AZ

Birinci yarımildə Naxçıvanda vaxtı keçmiş kreditlərin həcmi kəskin azalıb

Birinci

Naxçıvan, 26 iyul, Nail Əsgərov, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasında cari il üçün 4 əsas istiqamət - aqrar sahə, turizm, nəqliyyat-logistika, yaşıl enerji, həmçinin sənaye, o cümlədən emal sənayesi və real sektorun digər sahələri əsas prioritetlərdəndir. İqtisadiyyat Nazirliyi yeni iş yerlərinin, əlavə dəyər yaradan sahələrin maliyyələşdirilməsində maraqlıdır.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu sözləri Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Abbas İsmayılov jurnalistlərə açıqlaması zamanı söyləyib.

Onun sözlərinə görə, maliyyə əlçatanlığının təmin edilməsi məqsədilə Sahibkarlığın İnkişafı Fondunun fəaliyyəti yenidən təşkil olunub, aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət Müşahidə Şurası yaradılıb, güzəştli kreditlərin real sektora yönləndirilməsinin təşviqi, kredit bazarı iştirakçıları ilə səmərəli və şəffaf əməkdaşlıq kimi hədəflər müəyyən edilib.

Nazir müavini qeyd edib ki, hesabat dövründə fondun kredit qoyuluşlarının artması nəticəsində kredit portfelinin diversifikasiyası təmin edilib.

“Hazırda fondun kredit portfeli 52,5 milyon manat təşkil edir. Kredit borclarının qaytarılmasının sürətləndirilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilib, Sahibkarlığın İnkişafı Fonduna öhdəlik olaraq vaxtında qaytarılmalı, lakin qaytarılması təmin edilməyən vaxtı keçmiş kreditlərin məbləği 1 yanvar 2024-cü il tarixə 16 milyon manata yaxın olmuşdursa, 2024-cü il 1 iyul tarixinə 10,1 milyon manat və ya 63,5 faiz azalaraq 5,8 milyon manata endirilib. Nəticədə fondun ehtiyatlarının qalıq məbləği 2,4 dəfə artaraq 6,7 milyon manatdan 16,1 milyon manata çatıb. Cari ilin 6 ayında vaxtı keçmiş kredit vəsaitinin ödənilməsi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 25,4 dəfə çox olub. İş adamlarına müraciət edərək real sektora və prioritet sahələrə yönəlmiş layihələrini Sahibkarlığın İnkişafı Fondunun güzəştli kreditləri hesabına maliyyələşdirmə imkanlarından istifadə etməyə dəvət edirəm. Fond gələcəkdə maliyyə əlçatanlığının artırılması istiqamətində fəaliyyətini davam etdirəcək, Naxçıvanın iqtisadi artımına təsir edən layihələr dəstəklənəcək. Bugünkü tədbir çərçivəsində daha bir bankla müvəkkil kredit təşkilatı kimi əməkdaşlıq müqaviləsi bağlanılacaq. Bununla da müvəkkil kredit təşkilatlarının sayı 4-ə çatdırılacaq. Digər kredit təşkilatlarını da Naxçıvan Muxtar Respublikasının Sahibkarlığın İnkişafı Fondu ilə sıx əməkdaşlıq etməyə dəvət edirəm”, - deyə Abbas İsmayılov əlavə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
5
azertag.az

5Mənbələr