AZ

Plastik və  polietilen məmulatların ətraf mühitə VURDUĞU ZİYAN – FOTO

“Sağlam həyata doğru” Ekoloji İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirdiyi “Plastik və polietilen məmulatlarının istifadəsinin azaldılması” layihəsinin davamı olaraq  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Orxus mərkəzində dəyirmi masa keçirib.

Medianews.az xəbər verir ki, tədbirdə ETSN-nin, Energetika nazirliyinin, “Təmiz şəhər” ASC-nin, Kənd Təsərrüfatı Nazirliyinin, Dövlət Statistika Komitəsinin, Radiasiya Problemləri İnstitutunun, SOCAR baş ofisinin, BMT-nin inkişaf Proqramının, həmçinin ekoloji QHT-lərin təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri “Sağlam həyata doğru” Ekoloji İctimai Birliyinin sədri, kimya elmləri üzrə fəlsəfə doktoru Sadiq Həsənov açıb və təqdimat edərək, plastik və  polietilen məmulatların ətraf mühitə vurduğu ziyan barədə məlumat verib.

S.Həsənov təqdimatında  plastik məmulatların yaranması tarixi, inkişaf dinamikası, iqlim dəyişmələrinə və ətraf mühitin çirklənməsinə təsiri barədə elmi araşdırmalara, rəsmi hesabatlara əsaslanan geniş məlumat verib: “Plastik torba və birdəfəlik qablar Azərbaycanda 2015-ci ildə cəmi 5 600 ton istehsal edilmiş, 2022-ci ildə 17 500 tona çatmaqla 3 dəfədən çox artmışdır. Plastik, polietilen torba və çantalar Bakıda, eləcə də digər şəhərlərdə marketlərdə, ticarət yerlərində geniş istifadə olunur. Demək olar ki, plastiksiz həyatımız yoxdur və adambaşına ildə 24 kq tullantı düşür. Bu göstərici orta Avropa dövlətlərindən (10-19 kq) yüksəkdir. Plastik məmulatlar 100 illərlə təbiətdə parçalanmır  və  bir neçə monomer kimyəvi maddənin zəncirvari birləşmələrindən ibarət mürəkkəb kimyəvi tərkibi var.  Onların toplanıb yandırılması isə atmosferə zəhərli kimyəvi qazların atılmasına səbəb olur və dünya üzrə iqlimdə baş verən  dəyişmələrdə əsas qazlardan biri olan CO2-nin atılmasında 13% payı var”.

Sonra S.Həsənov layihə çərçivəsində hazırlanmış  kitabçada kifayət qədər elmi və rəsmi məlumatlar toplandığını diqqətə çatdırıb. O, bu 48 səhifəlik balaca kitabçanın ensiklopedik bir məlumat bazası olduğunu vurğulayıb. Qeyd edib ki, kitabça tullantıların, xüsusilə plastik torba və birdəfəlik qabların ətraf mühitə təsiri barədə əyani vəsait kimi istifadə edilə bilər.

ETSN-nin sektor müdiri Mehman Nəbiyev nazirliyin plastik məmulatlarının azaldılması üçün həyata keçirdiyi tədbirlər barədə geniş məlumat verib. Bildirib ki, hazırda da bu istiqamətdə tədbirlər davam etdirilir. Nazirlik təmsilçisi gələcəkdə görüləcək işlərdən də söhbət açıb: “Nazirlik 2023-cü ildən marketlərdə bu məmulatların pulla satışının təşəbbüskarı olmuş və plastik torba, çanta, birdəfəlik qabların istifadəsinin azaldılması üçün növbəti tədbirlər planını hazırlayır. Lakin bu prosesin həyata keçirilməsi elədə asan getmir. Çünki insanlarımız bu məhsullardan geniş istifadə etdiyindən, onu birdən-birə həyatımızdan çıxarmaq və ya azaltmaq elə də asan deyil. Ümid edirik ki, təşkilatın həyata keçirdiyi bu layihə plastik məmulatlarının istifadəsinin azaldılmasında əhəmiyyətli rol oynayacaq, insanların maariflənməsi yolu ilə  plastik və polietilen məmulatlardan istifadənin azalmasına səbəb olacaq”.

Tədbirdə “Təmiz Şəhər” ASC-nin sektor müdirinin müavini Elnur Əliyev, BMT-nin Azərbaycan nümayəndəliyindən Nazim Məmmədov, SOCAR baş ofisinin nümayəndəsi Fuad Yusifli, DSK-dan Elmar Eminov, KTN-dən Elxan Hüseynov, ekoloji QHT təmsilçilərindən İradə Həsənova, Sevil İsayeva, Taleh Əliyev, Şaban Nəsirov, Arzu Əliyeva, Energetika nazirliyindən Nurəngiz Fərəcullayeva, Radiasiya Problemləri institutundan Rəna Cəfərova və başqaları çıxış ediblər.

Tədbir sual-cavab formatında davam edib. Sonda layihə çərçivəsində hazırlanmış kitabça və dəftərxana ləvazimatları iştirakçılara paylanılıb.

Nailə QASIMOVA

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
4
medianews.az

4Mənbələr