AZ

Vəziyyət kəskinləşir – Zəngəzurla bağlı Ermənistana xəbərdarlıq edildi

Politoloq Oqtay Qasımov Teleqraf.com-un suallarını cavablandırıb.
 
Moderator.az onunla müsahibəni təqdim edir.
 
- Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistanı Zəngəzur dəhlizinin açılmasına dair anlaşmanı pozmaqda ittiham etdi. İrəvan da cavabında Moskvanı sülh prosesini sabotajda günahlandırdı. Lavrovun bu mesajı dəhlizin açılması üçün təzyiqdir, ya məsələni ABŞ və Avropa Birliyi ilə müzakirə edən İrəvana xəbərdarlıqdır?
 
- Əlbəttə, Rusiya Zəngəzur dəhlizinin 10 noyabr üçtərəfli bəyanatının 9-cu bəndinə uyğun şəkildə açılmasında maraqlıdır. Həmin bəndə görə, dəhlizdə nəzarət funksiyasını Rusiya həyata keçirməlidir.
 
Ermənistan müxtəlif manipulyasiyalarla bu maddəni gündəmdən çıxarmağa çalışır və buna xeyli dərəcədə nail olub. Təbii ki, Rusiya bundan məmnun deyil və zaman-zaman bu barədə fikirlər səsləndirir. Amma Lavrovun son açıqlaması konkret oldu, açıq şəkildə həqiqətləri dilə gətirdi.
 
Rusiya məsələ ilə bağlı Ermənistana mesajlar verir və sətiraltı xatırladılır ki, götürülən öhdəliklər yerinə yetirilməlidir və sabotaj siyasətindən əl çəkilməlidir. Bu, İrəvanda isterika ilə qarşılanacaq, qarşılandı da. Amma biz bu toplumun ruh halını da bilirik, oradakı siyasətçilər və ekspertlərin də mövqeləri bəllidir. Həmişə öhdəliklərini pozmalarına bir yolla bəraət qazandırmağa çalışırlar. Amma fakt budur ki, Ermənistan bu məsələ ilə bağlı üzərinə götürdüyü öhdəliyi yerinə yetirməkdən imtina edərək, bunu geosiyasi rəqabət faktoruna çevirdi.
 
 
Hazırda Qərb, xüsusən də ABŞ bu dəhlizlə bağlı maraqlarını həyata keçirməyə, nəzarət funksiyasını öz üzərinə götürməyə çalışır. Burada möhkəmlənərək Azərbaycan, Türkiyə, Çin, Rusiya və Ermənistana təzyiq etmək istəyirlər. Rusiya və Vladimir Putin də Qərbə mesaj verir ki, Moskva Cənubi Qafqazda qalmaq niyyətindədir və buradan çıxmaq fikri yoxdur, bunun üçün də lazım olan addımları atmağa hazırdır. Vladimir Putinin Bakıda verdiyi bəyanatı bu cür şərh edərdim.
 
İrəvanda Lavrovun açıqlamasının necə qarşılanmasından asılı olmayaraq, deyilənlər həqiqət və faktdır. Bu, həm də Ermənistana mesaj və xəbərdarlıqdır.
 
- Ermənistan mediasının iddiasına görə, Ermənistan hökuməti açılacaq dəhlizə nəzarətin Hollandiyaya verilməsi barədə düşünür və müzakirələr aparır. İddia doğrudursa, niyə Hollandiya – bu seçimin izahı nədir?
 
- “Hollandiya” deyirsinizs, elə zənn edin ki, “Fransa” deyirsiniz. Hollandiya rəsmiləri və siyasilərinin 44 günlük savaş və bundan sonrakı açıqlamalarına baxsanız, bu ölkənin siyasətində Fransa izlərini görərsiniz. Sadəcə ermənilər çox yaxşı bilirlər ki, Azərbaycan Fransa və düşmən mövqeyində dayanan digər dövlətlərin nəzarətinə razı olmayacaq, buna görə də Hollandiyanı “nisbətən bitərəf ölkə” kimi önə çıxarmağa çalışırlar.
 
