AZ

"Ermənistanın hərəkətləri və atdığı addımlar ondan xəbər verir ki..." - Politoloq

Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanla sülh müqaviləsinin bağlanması üçün tələb etdiyi şərtlərdən biri Ermənistanın Konstitusiyasında Azərbaycana qarşı əks olunan ərazi iddialarının ləğv olunmasıdır. Ermənistan mətbuatında isə bildirilib ki, Konstitusiyanın dəyişdirilməsi 2 il vaxt aparacaq. Ermənistan artıq bir ilə yaxındır silahlanmaya başlayıb. Azərbaycan-Ermənistan sərhəddində də artıq bir neçə dəfə təxribatlar olub. Ermənistan rəsmiləri bir neçə dəfə bildiriblər ki, sülh müqaviləsini 1 ay ərzində imzalaya bilərlər. Sülh müqaviləsi Azərbaycandan çox Ermənistana lazım olsa da, sanki bu məsələni uzadırlar.

Azərbaycan Ermənistanın bu hərəkətlərinə görə sülh müqaviləsini imzalamaqdan imtina edə bilərmi?

Politoloq İlqar Vəlizadənin Herbiand.az-a bildirdiyinə görə, çox güman ki, sülh danışıqları gedəcək:

"Bu gün Xarici İşlər Naziri Ceyhun Bayramov bu barədə açıqlama verib. Deyib ki, sülh sazişinin mətni ilə bağlı olan razılaşmalar davam etdirilir. Ancaq çox güman ki, yaxın aylarda hansısa bir nəticəni gözləmək düzgün olmaz. Çünki Ermənistanın hərəkətləri və atdığı addımlar ondan xəbər verir ki, Azərbaycan tərəfinin şərtlərini yerinə yetirməyə tələsmir. Bu da sonda nəticə etibarilə, yubanmalara gətirib çıxardır".

İlqar Vəlizadənin sözlərinə görə, digər tərəfdən görünən odur ki, beynəlxalq oyunçular hər iki tərəfdən sülh müqaviləsini gözləyirlər:

"Ona görə də bu, bir siyasi gedişatdır. Belə gedişatlardan hər iki tərəf çəkinməyəcək. Belə ki, İkinci Qarabağ müharibəsindən əvvəl Ermənistanla danışıqlar gedirdi. Baxmayaraq ki, Ermənistanın BMT-nin məlum qətnamələrini yerinə yetirməkdən boyun qaçırdığı bilinirdi. Amma yenə də danışıqlar aparılırdı. İndi də baxmayaraq ki, hansısa bir ciddi irəliləyiş gözlənilmir, amma danışıqlar gedəcək. Ola bilər ki, uzun vaxtdan sonra müəyyən proseslərin təsiri altında nəhayət həmin sənəd imzalanacaq. Ancaq hadisələr göstərir ki, bu, yaxın vaxtlarda olmayacaq".

Bəxtiyar CƏFƏRLİ

Seçilən
5
herbiand.az

1Mənbələr