AZ

“Xocalı” Çinə doğru istiqamət götürdü

Dünya okeanlarında Azərbaycanın nəqliyyat simvolu

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) donanmasına yeni əlavə edilən “Handysize” tipli “Xocalı” gəmisi beynəlxalq dəniz sularında öz daşınmalarını uğurla həyata keçirməkdədir. Son aylarda dünya okenlarında ölkəmizin milli donanma brendlərindən birinə çevrilən gəmi Cənubi Koreyanın “Bukpyung” limanından qəbul etdiyi 30 min 800 ton sement yükünü Amerika Birləşmiş Ştatlarının “Portland” limanına çatdırıb. 20 gün davam edən səfər çərçivəsində “Xocalı” ümumilikdə 8390 kilometr məsafə qət edib. Bu səfərlə Azərbaycanın gəmiçilik tarixində ilk yaşanıb,“Xocalı” müstəqil Azərbaycan bayrağı altında ABŞ limanına yan alan ilk gəmi olub.

İyulun ortalarında Amerika səfərini uğurla tamamlayan “Xocalı” quru-yük gəmisi növbəti səmti 30 min tona yaxın yüklə Kanadadan Çinə və Yaponiyaya götürüb. 

Gəmi Kanadanın Nanaimo və Styuart limanlarından yükü qəbul edərək 113 kilometrlik uzunluğu olan Böyük Ber çayından səfərə başlayıb. Daha sonra gəmi Sakit okeanı keçərək əvvəlcə Çinin Lanşan limanına, oradan isə Yaponiyanın Matsuyama limanına gedəcək. Gəminin 17 gün ərzində Çin limanına yan alması gözlənilir.

“Xocalı” Prezident İlham Əliyevin tapşırıq və tövsiyələri rəhbər tutularaq hazırlanan və Gəmiçiliyin Strateji İnkişaf Proqramı çərçivəsində alınan “Handysize” tipli ilk gəmidir. 2024-cü ilin may ayında Çində istismara verilən gəmi 38 min 593 ton yükgötürmə imkanına malikdir, uzunluğu 180 metr, eni 30 metr, bortunun hündürlüyü 15 metr, suya oturumu 10,47 metr, maksimum sürəti 15,7 knotdur. Suya oturumu maksimum yük götürməklə, onun bir çox dayaz limanlara belə rahatlıqla daxil olmasına şərait yaradır.

Dəniz donanmasının yeni nəsil üzvlərindən biri olan “Xocalı” digər milli istehsalımız olan gəmi-tankerlər kimi Xəzərdə və Xəzərdənkənar sularda istismar edilir. “Xocalı” gəmisinin dünya okeanlarına çıxması rəmiz məna daşımaqla, Azərbaycanın dəniz nəqliyyatı gücünü, dünyada gedən müxtəlif geosiyasi böhranlara baxmayaraq, nəqliyyat-logistika bazarlarına manesiz çıxış əldə etmək imkanlarını nümayiş etdirir. Azərbaycanın dəniz donanması son bir ildə beynəlxalq sularda öz coğrafi hüdudlarını artırır, yeni tipli daha böyük gəmilərin istismara verilməsi istiqamətində dənizçilik nəqliyyatı qlobal sektorda möhkəmlənir. Bu məqsədyönlü nəqliyyat strategiyası nəticəsində 2023-cü ildə xarici sularda Azərbaycan bayrağı altında “Şuşa”, “Qarabağ”, “Zəngəzur” adlı 3 “Aframax” tipli tanker istismara verilib. “Xocalı” yük gəmisinin istismara verilməsi isə quru yük daşımalarında yeni dəniz seqmentnin yaranmasına səbəb olub. 

Hazırda iqtisadiyyatımızın strateji cəhətdən mühüm sahələrindən biri olan dəniz nəqliyyatı yeni inkişaf mərhələsinə daxil olub. Böyükmiqyaslı neft layihələrinin, o cümlədən “Əsrin müqaviləsi”nin uğurla icrasında fəal iştirak edən Xəzər donanmasının maddi-texniki bazasının möhkəmlənməsi hazırda bu nəqliyyat sahəsinin digər qlobal seqmentlərdə iştirakını artırır. 

