AZ

Dünya idmançıları Olimpiya Oyunlarında qızıl, gümüş və bürünc medala görə nə qədər pul mükafatı alırlar?

2024-cü il Olimpiadası təkcə idmançılar və yay idman növlərinin biliciləri üçün deyil, bütövlükdə dünya üçün möhtəşəm hadisədir. Olimpiada ətrafında baş verən hadisələr də geridə qalmır. Parisdəki oyunların qalmaqallı açılışı böyük səs-küyə səbəb oldu.

Olimpiadada qalib olmaq inanılmaz uğurdur. Amma futboldan fərqli olaraq, bu uğur heç də həmişə çoxlu sıfırları olan məbləğlərlə mükafatlandırılmır. Bəziləri düşünürlər ki, bütün idmançılar böyük pullar üçün oyunlara gedirlər və orada amfiteatr arenasında qladiatorlar kimi döyüşürlər. Xeyr, bu, belə deyil.

Olimpiadaçıların üçüncü, ikinci və birinci yerlərə görə hansı mükafatlar aldığını, Paris Olimpiadası haqqında digər maraqlı faktları, eləcə də idmançıları başqa hansı mükafatların gözlədiyini aşağıdakı yazıda öyrənə bilərsiniz:

Qızıl, gümüş və ya bürünc medal idmançının mükafat alacağına zəmanət vermir

Əslində, idmançının qızıl, gümüş və bürünc medal alması heç bir əlavə mükafata zəmanət vermir. Məsələ burasındadır ki, Beynəlxalq Olimpiya Komitəsi (BOK) rəsmi olaraq pul mükafatı vermir, ona görə də bu, Olimpiadaçının hansı ölkədən olmasından asılıdır.

Olimpiadadan əldə olunan gəlirlər hara gedir?

BOK pul mükafatı əvəzinə gəlirinin 90 faizini milli olimpiya komitələri və beynəlxalq federasiyalar vasitəsilə bölüşdürür. Yəni, Olimpiya Komitəsi demək olar ki, gəlirlərinin çoxunu yarış iştirakçılarının ölkələrinə göndərir.

BOK-un Paris Olimpiadası ilə bağlı rəsmi açıqlamasını təqdim edirik:

“Hər gün 4,2 milyon dollar dünyanın bütün səviyyələrində idmançılara və idman təşkilatlarına kömək üçün gedir. Hər bir Beynəlxalq İdman Federasiyası (BİF) və Milli Olimpiya Komitəsi (MOK) öz idmançılarını ən yaxşı şəkildə necə mükafatlandıracaqlarını və prioritet idman növlərini qlobal miqyasda necə inkişaf etdirəcəklərini müəyyən etməkdə məsuldur.

Bütün idmançılara (bütün ölkələrə deyil) qələbələrə görə pul ödənilmir

Paris Olimpiya Oyunlarında 206 ölkə iştirak edir, lakin yalnız 33-ü qazandıqları medallara görə olimpiadaçılarına pul mükafatı ödəyəcəklərini rəsmən təsdiqləyib.

Bu qrupda 15 ölkə və ərazi fəxri kürsüdə birinci yeri tutan idmançılara 100 min dollardan çox pul ödəyəcəklərini bildirib.  Onların siyahısı belədir:

Honq Konq - 768 min dollar.

İsrail - 275 min dollar.

Serbiya - 218 min dollar.

Malayziya - 214 min dollar.

İtaliya - 196 min dollar.

Litva - 182 min dollar.

Moldova - 171 min dollar.

Latviya - 155 min dollar.

Macarıstan - 154 min dollar.

Bolqarıstan - 139 min dollar.

Ukrayna - 125 min dollar.

Kosovo - 120 min dollar.

Estoniya - 109 min dollar.

Çexiya - 103 min dollar.

İspaniya - 102 min dollar.

Bəs ABŞ olimpiya çempionları medallarına görə nə qədər mükafat alırlar?

ABŞ Olimpiya və Paralimpiya Komitəsi amerikalı idmançılara qızıla görə 37,5 min dollar, gümüşə görə 22,5 min dollar, bürünc üçün isə 15 min dollar ödəyir.

