AZ

Bakıda bina və obyektlər deyil, məhz parklar salınır Bu, dövlətin insan amilinə verdiyi dəyərdir

Ötən illər ərzində dövlətimizin başçısının təşəbbüsü ilə paytaxt Bakı şəhərində 400-ə yaxın yeni park salınıb və proses davam etdirilir. Son bir neçə ildə isə Bakı və onun ətraf qəsəbələrində 65 yeni mədəniyyət və istirahət parkı salınıb. Bununla yanaşı, 100-dən çox park əsaslı təmir olunub. Paytaxtın müxtəlif ərazilərində salınan parkların sayəsində insanlar istirahətini və asudə vaxtını səmərəli qura bilir. Bakı şəhərində əhali artımını, şəhərin ekoloji vəziyyətini nəzərə alsaq, parkların salınması, yaşıllıq amilinə xüsusi diqqət yetirilməsi dövlətimiz tərəfindən insan amilinə verilən dəyərdir.

Bakı gündən-günə gözəlləşir...

Bu, şəhərin hər tərəfində, hər addımda hiss olunur. Salınan yaşıllıq zolaqları, əyləncə, istirahət mərkəzləri, parklar, xiyabanlar insanların asudə vaxtlarını səmərəli keçirmələri ilə yanaşı, həm də şəhərimizin qonaqlarının zövqünü oxşayır. Bunu paytaxtımıza gələn turistlərin sayının günbəgün artması da sübut edir. Digər tərəfdən də bu qədim şəhərə müasir kolorit qatır ki, Bakı şəhəri bu sürətli inkişaf tempi ilə dünyanın bir çox gözəl, müasir şəhərləri ilə eyni sırada dayanır.

Paytaxtda aparılan geniş tikinti-quruculuq işləri çərçivəsində bir çox yerlərdə istismar müddəti bitmiş, qəzalı tikililərin əvəzinə yeni bina və obyektlər yox, məhz parklar salınır.

Bakı Şəhər İcra Hakimiyyətinin məlumatına əsasən hazırda Bakı şəhərinin ərazisində 10 meqaparkın salınması işləri həyata keçirilir, bəzi parkların ərazisi artırılır. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Mərkəzi Nəbatat, həmçinin Mərdəkandakı Dendrologiya parklarında əsaslı təmir-yenidənqurma işləri görülür və ilin sonuna kimi başa çatdırılması nəzərdə tutulub.

Bir neçə il əvvəl salınmış “Gənclik”, “Nizami Gəncəvi”, Yasamaldakı Meşə-park, “Çəmbərəkənd”, Mərkəzi və Qış parklarında şəhər sakinləri və şəhərimizə gələn çoxsaylı qonaqların istirahəti üçün hər cür şərait yaradılıb, müasir idman və uşaq əyləncə qurğuları quraşdırılıb.

Hazırda Xətai rayonunda yerləşən “Sevgi” parkının genişləndirilməsi ilə bağlı işlər görülür. Bununla əlaqədar şəhərin əsas magistral yollarından sayılan Yusif Səfərov küçəsinin ətrafında yerləşən və istismar müddəti bitmiş tikililər sökülüb və ərazidə yaşayan sakinlərə, obyekt sahiblərinə mövcud qanunvericiliyə uyğun kompensasiya ödənilməsi şərti ilə onların köçürülməsi prosesi həyata keçirilib. Abadlıq işləri davam etdirilir.

Bu gün Mərkəzi parkın 3-cü hissəsində genişləndirmə-abadlıq işləri görülür, Nərimanov rayonunda Ceyhun Hacıbəyli, Nəsib bəy Yusifbəyli, Vaqif küçələrinin kəsişməsində yeni meqapark salınır. Eyni zamanda, Xaqani bağında yenidənqurma işlərinə başlanılıb. 28 May, Mehdi Mehdizadə, Elman Ovçuyev və Hüseyn Rəsulbəyov küçələrinin kəsişməsində 12 hektar sahədə yeni park salınır. Həmçinin dəmir yol vağzalının qarşısındakı meydanda təmir işlərinin aparılması üçün layihə smeta sənədləri hazırlanıb.

