AZ

Qvardiola Edersonun “Mançester Siti”ni tərk etməyəcəyini təsdiqlədi

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola braziliyalı qapıçı Edersonun “şəhərlilər”in düşərgəsini tərk etməyəcəyini təsdiqləyib.

Arena.az məşhur italyan jurnalist-insayder Fabritsio Romanoya istinadən, ispan mütəxəssisin bu barədə məlumatını təqdim edir:

“Ederson və Ştefanın (qapıçı Ştefan Orteqa – redaktorun qeydi) qalması böyük rahatlıqdır. Edersonun siması, onun sabitliyi… Onun qalmasına həqiqətən şadam”, deyə Qvardiola bildirib.

Daha əvvəl mətbuatda, Edersonla “Əl-Nəsr” və “Əl-İttihad”ın maraqlandığı barədə məlumat yayılmışdı.

Ederson Moraes “San Paulo”nun yetirməsidir. Avropada “Benfika”nın heyətində diqqət çəkən braziliyalı qapıçını “şəhərlilər” 2017-ci ilin iyulunda 40 milyon avro məbləğ müqabilində öz düşərgəsinə qatıblar. Edersonun “Mançester Siti” ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Geridə qalmış 2023/2024-cü illər mövsümündə Ederson “Siti”nin heyətində bütün yarışlarda 43 oyuna çıxıb, 34 qol “yeyib”, 16 oyundan “quru” qurtulub. Braziliyalı qapıçının “şəhərlilər”in heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 332 oyun, 257 buraxılmış qol, 155 “quru” oyun.

Ederson “Mançester Siti” ilə bütün mümkün klub yarışlarında qələbə qazanıb. Braziliyalı qapıçı “şəhərlilər”lə İngiltə Premyer Liqasının 6 qat, İngiltərə Kubokunun 2 qat, İngiltərə Liqa Kubokunun 4 qat, İngiltərə Super Kubokunun 2 qat, Çempionlar Liqasının, UEFA Super Kubokunun, FIFA Klub Dünya Kubokunun qalibi olub. Edersonun həmçinin “Benfika” ilə 2 qat Portuqaliya çempionluğu, Portuqaliya Kubokunda, Portuqaliya Liqa Kubokunda, Portuqaliya Super Kubokunda qalibiyyətləri var.

Ederson Moraes 2017-ci ilin oktyabrında debüt etdiyi Braziliya yığmasının heyətində 25 oyuna 18 qol buraxıb, 12 təmiz oyun keçirib. Məsələ burasındadır ki, Ederson “selesao”nun heyətində “Liverpul”un qapıçısı Alisson Bekerin əvezedici rolunda çıxış edib. Buna rəğmən, Ederson Braziliya millisi ilə 2019 Amerika Kubokunun qalibi olub.

“Transfermarkt” internet-portalı 30 yaşlı qapıçının transfer dəyərini 35 milyon avro məbləğində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
1
arena.az

2Mənbələr