Orada Paralimpiya mükafatçıları 2018-ci ilə qədər, komitə “PyeongChang” Oyunlarında medal qazanan 36 idmançıya bərabər mükafat vermək qərarına gələnə qədər bərabər məbləğdə mükafat almırdılar.

Qələbələrə görə hansı ölkə ən çox pul ödəyir?

Bu, Sinqapurdur. Onların Olimpiya Komitəsi medalçılara qazandıqları idman növündən asılı olaraq altı rəqəmli məbləğ təklif edir. Qızıl medal qazananlar fərdi yarışlar üçün 1 milyon dollar, komanda yarışları (gimnastika, yüngül atletika və s. kimi ümumi yarışlar) üçün 1,5 milyon dollar və komanda idman növləri (futbol, ​​voleybol, basketbol və s.) üçün 2 milyon dollar alırlar.

Gümüş medal qazananlar isə fərdi yarışlar üçün 500 min dollar, komanda yarışları üçün 750 min dollar və komanda idman növləri üçün 1 milyon dollar mükafat qazanırlar.

Bürünc medalçılara fərdi yarışlar üçün 250 min dollar, komanda yarışları üçün 375 min dollar və komanda idman növləri üzrə 500 min dollar mükafat verilir.

Bununla belə, qaliblər qazandıqları mükafatın 20 %-ni idmanın inkişafına, gənc və yeni idmançıların yetişdirilməsinə sərf etməlidirlər.

Malayziyalı idmançıların Olimpiadada iştirakına görə mükafatlar bir qədər fərqlidir

İdman sahəsində belə hesab edirlər ki, Olimpiadaya vəsiqə qazanmısansa, artıq qalibsən! Malayziyalı idmançılar üçün isə Olimpiya Oyunlarına getmək çox dəyərlidir. Məsələ burasındadır ki, yarışlarda iştiraka görə bütün olimpiyaçılara ayda təxminən 400-1100 dollar ömürlük təqaüd verilir.

Parisdə qızıl medal qazanan istənilən malayziyalı idmançı həm də xarici istehsal olan avtomobillə mükafatlandırılacaq.

Qazaxıstanlı idmançılara qələbələrə görə mənzillər veriləcək

Qazaxıstan Olimpiya və Paralimpiya mükafatçılarını mənzillərlə mükafatlandırır. Medalın dəyəri nə qədər yüksəkdirsə, mənzil də bir o qədər böyükdür. Qızıl medalçılara üçotaqlı mənzil, gümüş medalçılara ikiotaqlı mənzil, bürünc medalçılara birotaqlı mənzil verilir.

Ancaq bir neçə medal almaq bir neçə mənzil almaq demək deyil. Mənzil yalnız bir dəfə verilir.

Yeni Zelandiya atletlərinin mükafatı

Bu ölkədə qızıl medal qazananlara illik 40 min dollar mükafat verilir. Ödəniş 4 il, yəni növbəti Olimpiya Oyunlarına qədər etibarlıdır.

İngiltərədə Olimpiya medalçıları üçün xüsusi mükafatlar yoxdur

Böyük Britaniya Olimpiya medalları üçün xüsusi bonuslar təklif etmir. Lakin o, hər il Olimpiya və Paralimpiya oyunlarına 125 milyon funt sterlinq (162 milyon dollar) hökumət və lotereya fondu ayırır. Bunun bir hissəsi idmançılar üçün illik təqaüdlərə yönəlir.

Böyük Britaniyanın Olimpiya mükafatçıları məşq etmək və yarışmaq üçün ildə 36 min dollar təqaüd alırlar. Komanda Olimpiya və Paralimpiya iştirakçıları da illik fərdi inkişaf mükafatları alırlar.

Beynəlxalq Atletika Federasiyaları Assosiasiyası (IAAF) 48 atletika növündə qızıl medal qazanan idmançılara 50 min dollar ödəyəcək

Bu, bütün Olimpiada qaliblərinə pul mükafatı verən tarixdə ilk beynəlxalq federasiyadır. Bu barədə Dünya Atletika Federasiyasının (WALF) prezidenti Sebastyan Koe deyib: “Olimpiya qızıl medalçıları üçün pul mükafatlarının tətbiqi Beynəlxalq Atletika Federasiyaları Assosiasiyası və bütövlükdə atletika üçün dönüş nöqtəsidir. Bu addım idmançıları gücləndirmək öhdəliyimizi vurğulayır”.

