AZ

“Xaliq Faiqoğlu” avtobuslarda qanunsuz reklam yerləşdirdiyi üçün məhkəməlik oldu


Bakıda fəaliyyət göstərən aparıcı daşıyıcı şirkətlərdən olan “Xaliq Faiqoğlu” MMC  (VÖEN – 1003285511) barəsində İnzibati Xətalar Məcəlləsinin 428.5-ci maddəsi ilə inzibati protokol tərtib edilib.
Yeniavaz.com
xəbər verir ki, “Xaliq Faiqoğlu” MMC barəsində tərtib olunan protokola 20 avqust tarixində Nəsimi Rayon Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə baxılacaq.
Məlumat üçün bildirək ki, İnzibati Xətalar Məcəlləsinin 428.5-ci maddəsində müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan nəqliyyat vasitələrində reklamın yayılmasına görə məsuliyyət nəzərdə tutulur.
Qeyd edək ki, nizamnamə kapitalı 50 manat olan “Xaliq Faiqoğlu” MMC 2006-cı ildə dövlət qeydiyyatına alınıb. Paytaxt ərazisində 18, 61, 65, 79, 85, 96 saylı marşrut xətlərinə sahib olan “Xaliq Faiqoğlu” MMC-nin uzun müddət dövlət büdcəsinə böyük həcmdə vergi borcu olub. Hazırda isə “Xaliq Faiqoğlu” MMC-nin 116 min 834 manat 5 qəpik vergi borcu var. Bu şirkətə rəhbərlik edən Seyidov Faiq Sadıq oğlu eyni zamanda “Xaliq Faiqoğlu” MMC-nin tabe olduğu “Safa Holdinq”ə də rəhbərlik edir. “Xaliq Faiqoğlu”ndan başqa “Safa Holdinq”in tərkibində “Safa Plaza”, “Safa Beauty and Spa”, “Safa Restoran”, “Safastore” və “Safa İnşaat” da fəaliyyət göstərir.

Elnur Əli
Seçilən
28
4
yeniavaz.com

5Mənbələr