Ölkəmizin regional və beynəlxalq tranzit dəhlizlərinə inteqrasiyasında və beynəlxalq nəqliyyat ailəsinin fəal üzvünə çevrilməsində qətiyyətli siyasət yürüdən Prezident İlham Əliyevin birbaşa tapşırıq və tövsiyələri əsasında Azərbaycanın dəniz nəqliyyatı donanması daha da müasirləşir, neft və qaz əməliyyatlarında göstərdiyi nəqliyyat xidmətlərinin çeşidini artır, müasir dəniz limanları, Bakı Gəmiqayırma Zavodu və gəmi təmiri müəssisələrinin işinin daha da təkmilləşdirilməsi dəniz donanmasına əlavə güc qatır. Son illərdə donanmanın yenilənməsi və yeni gəmilərin tikintisi istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlər ASCO-nun Xəzərdə aparıcı mövqeyinin qorunub saxlanılmasına, Azərbaycan ərazisindən artan tranzit yükdaşımalarında gəmilərə olan tələbatın ödənilməsinə, Xəzərdə neft-qaz layihələrinin uğurla icrasına böyük töhfə verir. Bu istiqamətdə görülən genişmiqyaslı işlər Xəzərdənkənar sularda gəmiçiliyin mövqeyinin möhkəmləndirilməsi və genişləndirilməsində də mühüm rol oynayır.

Ölkəmizdə və xaricdə inşa edilmiş yeni tipli su nəqliyyatı vasitələri ilə öz donanmasını zənginləşdirən ASCO-nun beynəlxalq limanlara çıxış coğrafiyasının genişlənməsi nəticəsində Avropa - Qafqaz - Asiya və Trans-Xəzər nəqliyyat dəhlizlərində  yük və sərnişin daşınmalarında əlaqələndirici mövqeyi daha da artırır, Azərbaycan nəqliyyat və logistika mərkəzinə çevrilərək beynəlxalq daşınmalara əhəmiyyətli töhfələr verir. 

Son illər ölkəmizin yerləşdiyi regionda və ətraf coğrafiyalarda baş verən mürəkkəb qlobal geosiyasi proseslərin yaratdığı risklərə rəğmən, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyininin donanması daşınmalarda öz dayanıqlı fəaliyyətini davam etdirir, tarixi Zəfərlə öz ərazilərini işğaldan azad etməsindən və 2023-cü ildə isə bütün əraziləri üzərində suverenliyini bərpa etməsindən sonra isə yaranmış yeni reallıqlar şəraitində öz nəqliyyat missiyasını müasir çağırışlara uyğun qurur. Azərbaycanın təşəbbüskarlığı ilə formalaşan yeni nəqliyyat qovşaqlarının, o cümlədən Orta Dəhlizin ən axıcı və səmərəli marşrutlarından birinə çevrilməkdə olan Zəngəzur dəhlizinin yaradılması bölgədə geniştutumlu daşınmalarla bağlı əlavə potensial imkanları səfərbər etməyi aktuallaşdırır ki,  vahid nəqliyyat orqanizminin bir hissəsi olan ASCO-nun da öz donanmasını bu tələbatlara uyğunlaşdırması ümdə vəzifəyə çevrilmişdir. Şirkət Xəzərin Şərq və Qərbi birləşdirən halqasının ən mühüm təminatçısı kimi çıxış edərək ölkəmizin tranzit potensialının genişlənməsində fəal təşəbbüskarlığını daha da artırmaqdadır. 

Azərbaycanın yeni dəniz nəqliyyatı strategiyasına uyğun olaraq gəmiçiliyin donanmasının yenilənməsi məqsədilə daxili maliyyə imkanları və kredit resursları səfərbər edilərək yeni gəmilərin alışı və tikintisi üzrə sifarişlərin yerləşdirilməsinə nail olunmuş, milli gəmiçilik şirkəti Azərbaycan gəmiçiliyinin tarixində ilk dəfə, Xəzərdənkənar hövzələrdə böyük dedveytli - 115.000 tonluq “Aframax” tipli tankerlərlə yükdaşıma seqmentinə daxil olub. Xəzərdən kənar hövzələrdə iritutumlu quru yük gəmiləri ilə daşıma seqmentində ASCO-nun iştirakının təmin edilməsi və bu məqsədlə 40.000 tona qədər yükgötürmə qabiliyyətinə malik gəminin alınması ilə  bağlı artıq Avropa Yenidənqurma və İnkişaf Bankından müvafiq kredit cəlb edilib. Bu isə Amerika da daxil olmaqla dünyanın ən ucqar su nəqliyyatı bölgələrində və hövzələrində nəhəng dedveytli Azərbaycan donanmasının möhkəmlənməsinə səbəb olacaqdır.

Azərbaycanın dəniz nəqliyyatı həm də yeni çağırışlara söykənərək hədəf prioritetləri əsasında donanmadakı “yaşlı” gəmilərinin yenilənməsi, “yaşıl enerji”yə keçiddən irəli gələn bir sıra zəruri tələblərin yerinə yetirilməsi istiqamətində də formalaşır. Bu isə ölkəmizin rəqabətədavamlı və beynəlxalq standartlara uyğun dəniz nəqliyyatı xidmətləri göstərməklə  çevik dəniz donanması kimi öz qüdrətini daha da artırmaq əzmini göstərir. 

E.CƏFƏRLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
26
yeniazerbaycan.com

10Mənbələr