AZ

ABŞ-ın yeni “Orta Dəhliz” planı - ANALİTİK

Vaşinqton Çinlə Türkiyəni düşmən etməyə çalışır

Ermənistanın Azərbaycana qarşı 30 il davam edən ədalətsiz müharibəyə və torpaqlarımızın işğalına Ordumuzun, xalqımızın və Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin birliyi, bir yumruq halında birləşməsi sayəsində son verildi. Ermənistan işğalçı ordusunun, Qarabağdakı qanunsuz hərbi birləşmələrinin tamamilə məhv olmaması üçün kapitulyasiya aktını – Azərbaycan, Rusiya və Ermənistan tərəfindən imzalanan üçtərəfli Bəyanatı qəbul etmək zorunda qaldı. Həmin sənəddə Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında əlaqələrin maneəsiz olaraq təmin edilməsi barədə bənd bu gün də var. Ermənistan tərəfinin imzaladığı sənədə, atdığı imzaya nə qədər sayqısız yanaşdığı üçtərəfli Bəyanatda da özünü göstərir. Sərhədin Qazax rayonu istiqamətində aparılan delimitasiya və demarkasiya proseslərindən sonra sülhün yaxınlaşdığını düşünənlər son zamanlar Ermənistan rəhbərliyinin apardığı yanlış siyasət nəticəsində dalana dirəndiyi anlamağa başlayıblar. Ermənilərin bundan əvvəlki razılaşmalarda olduğu kimi sülh prosesində də daha çox qarşıdurmalara aparan yolu seçməsi regionda yeni müharibələri təşviq edir. Amma Ermənistanın yenə kimə arxalanaraq destruktivlik yolunu seçir, sualı yenə də açıq qalır.

Zəngəzur dəhlizinin açılması Azərbaycanın perspektiv planlarına daxildir, amma bütün məsələlərdən irəlidə deyil. Naxçıvanla əlaqə üçün alternativlər var. Bu, sadəcə prinsip məsələsidir, Ermənistan rəhbərliyinin yanlış istiqamətə yürüdüyünü və nəticənin ağır olacağını demək fürsətidir. Azərbaycan istədiyi vaxt üçtərəfli bəyanatın 9-cu bəndinin həyata keçirilməsini öz gücü ilə təmin edə bilər, hələlik siyasi-diplomatik yol tükənməyib.

Bu arada, "APRI Armenia" analitik mərkəzinin nümayəndəsi Sergey Melkonyanın Zəngəzur dəhlizi ilə bağlı irəli sürdüyü versiya diqqət çəkib. O, Ermənistanla Azərbaycan arasında bəzi razılaşmaların olduğunu, ilkin mərhələdə hansısa özəl beynəlxalq təşkilatın dəhlizə nəzarət edəcəyini iddia edib. "Əvvəlcə hansısa beynəlxalq özəl şirkət Zəngəzur dəhlizinə nəzarət edəcək. Sonra birgə nəzarət həyata keçiriləcək. Yavaş-yavaş etnik azərbaycanlıların ora (yəni Zəngəzura) köçürülməsinə başlanılacaq. Nəticədə İran Ermənistanla sərhədini itirəcək", – Melkonyanın iddiasında qeyd olunur.

Həmçinin ABŞ-ın Zəngəzur dəhlizinin açılmasında ciddi marağının olduğu deyilir. Bu mənada gizli danışıqlar versiyasının Vaşinqtonun nəzarətində aparıldığına dair iddialar var. Qeyd olunur ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması və sülh müqaviləsinin imzalanması üçün həlli vacib olan bir sıra məsələlər var. Onlardan biri də Zəngəzur dəhlizinin açılmasıdır. Bu məsələ ilə bağlı həm Bakı ilə İrəvan, həm də qlobal güclər arasında müəyyən bir rəqabət var. Regionun əsas ölkələri Rusiya və Türkiyə dəhlizinin açılmasında maraqlıdırlar. Moskva isə ümumiyyətlə dəhlizə özünün nəzarət etməli olduğunu düşünür. Bu nə Bakının, nə Ankaranın, nə də İrəvanın ürəyincədir. Qərb isə son bir ilə qədər məsələyə təmkinli və məsafəli yanaşırdı. Lakin ABŞ Qərbin bu təmkinli mövqeyini pozaraq Zəngəzur dəhlizinin açılmasında maraqlı olduğunu bildirdi. Vaşinqton Kremllə dəhliz üzərində ciddi rəqabətdədir.

