AZ

Hizbullah atır “Dəmir Qübbə” tutur - Təxliyələr genişlənir - TƏHLİL

Yaxın Şərqdə müharibənin genişləyə biləcəyi ilə bağlı narahatlıqlar artdıqca, bir çox Qərb dövlətləri, eləcə də İordaniya, Səudiyyə Ərəbistan və Cənubi Koreya öz vətəndaşlarından Livanı tərk etmələrini istəyiblər. Böyük Britaniya, İsveç, Fransa, İtaliya, Kanada və Avstraliya da oxşar xəbərdarlıqlar edib.

Bilindiyi kimi, İran çərşənbə günü Tehranda HƏMAS lideri İsmayıl Haniyənin öldürülməsində günahlandırdığı İsrailədən qisas alacağını deyib. Əlavə edək ki, Haniyənin öldürülməsindən bir neçə saat əvvəl İsrail Livanın paytaxtı Beyrutda Hizbullah komandiri Fuad Şükürü də öldürüb. Daha sonra isə Hizbullah lideri Nəsrullah təşkilatın yüksək səviyyəli komandirlərindən Fuad Şükürün öldürülməsinə cavab verəcəklərini açıqlayıb. Ehtimal olunur ki, İranın dəstəklədiyi və Livanda yerləşən “Hizbullah” da cavab tədbirlərində rol oynaya bilər. Beləliklə Livan da İsrailin hücumuna tuş gələ bilər. Eyni zamanda Hizbullah, bazar günü axşam saatlarında İsrailin şimalındakı Beyt Hillel qəsəbəsinə onlarla raket atıb. Sosial mediada yayımlanan görüntülərdə İsrailin “Dəmir Qübbə” hava hücumundan müdafiə sisteminin raketlərin qarşısını kəsdiyi görünür. Hələlik hadisə zamanı itkilər barədə məlumat verilməyib. İsrail hava qüvvələri də həmin gün Livanın cənubundakı hədəfləri vurub. Qəzzanın Həmas tərəfindən idarə olunan səhiyyə nazirliyinin rəsmiləri bildiriblər ki, bazar günü İsrail hava hücumu xəstəxana çadırını vurub və nəticədə ən azı 5 nəfər ölüb. Səlahiyyətlilər bazar günü iki məktəbin də hücuma məruz qaldığını və 19 fələstinlinin həlak olduğunu bildirib.

ABŞ səfirliyi şənbə günü verdiyi bəyanatda öz vətəndaşlarını Livanı tərk etməyə çağırıb. O qeyd edib ki, Livanda qalmağı seçənlər “fövqəladə planlar qurmalı” və “uzun müddət orada qalmağa” hazır olmalıdırlar.

Bir çox aviaşirkətin uçuşları dayandırdığı və ləğv etdiyi məlumdur. Pentaqon eyni zamanda İsraili İran və onun dəstəklədiyi qrupların mümkün hücumlarından qorumaq üçün bölgəyə əlavə döyüş gəmiləri və döyüş təyyarələrinin göndərəcəyini də bildirib. İngiltərə həmçinin təxliyələrə kömək etmək üçün bölgəyə əlavə hərbi personal, konsulluq işçiləri və sərhəd qüvvələri əməkdaşları göndərdiyini açıqlayıb.

Qeyd edək ki, hazırda iki İngiltərə hərbi gəmisi ərazidədir və Hərbi Hava Qüvvələrinə məxsus nəqliyyat helikopterləri də əraziyə getmək üçün əmr gözləyir. Böyük Britaniyanın xarici işlər naziri David Lammy bildirib ki, regionda vəziyyət "sürətlə pisləşə bilər".

İsrailli nazirlər bu həftə sonu ölkənin rabitə infrastrukturuna hücum olacağı ehtimalına qarşı xüsusi rabitə telefonları ilə birlikdə öz evlərinə göndəriliblər. Qərb və ABŞ İranı bu yoldan geri çağırmağa və onu çəkindirməyə çalışsa da bəzilərinin fikrinə görə “İran qanuni özünü-müdafiə hüququndan istifadə edir”. Xatırladaq ki, Aprel ayında İsrailin Suriyanın paytaxtı Dəməşqdəki İran konsulluğunu bombalamasına cavab olaraq İran onlarla İHA, qanadlı raketlər və ballistik raketlərlə İsrailə hava hücumu təşkil edib. Çoxları İranın bu dəfəki cavabının daha şiddətli olacağından ehtiyatlanır.

İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqeri Kani cümə günü Avropa Birliyinin xarici siyasət üzrə rəsmisi Josep Borrell ilə telefon danışığında deyib ki, İran İsraili "cəzalandırmaq" üçün " öz təbii və qanuni hüququndan istifadə edəcək". İsrailin baş naziri Benyamin Netanyahu israillilərə xəbərdarlıq edib ki, "qarşıda çətin günlər var. Biz hər tərəfdən təhdidlər eşidirik. İstənilən ssenariyə hazır olmalıyıq". İsrailin nəzarətində olan Colan təpələrinə hücumunda 12 uşaq və yeniyetmənin öldürülməsindən sonra İsraillə İran arasında gərginlik daha da artıb. İsrail bu hücum barədə Hizbullahı günahlandıraraq buna görə qisas alacağını desə də, Hizbullah ittihamları rədd edib. Beləliklə günlər sonra Hizbullah komandiri Fuad Şükür Beyrutda İsrailin hava hücumu nəticəsində öldürülüb. Hücum nəticəsində ikisi uşaq olmaqla daha dörd nəfər də ölüb. Bir neçə saat sonra isə İranda Həmas lideri İsmayıl Haniyə öldürülüb. Qeyd edək ki, Haniyə İranın yeni prezidenti Məsud Pezeşkianın andiçmə mərasimi üçün paytaxt Tehranda olub. İranın ali dini lideri Ayətullah Əli Xamenei İsrailin bu qətlə görə “ağır cəzaya” məruz qalacağını bildirib. Beləliklə qarşılıqlı provakasiyaların hökm sürdüyü bu savaşda şiddətin artacağını təxmin etsək yanılmarıq.

Müəllif: Zərdüşt Quluzadə
Seçilən
119
50
sia.az

10Mənbələr