Bir sözlə, paytaxtın daha da yaşıllaşdırılması və gözəlləşdirilməsi istiqamətində işlər davam etdirilir. Şəhərin əsas küçə və prospektləri boyunca, mövcud park və istirahət bağlarında yeni ağaclar, həmişəyaşıl kollar və rəngbərəng güllər əkilir, güllərdən müxtəlif kompozisiyalar düzəldilir. Yol kənarlarındakı işıq dirəklərinə və eyvanlara gül əkilən kaşpolar qoyulur.

Şəhərimizə yay hədiyyələri

Nərimanov parkı

Nərimanov rayonu ərazisində yenidən qurulan Nərimanov parkı da Bakı şəhərinin simasının daha da gözəlləşməsi və paytaxt sakinlərinin istirahəti baxımından olduqca əhəmiyyətlidir.

Prezident İlham Əliyev iyulun 15-də Bakının Nərimanov rayonunda əsaslı şəkildə yenidən qurulan Nərimanov parkının açılışında iştirak edib.

Ərazisi 4,1 hektar olan park XX əsrin 50-ci illərində salınıb. Ötən müddətdə bu park gəzinti və əyləncə baxımından şəhər sakinləri üçün sevimli məkana çevrilib. 1960-cı illərdə yaxınlıqda metro stansiyasının tikilməsi parka marağı daha da artırıb.

Şəhərimizin müasir inkişaf səviyyəsinə və memarlıq üslubuna uyğun olmayan park nadir dizaynda yenidən qurulub. Burada müxtəlif istirahət guşələri, əyləncə qurğuları yaradılıb, o cümlədən uzun müddət yararsız vəziyyətdə olan fəvvarə meydanının yenidən qurulması işləri həyata keçirilib.

Parkın ərazisində yeni yaşıllıq sahələri yaradılıb, istismara yararsız, parkın ümumi görkəminə xələl gətirən tikili və qurğular ərazidən götürülüb. Mövcud ictimai-iaşə obyektlərinin fasadları müasir üslubda, parkın yeni layihəsinə uyğun təmir edilib, o cümlədən yeni işıq dirəkləri, eləcə də idman qurğuları və uşaq əyləncə meydançası yaradılıb. Mühəndis-kommunikasiya xətləri əsaslı şəkildə yenilənən park yağış sularının axıdılması üçün nəzərdə tutulan xətlərlə təmin edilib.

Zəfər parkı

Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı Sərəncamda Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması və ictimaiyyətə nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakıda Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin yaradılması tapşırılmışdı. Sərəncamdan dərhal sonra Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin layihələri hazırlandı və tikinti işlərinə başlanıldı.

İyulun 24-də dövlətimizin başçısı Bakıda Zəfər parkında aparılan tikinti işləri ilə tanış olub.

“PMD Projects” şirkətinin direktoru Nəriman Topçibaşev parkda görülən işlər barədə dövlətimizin başçısına məlumat verərək bildirib ki, 8 Noyabr prospektində inşa olunan Zəfər parkının ərazisi doqquz hektardan çoxdur.

Parkın girişində 44 tağ elementindən istifadə edilib. Tağlar Qələbəyə aparan rəmzi yolun başlanğıcını tərənnüm edir. İnşası davam edən tağın hündürlüyü 44 metr, eni isə 22 metrdir.

Parka keçid hissədə 8 Noyabr - Zəfər Gününü əks etdirən memorial abidə ucaldılacaq. Abidə Zəfər Gününü və sarsılmaz birliyi təcəssüm etdirəcək. Memorial abidənin ətrafında Qarabağ xalçalarındakı naxış və bəzək elementlərini əks etdirən yaşıllıq salınacaq.

Zəfər Muzeyinə park ərazisindən iki istiqamətdə giriş olacaq. Sahəsi 9 min 200 kvadratmetr olan muzeyin yan divarında Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan əsgər və zabitlərin adları qeyd ediləcək.

