AZ

Jül Kunde: “Lamin Yamal çox böyüyüb”

“Barselona”nın müdafiəçisi Jül Kunde komanda yoldaşı, 17 yaşlı yeniyetmə vinger Lamin Yamal haqqında fikirlərini paylaşıb.

Arena.az Kundenin bu barədə fikrini təqdim edir:

“Keçən mövsümdə və Avropa çempionatında gördüyümüzün eynisini ondan görəcəyimin intizarındayam. O, çox böyüyüb və həlledici töhfə verən oyunçuya çevrilib. Yamal dinləyir və öyrənir. Bunu davam etdirsə, daha da güclənə bilər”, deyə Jül Kunde vurğulayıb.

Xatırladaq ki, Yamal 17 yaş 1 günlüyündə Avropa çempionatını qazanmış ən gənc oyunçu olaraq, adını futbol salnaməsinə yazıb.

Yamal yarışı yüksək səviyyədə keçirərək, 4 məhsuldar ötürmə ilə fərqlənib, həmçinin 1 qol vurub. Qollar və məhsuldar ötürmələrin cəmi üzrə Yamal 5 bal (1+4) toplayıb və komanda yoldaşı Daniel Olmo ilə birlikdə Avropa çempionatının ən səmərəli oyunçusu olub.

Lamin Yamal “Barselona”nın yetirməsidir. İstedadlı yeniyetmə 2022/2023-cü illər mövsümündən Kataloniya təmsilçisinin əsas komandasında çıxış edir. Yamalın “Barselona” ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Artıq geridə qalmış 2023/2024 mövsümündə Yamal “Barselona”nın heyətində bütün yarışlarda 50 oyuna çıxıb, 7 qol vurub və 10 məhsuldar ötürmə verib.

Yamal 2023-cü ilin sentyabrında debüt etdiyi İspaniya yığmasının heyətində 14 oyun keçirib, 3 qol vurub, 8 məhsuldar ötürmə verib.

Lamin Yamalın qənimətlər muzeyində “Barselona” ilə 2022/2023-cü illər mövsümündə qazandığı İspaniya La Liqası var. Məlum olduğu kimi, Yamal İspaniya yığması ilə AÇ-2024-ün qalibi olub.

“Transfermarkt” internet-portalı 17 yaşlı ispaniyalı vingerin transfer dəyərini 120 milyon avro məbləğində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
93
9
arena.az

10Mənbələr