AZ

Fazil Mustafanın Ağadadaş Ağayev haqda yazısı qalmaqal yaratdı

VI çağırış Milli Məclisin Mədəniyyət komitəsinin sədri Fazil Mustafanın xalq artisti Ağadadaş Ağayevlə “Medera” hospitalının gözətçisi arasında baş verən insident haqda statusu müzakirələrə səbəb olub.

KONKRET.az ölkə.az-a istinadən xəbər verir ki, Fazil Mustafa birmənalı olaraq gözətçini müdafiə edib.

“Mühafizəçinin atası-anası yoxdur? O, Azərbaycan vətəndaşı deyil? Kim kimdən narazıdırsa, balta tullamalıdır? Bu nə cür tərəfli yanaşma? Mühafizəçi yanlış hərəkət edibsə, hər halda xalq artistinin müraciətinə hüquq-mühafizə orqanları qətiyyən laqeyd yanaşmaz, məsələni ciddi araşdırardılar. Mühafizəçinin heç xəstəxanaya aidiyyəti olmur, müqavilə bağlayırlar, gəlib rəsmi qaydada obyekti qoruyur. Xəstəxana onun postudur, bir sərxoş, bir qatil, bir ruhi xəstə posta yaxınlaşanda qoyub qaçmalıdır ki, gəlib həkimlərə, tibb bacılarına xəsarət yetirsinlər, xəstəxananı dağıtsınlar? Üstəlik baltanı birbaşa canlı insana tullayır, nə etsin bəs, zərərsizləşdirməsin? O mühafizəçi sizin övladınız, qardaşınız, qohumunuz, qonşunuzdur. Tövsiyəniz nədir, başını tutsun baltanın altına ki, xalq artistinə toxunmaq olmaz? İnsanın xəstəliyinin şiddətini, təsirini də anlayıram. Mühafizəçinin ekstremal şəraitdə əsəblərini cilovlaya bilməməsini də qınayıram. Ancaq suçu öz vəzifə borcunu ləyaqətlə yerinə yetirmiş və böyük bir faciənin qarşısını almış mühafizəçi işləyən tanımadığım yoxsul bir Azərbaycan övladının üzərinə yönəltmək nə dərəcədə ədalətli davranışdır?” – F.Mustafa bildirib.

Tanınmış jurnalist Aida Eyvazlı isə F.Mustafaya etiraz edib, gözətçinin Ağadadaş Ağayevi “zərərsizləşdirəndən” sonra onu o cür şiddətlə döyməsinin yolverilməz olduğunu xatırladıb. F.Mustafa mövqeyini qoruyub və əlinə balta almağın yolverilməzliyini vurğulayaraq, “kaş ki əlində balta olan Əhmədi əzişdirən kimsə tapılaydı” deyib.

Mir Şahin Ağayev də olaya reaksiya verib, “Mühafizəçinin kimisə qanunla yol verilən üsullarla dayandırması bir şeydi, xəstə adamı, özü də bərk ağrıyan xəstəni (hətta yerə yıxandan sonra da) təpikləməsi başqa şey!” sözləri ilə Fazil Mustafaya cavab verib.

Seçilən
50
13
konkret.az

10Mənbələr