Bizim üçün önəmli odur ki, 10 noyabr bəyanatının müvafiq bəndinə uyğun olaraq, Naxçıvanla əlaqəmizin maneəsiz və təhlükəsiz olmasına təminat verilməlidir. Əlbəttə, biz o ərazilərdə Ermənistanın suverenlik hüquqlarını tanıyırıq, eyni zamanda da, ondan öz əhdliyini yerinə yetirməsini tələb edirik.
 
- Zəngəzur dəhlizinin sülh müqaviləsindən kənarda həll ediləcəyi bildirilir. Bu həll forması nə vədir edir, məsələn, nəzarət problemi Bakı və İrəvan arasında necə çözüləcək?
 
- Belə bir qərarın alınmasında Azərbaycanın kifayət qədər ciddi rolu olub. Çünki məhz Zəngəzur dəhlizini bəhanə edərək, uzun müddət Azərbaycana qarşı qaralama kampaniyası aparıldı. Qərb və ABŞ rəsmilərinin, o cümlədən müxtəlif beyin mərkəzlərinin dillərindən guya Azərbaycanın Ermənistana hücum edərək dəhlizi zorla açacağına dair spekulyativ dezinformasiyalar yayılırdı.
 
Azərbaycan bunu dəfələrlə təkzib eləsə də, necə deyərlər, dəyirman öz işindəydi, informasiya mərkəzləri süni şəkildə aranı qatmaqla məşğul idilər.
 
Dediyim kimi, artıq Zəngəzur dəhlizi məsələsi müxtəlif geosiyasi maraqların toqquşma nöqtəsinə və qlobal güclərin rəqabət meydanına çevrildiyi üçün Azərbaycan məsələni başqa müstəviyə çəkdi, sülh müqaviləsindən ayrı müzakirəsi təklif olundu. Bu, Azərbaycana qarşı dezinformasiya kampaniyasının qarşısının alınması üçün mühüm addımdır, həm də məsələni geosiyasi rəqabət müstəvisindən kənara çəkdi.
 
Ümid edirik ki, nəhayət Ermənistan özündə güc və cəsarət taparaq ikitərəfli formatda öz öhdəliklərini yerinə yetirəcək, dəhlizdə Azərbaycan vətəndaşları və yüklərinin maneəsiz keçidi və təhlükəsizliyini təmin edəcək. Bu, gələcəyin məsələsidir.
 
Digər yandan, Azərbaycanın İranla da bir anlaşması var. Zəngəzura paralel olaraq, Araz vadisində Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirən bir yol çəkilir. Prinsipcə, Naxçıvanla əlaqəmizin bu xətlə təmin etmək imkanımız da var. Bu istiqamətdə salınan yol və çay üzərində tikilən körpülərin yükgötürmə qabiliyyətləri kifayət qədər yüksək miqyasadır. Bununla Naxçıvanla yanaşı, Türkiyə ilə də əlaqə qurmaq imkanı əldə edirik.
 
Ermənistan yenə də prosesi pozmağa çalışacaqsa, bu, onun öz ziyanına olacaq, məsələn, ciddi rəqəmlərlə ölçülən tranzit gəlirlərindən məhrum qalacaq. Həmçinin növbəti regional layihələrdən kənarda saxlanılacaq. Vaxtilə neft-qaz kəmərlərinin Ermənistandan keçmək imkanları vardı, amma onun işğalçı mövqeyi buna imkan vermədi, nəticədə böyük layihələrdən kənarda qaldılar. İsrarlarını davam etdirsələr, bu vəziyyət dəyişməyəcək.
 
Bölgədə həyata keçirilən növbəti böyük layihələrdən biri Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın imzaladığı anlaşmadır. Həmin anlaşmaya görə, Azərbaycan, eləcə də Orta Asiyada istehsal ediləcək bərpaolunan enerjinin Avropaya ixracı həyata keçiriləcək. Ermənistan da bu layihədə maraqlıdır və qoşulmaq istəyir. Əlbəttə, Zəngəzur dəhlizi açılmayacaqsa, Azərbaycan Ermənistanın bu projeyə qoşulmasını bloklayacaq.
 
 
 
 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
50
moderator.az

10Mənbələr