Ziyarətçilər muzeyi gəzdikdən sonra park hissəsinə daxil ola biləcəklər. Zəfər parkında, həmçinin tematik bağça, kaskad tipli şəlalə, Qarabağ yaddaş bağçası və parka ümumi baxış nöqtəsi yaradılacaq. Parkın sonunda Azadlıq Bayrağı Meydanının inşası da nəzərdə tutulur.

Yaddaş bağçası parkın son hissəsində yaradılacaq. Bu hissəyə enən cığır hündür haşiyəli çiçək və yaşıllıqlarla əhatə olunacaq. Yaddaş bağçasının ətrafında istirahət guşələri yaradılacaq, oturacaqlar qoyulacaq. Su hövzəsinin mərkəzində isə Azərbaycan Bayrağı dalğalanacaq.

Qeyd edək ki, 2023-cü il sentyabrın 27-də Anım Günündə də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva inşası davam etdirilən Zəfər parkında görülən işlərlə tanış olmuşdular.

“Gənclik” metrosu yanında yeni park

Paytaxtımızın daha da müasirləşdirilməsi, şəhərin abadlaşdırılması istiqamətində görülən işlər yaşıllıq zolaqlarının və parkların salınması ilə paralel şəkildə davam etdirilir. Belə istirahət məkanlarından daha biri Azərbaycan Prezidentinin 2023-cü il 18 avqust və 2024-cü il 13 yanvar tarixli sərəncamlarına əsasən Nərimanov rayonunda salınan yeni parkdır.

İyulun 30-da dövlətimizin başçısı “Gənclik” metrosu yanında yaradılan yeni parkda işlərin gedişi ilə tanış olub. Məlumat verilib ki, “Antena” parkı kimi tanınan bu ərazi əvvəllər baxımsız vəziyyətdə olub. İstirahət parkının yenidən qurulması və bərpası ilə əlaqədar bu ərazidə yararsız vəziyyətdə olan bəzi tikililər sökülüb. Söküntü işlərindən sonra parkın ərazisi daha da genişləndirilib və 19 hektara çatdırılıb.

Yenidən qurulan parkda sakinlərin mənalı istirahəti və asudə vaxtlarının səmərəli təşkili üçün hər cür şərait yaradılacaq. Belə ki, burada müasir tələblərə cavab verən iki restoran inşa olunur. Həmçinin burada 2 fəvvarə də quraşdırılacaq. Bu da istirahət məkanına əlavə gözəllik verəcək.

Müasir istirahət kompleksinin ərazisinin 13,8 hektarında yaşıllıq sahələri salınacaq. Burada işıqlandırma sistemi yeni layihə əsasında ən müasir standartlara uyğun şəkildə qurulacaq. Parkda piyada və velosiped yolları çəkiləcək, uşaq-əyləncə və idman meydançaları yaradılacaq. Həmçinin yenidən qurulan parkla yaxınlıqdakı “Dədə Qorqud” parkını əlaqələndirəcək tunelin də inşasına başlanılıb.

Yeni parklar “Yaşıl dünya naminə həmrəylik ili”nə töhfədir

Dövlətimizin başçısının tapşırığı ilə paytaxt Bakıda parkların və xiyabanların əsaslı şəkildə yenidən qurulması və yeni parkların salınması, sakinlərin və şəhərimizin qonaqlarının rahatlığı üçün müasir istirahət guşələrinin yaradılması istiqamətində son illərdə ardıcıl tədbirlər davam etdirilir. “Yaşıl dünya naminə həmrəylik ili”ndə yeni parkların və yaşıllıq zolaqlarının salınması, əhaliyə xidmət göstərən müasir infrastrukturun yaradılması Bakının dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsi istiqamətində həyata keçirilən əhəmiyyətli tədbirlərdəndir. Yeni parkların salınması həmçinin bu il COP29-a ev sahibliyi edəcək ölkəmizdə elan olunan “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində həyata keçirilən işlərə də töhfə vermək baxımından xüsusi önəm daşıyır. Ən əsası isə görülən işlərin hər biri insan amilinə xidmət edir.

Mətanət Məmmədova

Seçilən
79
1
sesqazeti.az

10Mənbələr