Dəhlizlər və ABŞ

ABŞ isə dəhlizin Ermənistanın suverenliyi çərçivəsində açılmasını istəyir. Vaşinqton Zəngəzur dəhlizinə Ermənistanın nəzarət etməli olduğunu deyir. Suverenlik məsələsində Bakının xüsusi tələbi olmasa da, İrəvanın dəhlizə nəzarət etməsi bizim maraqlarımıza uyğun deyil. Çünki 10 noyabr bəyanatında maneəsiz hərəkət anlaşıyı var. Bunun sıradan çıxmasına icazə verə bilmərik. O ki qaldı Melkonyanın versiyasına, bu, sadəcə onun düşüncələridir. Bakı ilə İrəvan arasında gizli danışıqların olması mümkündür, lakin motiv bilinmir. Yəni bu dəhlizlə bağlı deyil, anklav, eksklavlarla da bağlı ola bilər.

Amerika Birləşmiş Ştatları Cənubi Qafqazda fəal şəkildə iştirakını genişləndirir və Rusiyanın bu regionda təsirini azaltmağa çalışır. Məhz bu məqsədlə Vaşinqton yeni ticarət yolunun yaradılması üzərində işləyir, onun açılması Moskvanın - eyni zamanda Pekinin və Ankaranın maraqlarına təsir edəcək. ABŞ üçün beynəlxalq münasibətlərdə əsas şey pulların, boru kəmərlərinin və dəhlizlərin hara getməsidir. Demokratiyanın, insan haqlarının qorunması, siyasi proseslərin şəffaflığı kimi məsələlər fundamental xarakter daşımır. Bunlar müəyyən ölkələri istənilən istiqamətə aparmaq üçün istifadə edilən çubuqlardır.

Niyə ABŞ kimsə ilə məsləhətləşmədən Qafqazda Azərbaycan və Ermənistan arasında razılaşma əldə etməyə çalışır? Niyə Gürcüstanı hədələyiblər ki, xarici agentlər haqqında qanunu qəbul etməsinlər? Bu qanunun qəbulundan sonra ABŞ və Aİ Gürcüstanla münasibətləri niyə soyudu? ABŞ Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanı NATO-nun Vaşinqtonda keçirilən sammitinə həsr olunmuş tədbirlərə dəvət etmişdi. Məlum oldu ki, Ermənistan Xarici İşlər Nazirliyində Pentaqonun nümayəndəsi işləyəcək. ABŞ Rusiyaya qarşı cənub cəbhəsi açmağa və Türkiyə-Rusiya-İran üçbucağına girməyə çalışır. Hamısı budur?

ABŞ Özbəkistan və Qazaxıstana nə təklif edib

İki ay əvvəl ABŞ-ın ticarət nümayəndəsi Ketrin Tai Qazaxıstan və Özbəkistana səfər edib. Onun çantasında alternativ "Orta Dəhliz" haqqında qovluq var idi. Tai Qafqaz və Türkiyə vasitəsilə Mərkəzi Asiyanı Avropa ilə birləşdirəcək yeni ticarət dəhlizinin yaradılmasını təklif edib. Bir sözlə, Vaşinqton Özbəkistan və Qazaxıstanın Çin və Rusiyadan yan keçməsini təklif edib. Fakt budur ki, ABŞ qarşısına strateji məqsəd qoyub: Çinin təklif etdiyi "Bir kəmər, bir yol" təşəbbüsünü bir sıra regionlardan kəsmək. Xatırladaq ki, ötən il Çin təşəbbüsünə qarşı çıxmaq üçün ABŞ-ın maliyyələşdirdiyi "Hindistan-Yaxın Şərq-Avropa İqtisadi Dəhlizi" layihəsi elan edilmişdi. Hindistandan dəniz yolu ilə Birləşmiş Ərəb Əmirliklərinə, oradan Səudiyyə Ərəbistanı və İordaniya vasitəsilə qurudan İsrailə, oradan isə dəniz yolu ilə yenidən Yunanıstana gedən marşrut ötən il oktyabrın 7-də Həmas-ın Əl-Əqsa Tufanı əməliyyatına başladıqdan sonra dayandırılıb.

