AZ

“Sülh məsələsində ölkələri tələsdirmək olmaz” - Politoloq

“Azərbaycan Prezidentinin şənbə günü Şuşadan verdiyi bəyanatlardan məlum olub ki, Ermənistan hakimiyyətinin sülh müqaviləsinin imzalanmasına yaxın olduğuna dair verdiyi vədlərin əksinə olaraq, bu, ən azı yaxın 2 ildə baş verməyəcək”. Bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

“Məsələ ondadır ki, İlham Əliyev sazişin imzalanması üçün ilkin şərt kimi Ermənistan konstitusiyasının dəyişdirilməsini irəli sürüb. Paşinyan isə Konstitusiya İslahatları Şurasına 2026-cı ilin dekabrında yeni konstitusiyanın konsepsiyasını təqdim etməyi tapşırıb. Digər ilkin şərt isə 30 ildən artıqdır ki, Qarabağ problemi ilə məşğul olan Minsk qrupunun ləğv edilməsidir”, - deyə nəşr bildirib.

Sülh müqaviləsinin 2 ildən tez imzalanması mümkündürmü? Proseslərdən asılı olaraq vəziyyət dəyişə bilərmi?

Mövzu ilə bağlı Herbiand.az-a danışan Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq Tural İsmayılov hesab edir ki, sülh müqaviləsinin imzalanması müəyyən qədər vaxt aparan məsələdir:

“Nəzərə almaq lazımdır ki, bu gün Qərb siyasi institutları da Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi məsələsinin tezləşdirilməyinə çalışır. Əslində, Avropa siyasi institutlarının bununla bağlı verdiyi çox açıq mesajları görürük. Amma burda ehtiyatlı olmaq lazımdır. Ümumiyyətlə, sülh məsələsində ölkələri tələsdirmək olmaz. Mən bu yanaşmanı doğru hesab etmirəm. Çünki Azərbaycan və Ermənistan arasında həll edilməmiş bir çox məsələlər var və bunları da həll etməmiş iki ölkəni sülhə dəvət etmək və sülh müqaviləsi ilə bağlı Azərbaycandan hansısa tələblər irəli sürmək absurddur”.

Politoloq qeyd edib ki, sülh müqaviləsinin 2 ildən tez imzalana bilməyi əlbəttə, mümkündür:

“Amma burda 2 ölkənin iradəsi önəmlidir. Ermənistan da dövlət olaraq üzərinə düşdüyü öhdəlikləri yerinə yetirməlidir və bu günə qədər həyata keçirdiyi manipulyasiyalardan yavaş-yavaş əl çəkməyi bacarmalıdır. Əgər biz normal və ləyaqətli sülhdən, dövlətlərarası münasibətlərdən bəhs ediriksə, burda mütləq şəkildə sülh müqaviləsinin imzalanması üçün Ermənistanın özünün müstəqil siyasi qərarlar almaq mərhələsi gəlib çatmalıdır”.

Tural İsmayılovun sözlərinə görə, təbii ki, proseslərdən asılı olaraq vəziyyət dəyişə bilər:

“Hər halda, Ermənistanın Konstitusiyası ləğv edilməlidir. Bununla bağlı Konstitusiyada Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları birmənalı şəkildə çıxarılmalıdır. Bundan sonra dövlətlərarası münasibətləri hansısa bir formada bərpa etmək olar. Hətta ola bilsin, hansısa geniş sülh müqaviləsi yox, ilkin bir başlanğıc sənəd imzalana bilər. Bunlar da Ermənistanın atacağı addımlardan və regional konyukturadan asılı olan məsələlərdir”.

Bəxtiyar CƏFƏRLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
127
50
herbiand.az

10Mənbələr