləcə də AYNA-nın 141 Çağrı Mərkəzinə müraciət edə bilərlər. Bundan əlavə Agentliyin bütün sosial şəbəkə platformaları üzərindən də müraciət etmək mümkündür”.

Məsələ ilə bağlı “Operativ Media”ya danışan nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, sürücü 50 qəpiyə görə, harada istəsə avtobus saxlaya bilməz:

“Sürücünün dayanacaqdan kənarda saxlaması inzibati qayda pozuntusudur. Bunu texniki vasitələr ilə qeydə almaq olar. Avtobuslara xüsusi kameralar quraşdırılacaq. Bu kameralar vasitəsi ilə nəzarət mümkün olacaq. Aidiyyatı qurumlar bu prosesi çox yaxşı formada təşkil edə bilərlər. Sürücülərin prinsipi olmalıdır. Sürücü 50 qəpiyə görə, harada istəsə avtobus saxlaya bilməz”.

Bakının bəzi qəsəbələrində dayanacaqlar yoxdur:

“Məsələnin digər tərəfi də var. Vətəndaş bəzi ərazilərdə avtobus dayanacağı tapa bilmir. Həm Bakıda, həm də Bakı ətrafı bəzi ərazilərdə ümumiyyətlə avtobus dayanacağı yoxdur. Heç dayanacağın harada olacağı məlum deyil. Vətəndaş evdən çıxıb, yolun kənarında gözləyir. Avtobus sürücüsü də onları bir-bir yol kənarından götürür. Hazırda Bakının bəzi qəsəbələrində vəziyyət bu formadadır. İnsanlar bu formada “daşınır”. Belə halda avtobus sürücüsünü qınamaq da olmur. Dayanacaq müəyyənləşdirilsin ki, vətəndaşda orada dayansın. Sürücü də deyə bilsin ki, “mən dayanacaqdan başqa bir yerdə dayanmayacağam”. Bunu sadəcə təşkil etmək lazımdır. İndi bu barədə heç nə demək olmur. Çünki, bu tam şəkildə təşkil olunmayıb”.

Sürücülərin sükan arxasında siqaret çəkməsinə toxunan nəqliyyat eksperti Aslan Əsədov bildirib ki, sürücünün məsuliyyəti yoxdursa, cərimə 2000 manat olsa da fayda olmayacaq:

“Bu mövzu çox aktualdır. Sərnişin daşımaq ilə məşğul olan, nəinki avtobus sürücüləri, digər şəxslər də hərəkətdə olan zaman siqaretdən istifadə etməməlidir. Sükan arxasında tütün məhsullarından istifadə yolverilməzdir. Bu şəxslər gün ərzində nə qədər siqaret çəkirlər? Sürücülərin sükan arxasında siqaret çəkməsi, sərnişinləri də zəhərləyir.

Avtobuslarda siqaret çəkmənin cəriməsi 40,50,100 manat ətrafında müəyyən olunub. Bütün problemləri polis və ya qanunla yerinə yetirmək olmaz. Hər bir şəxsin vətəndaşlıq məsuliyyəti olmalıdır. Sürücü dərk etməlidir ki, o, sükan arxasında siqaret çəkdiyi zaman neçə insanı zəhərləyir. Sürücü müəyyən dərəcədə siqaretdən asılı ola bilər. Amma bu onun siqaret çəkməsinə əsas vermir.  Bu kimi hallar yolverilməzdir. Əgər sürücünün məsuliyyəti yoxdursa, cərimə 2000 manat olsa da fayda olmayacaq”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
50
operativmedia.az

10Mənbələr