AZ

Tarixə səyahət - yaşı əsri keçən Azərbaycan kinosu

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Avqustun 2-si Azərbaycanda Milli Kino Günüdür.
Ümummilli lider Heydər Əliyevin 18 dekabr 2000-ci il tarixli sərəncamı ilə hər il 2 avqust Azərbaycanda Milli Kino Günü kimi qeyd olunur.
Azərbaycan kino sənətinin tarixi 1898-ci ildən başlayır. İlk filmlər fotoqraf və nasir Aleksandr Mişon tərəfindən çəkilmiş "Bibiheybətdə neft fontanı yanğını", "Balaxanıda neft fontanı", "Şəhər bağında xalq gəzintisi", "Qafqaz rəqsi" və s. bədii kinosüjetdən ibarət idi.
Qeyd edək ki, "Balaxanıda neft fontanı" kinosüjetində Balaxanı mədənlərinin birində neft quyusunun fontan vurması əks olunub.
Kinosüjet "Canlı fotoşəkillər" kolleksiyası adı altında 1900-cü ildə Parisdə Ümumdünya sərgisində böyük uğurla nümayiş etdirilib.
2001-ci ildə "Bibiheybətdə neft fontanı yanğını" və "Balaxanıda neft fontanı" kinosüjetlərinin surətləri Bakıya gətirilib və hazırda Azərbaycan Dövlət Film Fondunda qorunub-saxlanılır.
1915-ci ildə İbrahim bəy Musabəyovun "Neft və milyonlar səltənətində" romanı əsasında eyniadlı ilk Azərbaycan bədii filminin çəkilişinə başlanılıb.
Azərbaycanın ilk tammetrajlı filmi olan "Neft və milyonlar səltənətində" rejissor Boris Svetlov tərəfindən 1916-cı ildə ekranlaşdırılmışdır. Film yazıçı İbrahim bəy Musabəyovun eyniadlı povesti əsasında ekranlaşdırılıb və "Filma" Səhmdar Cəmiyyətində istehsal edilib. Sosial kinodram neft qoxan Bakının XX əsrin əvvəllərindəki həyatını, Bakının müsəlman milyonçularının məişətini və bir parça çörək üçün neft mədənlərində ən çətin şəraitdə işləyib yaşayan fəhlələrin ağır güzəranını ekranda canlandırıb.
"Neft və milyonlar səltənətində" filmi iki seriyadan ibarət olub. Filmin 1-ci seriyası 14 may 1916-cı ildə, 2-ci seriyası isə 27 may 1916-cı ildə ekranlaşdırılıb. Filmdə əsas rollardan birini Azərbaycanda peşəkar teatr sənətinin banilərindən biri, tanınmış aktyor və rejissor Hüseyn Ərəblinski oynayıb. Bu film ilk dəfə Hacı Zeynalabdin Tağıyevin pasajındakı "Fransız Elektrobioqrafı"nda (indiki Bakı Universal Mağazası - red.) göstərilib.
Təəssüf ki, filmdən hər hansı fraqment əldə yoxdur. İddialara görə, 1918-ci il hadisələri vaxtı Tağıyev teatrı növbəti dəfə yananda teatrda olan "Neft və milyonlar səltənətində" filmi də yanıb.
Kinoşünas Aydın Kazımzadə bu ehtimalla razılaşmayaq bildirib ki, "Filma" şirkətinin öz ofisi olduğu halda filmi niyə teatrda saxlamalı idı ki? "Ola bilsin ki, film Rusiyanın kino arxivində olub, sonralar yararsız hala düşdüyü üçün atılıb. Hazırda orada yoxdur", - deyə kinoşünas qeyd edib.
1916-cı ildə Bakıda həm də Üzeyir Hacıbəyovun "Arşın mal alan" operettası əsasında ilk Azərbaycan kinokomediyası çəkilib.
Azərbaycan kinosu tarixinin ən məhsuldar dövrü 1960-80-ci illər hesab olunur. Məhz bu illər ərəfəsində kino salnaməmizin unudulmaz səhifələrini təşkil edən 110 bədii, 500 sənədli və elmi-kütləvi, eləcə də 44 cizgi filmi, 96 nömrə "Mozalan" satirik jurnalı yaradılıb.
"Bir cənub şəhərində", "Bizim Cəbiş müəllim", "Dəli Kür", "Yeddi oğul istərəm", "Axırıncı aşırım", "Nəsimi", "Dədə Qorqud", "Babək", "Nizami" və başqa bədii filmlərimiz də Azərbaycan kino sənətinin ən parlaq nümunələrindəndir.
2008-ci il avqustun 4-də Prezident İlham Əliyevin Sərəncamı ilə "Azərbaycan kinosunun 2008-18-ci illər üzrə inkişafına dair Dövlət Proqramı" təsdiq olunub. Proqram kino sənətimizdə əsaslı yeniliklərə yol açıb, milli kinomuz dünyada müstəqil Azərbaycan kinosu kimi tanınmağa başlayıb. Məsələn, tanınmış kinorejissor, "Humay" mükafatı laureatı Şamil Əliyevin "Çölçü" filmi beş qitədə Azərbaycan bayrağını qaldırıb, 32 beynəlxalq kinofestivalda iştirak edib və 12 mükafat alıb.
Azərbaycan filmlərin istehsal olunduğu tarixi məkan isə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasıdır. Məhz bu kinostudiya 100 illik fəaliyyəti dövründə Azərbaycan kino salnaməsinə, kino tarixinə qızıl hərflərlə yazılan filmlərin çəkilməsinə şahidlik edib.
1920-ci ildə "Azərbaycan Xalq Maarif Nazirliyinin İncəsənət Şöbəsi" adı altında təsis olunan kinostudiya 1958-ci ildən "Azərbaycanfilm" kinostudiyası adlandırılıb. 1959-cu ildən isə tanınmış dramaturq Cəfər Cabbarlının adını daşıyır.
Milli Kino Günü münasibətilə Azərbaycan kinosunda əməyi keçən bütün kino işçilərini təbrik edirik.
Əzizə İsmayılova
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
99
35
oxu.az

10Mənbələr