Ödəniş 2,4 milyon dollarlıq mükafat fondundan gəlir. Bu vəsait Dünya Atletika Federasiyasının Beynəlxalq Olimpiya Komitəsindən (BOK) əldə etdiyi gəlirin bölüşdürülməsindən edilir.

Açıqlamada aydınlıq gətirilib ki, yalnız Parisdə Olimpiya çempionları 50 min dollar məbləğində mükafatlar alacaqlar. Bununla belə, Federasiya 2028-ci il Los-Anceles Olimpiadasında gümüş və bürünc medal qazananları maddi həvəsləndirmək öhdəliyini qeyd edir.

Yeri gəlmişkən, bu, müasir Olimpiya Oyunlarının 128 illik tarixində ilk dəfədir ki, beynəlxalq idarəetmə orqanı idmançılara birbaşa ödəniş edəcək. Təşəbbüs həqiqətən öz növündə ilk və unikaldır.

Beynəlxalq Boks Assosiasiyası da qaliblərə pul mükafatı ödəməyi öhdəsinə götürüb

Eyni şəkildə, Beynəlxalq Boks Assosiasiyası Paris Olimpiadasında boks üzrə medal qazananları mükafatlandırmağı öhdəsinə götürdü: qızıla 100 min dollar, gümüşə 50 min dollar və bürünc medal üçün 25 min dollar. 7-si kişi, 6-sı qadın olmaqla 13 əsas çəki kateqoriyasında ümumi mükafat fondu 13 milyon dollardan artıqdır. Bundan əlavə, 1/4 finalda 5-ci yeri itirənlərin hər biri 10 min dollar alacaq və ümumi mükafat fondunu 3,1 milyon dollara çatdıracaq və bu pul 100-dən çox boksçuya paylanacaq.

BBA-nın baş katibi və baş icraçı direktoru Kris Roberts deyib: “Biz beynəlxalq federasiyaların öz çempionları ilə necə rəftar etməsinə dair bariz nümunə göstəririk. Bu, beynəlxalq idman mühitində nadir halda rast gəlinən real dəstəkdir. Biz boksçularımızı dəstəkləmək və onları zəhmət və fədakarlıqlarına görə mükafatlandırmaq imkanı olan aparıcı qlobal idman növü olmaqdan şadıq”.

Bir çox Olimpiya idmançıları Beynəlxalq Olimpiya Komitəsini bütün idman növləri üzrə pul mükafatları təsis etməyə çağırırlar

Britaniyalı üzgüçü Matt Riçards müsahibəsində deyib: “Gəlirlər “dəhşətli” məbləğdədir, Olimpiya Oyunları böyük biznesdir. Bəli, Olimpiada BOK-a və federasiyalara çoxlu pul gətirir. Lakin bir çox idman növlərində idmançılar əslində bundan heç nə əldə etmirlər, belə olması ədalətsiz və yanlışdır. BOK-un işə qarışıb qaydaları dəyişdirməsinin vaxtıdır. Məsələn, yarışmanın bütün iştirakçıları üçün ümumi mükafat fondu təsis etməliyik. Bütün idman növlərində medalların dəyəri eyni olmalıdır. Bu, daha çox idmançını sevindirəcək”.

Məlumat üçün qeyd edək ki, 2020-ci il Tokio Olimpiadası BOK-a 7,6 milyard dollardan çox gəlir gətirib və sadəcə düşünün ki, bu, pandemiya zamanı, stadionların boş olduğu və dünyada hərəkətin məhdud olduğu bir vaxtda baş verib. Parisdəki Olimpiadada nə qədər gəlir qazanılacağını təsəvvür edirsinizmi?! Razılaşmaq olar ki, Olimpiyaçıların bu “tort”dan bir parça birbaşa almaması ədalətsizlikdir.

Nubar Süleymanova, “İki sahil”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
108
50
ikisahil.az

10Mənbələr