İndi ABŞ ümumən "Bir kəmər, bir yol" təşəbbüsünə qarşı, xüsusən də Türkiyə ilə Çin arasında əməkdaşlığın inkişafı üçün vacib olan Orta Dəhlizə qarşı yönəlmiş Mərkəzi Asiya-Qafqaz-Avropa dəhlizi yaratmağı planlaşdırır.

Çin, Türkiyə və Gürcüstan arasında "Orta Dəhliz" üzrə əməkdaşlıq

Ötən həftə ABŞ Senatında "Avropanın gələcəyi" mövzusunda dinləmələr keçirilib. Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayen çıxışında bu plandan danışıb. Söhbət Mərkəzi Asiyadan başlayacaq, Azərbaycan- Ermənistan ərazilərindən keçərək Avropaya çatacaq ticarət dəhlizinin yaradılmasından gedir. O'Brayenin çıxışında Gürcüstanın adı çəkilməsə də, Bakı və İrəvanın sərhədlərin demarkasiyası ilə bağlı razılığa gəldiyi bildirilib. Əvvəlki bəyanatlarla müqayisə etsək, aydın görərik ki, ABŞ bu dəhlizdə Gürcüstanı Ermənistanla əvəz etməyə çalışır.

Bəs Gürcüstan niyə bu ticarət dəhlizində deyil? Niyə ABŞ gürcü mediasını və qeyri-hökumət təşkilatlarını maliyyələşdirmək istəyir, amma Gürcüstan hökuməti xarici agentlər haqqında qanun qəbul etməklə buna müqavimət göstərir? Çünki Gürcüstanın indiki hakimiyyəti ABŞ-ın Rusiyaya qarşı cənub cəbhəsi açmaq cəhdlərinə, Vaşinqtonun Qara dənizlə bağlı planlarına qarşı çıxır, hətta Qara dənizdə Çinlə əməkdaşlıq edir. Çin hazırkı "Orta Dəhliz" çərçivəsində Gürcüstanda 600 milyon dollar investisiya həcmi olan Anaklia dəniz limanını tikir.

Çində Fidan siqnalı

İndi isə məsələnin Türkiyə ilə bağlı ölçüsünə toxunaq... Yadınızdadır ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan bu il iyunun əvvəlində Çinə səfər etmiş və orada Türkiyə-Atlantik cinahı həddindən artıq təşvişə salan müəyyən siqnallar vermişdi. İş o yerə çatıb ki, hətta Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının nəzarətində olan media belə Fidanın açıqlamalarını işıqlandırmadı və əksinə, Çini ittiham edən başlıqlarla dolu idi.

Türkiyə diplomatiyasının rəhbərinin səsləndirdiyi mühüm mesajlardan biri də belə oldu: "Bu zaman "Bir kəmər - bir yol" təşəbbüsü və bizim təklif etdiyimiz "Xəzər dənizi üzərindən Yaxın Şərq-Qərb dəhlizi" daha böyük əhəmiyyət kəsb etmişdir. Biz "Orta Dəhliz"in Kəmər və Yol Təşəbbüsü ilə uyğunlaşdırılması və onun İraqda "İnkişaf Yolu" kimi bəzi digər nəqliyyat dəhlizləri ilə inteqrasiyası üçün konkret addımlar atmağa çalışırıq". Başqa sözlə, ABŞ alternativ "Orta Dəhliz"in köməyi ilə eyni zamanda Türkiyə-Çin əməkdaşlığına xələl gətirməyə çalışır.

Sonda xatırlatmaq lazımdır ki, SSRİ-nin dağılmasından sonra ABŞ-ın Orta Asiyaya daha da dərinləşməsi üçün istifadə etdiyi və bəslədiyi oyunçu Gülən hərəkatıdır!

V.VƏLİYEV

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
180
50
sesqazeti.az

10Mənbələr