AZ

Yerli istehsal kərə və zeytun yağı gətirilmə yağlardan az qala bahadır...

Image

Azərbaycanda həm kərə yağının, həm də zeytun yağının qiyməti artıb. Qiymət artımı daha çox yerli istehsal məhsullarda özünü göstərir.

Məlumat üçün bildirək ki, 2024-cü ilin yanvar-may aylarında Azərbaycanda 11335,1 ton kərə yağı istehsal olunub. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə cüzi - 1,7 faiz artım deməkdir. 1 iyun tarixinə anbarlarda hazır məhsul qalığı 44,9 ton təşkil edib. 

Kərə yağı ilə yanaşı, zeytun yağı da daxildə istehsal olunur. O da bəllidir ki, Azərbaycan zeytunçuluq təsərrufatının inkişafı ilə məşhurdur. Buna baxmayaraq, ölkəmizə adıçəkilən məhsul idxal olunur. Onu da qeyd edək ki, yerli zeytun yağının qiyməti xaricdən idxal olunan eyni adlı məhsulla müqayisədə bahadır. 

Akif Nəsirli: “Yağ qiymətlərinin yüksək olması yerli istehsalın az olması ilə bağlıdır” 

Aqrar sahə üzrə ekspert Akif Nəsirli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Azərbaycanda kərə və zeytun yağı az istehsal olunur. Yağ qiymətlərinin yüksək olması yerli istehsalın az olması ilə bağlıdır: “Azərbaycanda zeytun yağları çox az miqdarda istehsal olunur. Çünki bizim potensialımız çox azdır. Hazırda yerli istehsal olan zeytun yağlarının böyük əksəriyyəti yarımfabrikat şəklində idxal edilir və o yağlara da digər qarışıq ucuz yağların qarışdırılması ehtimalı az deyil.  Soyuq sıxılmış təmiz zeytun yağı 20 manatdır. Daha ucuz satılanlar isə, adı zeytun yağı olsa da, tərkibi fərqlidir”.

Ekspert onu da əlavə etdi ki, idxal kərə yağının orta hesabla gömrük qiyməti təxminən 9 manatdır. Ancaq Azərbaycanın daxilində ən yaxşı, keyfiyyətli kərə yağları 20 manatdan bahadır: “Onu da nəzərə almaq lazımdır ki, kərə yağlarının böyük əksəriyyəti ölkə daxilində qablaşdırılır. Qablaşdırılma zamanı bu məhsulların tərkibinə arışıq yağların əlavə edilməsi də ehtimal edilir. Bəllidir ki, bir çox xarici markalar, çox təəssüf ki, Azərbaycanda qablaşdırılır. Qablaşdırılarkən həmin yağlara böyük miqdarda palma və marqarin əlavə edilir. Çox təəssüf ki, Azərbaycanda palma yağlarından geniş şəkildə istifadə edilir. Ən yaxşı halda palmadan istifadə edilən yağlara “sert yağlar” deyilir. Əslində isə o yağlar “sert”, yəni qarışıq deyil. Onların tərkibinin 90 faizi palma yağıdır”.

Kamran Məmmədli: “Azərbaycanın idxaldan asılılığı azaltmaması fonunda bəzi qida məhsullarının qiymətindəki qeyri-sabitlik davam edəcək” 

Iqtisadçı ekspert Kamran Məmmədli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, hazırda kərə yağını idxal etmək iqtisadi cəhətdən daha səmərəlidir: “Azərbaycanın hər zaman kərə yağı ilə bağlı idxaldan ciddi asılılığı var idi. Biz heç vaxt özümüzü kərə yağı ilə təmin etməmişik. Rusiya-Ukrayna müharibəsindən sonra idxaldan asılılıq artdı. Çünki heyvan yeminin qiyməti kəskin şəkildə artdı. Digər tərəfdən, ölkədə süd istehsalı ciddi şəkildə azalıb. Yemin qiyməti bahalaşıb, südün qiyməti artır. Yerli emal təsərrüfatları rəqabətə dözümlü olmur, məcbur qalıb istehsal həcmlərini azaldırlar. Belə-belə fermerlər müflis olur, təsərrüfatlarını bağlayırlar.

Ümumiyyətlə, idxaldan asılı olan istənilən qida məhsulunun hər an qiyməti bahalaşa bilər və bu, normal haldır. İdxaldan asılılığın yüksək olması daxili bazarın inkişafına mane olur. Ona görə də inflyasiya ilə mübarizə çərçivəsində yerli istehsalın lokallaşdırılmasına və effektiv mexanizmlərdən istifadəyə imkan yaradılması əhəmiyyətlidir. Azərbaycanın idxaldan asılılığı azaltmaması fonunda bəzi qida məhsullarının qiymətindəki qeyri-sabitlik davam edəcək. Ölkəmiz çalışmalıdır ki, yerli istehsal daha çox inkişaf etsin".

Günel CƏLİLOVA





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
115
50
baki-xeber.com

10Mənbələr