AZ

Vəzifənin, kreslonun dəyişə bilmədiyi insan - Doğum günü təbriki təkcə Vüqar Qurbanova düşmür, həm də...

Həyatda tanıdığın hər adam haqda fikir söyləmək asan iş deyil. Bəzi hallarda bu süni alınır, bəzən içdən gəlmir və məcburiyyətdən danışırsan, elə də olur ki, nəyinsə və ya kiminsə xatirinə ona söz, şəninə tərif yağdırırsan. Yəqin ki, hər birimizin həyatının bəzi mərhələlərində belə anlar olub. Amma bir də var ki, sidq-ürəkdən, bədahətən arzuları dilə gətirirsən, ən xoş sözləri və fikirləri heç çox düşünmədən, səmimi şəkildə, bəlağətsiz və mübaliğəsiz ifadə edirsən. Bax, onda olur əsl içdən gələn kəlamlar, qəlbdən beyinə ötürülən müsbət enerji...Mən Vüqar müəllim haqqında yazmağa başlayanda da eynilə bu cür oldu. Düşündüm ki, həddən artıq səliqə-səhmanlı, ədəbi, ütülənmiş cümlələr qurmağa hacət yoxdur. Çünki özünün də belə mədhiyyələrə ehtiyacı yoxdur. Odur ki, bizim Vüqar müəllimin ən xoş günündə - dünyaya göz açdığı tarixdə qəlbdən və bədahətən gələn sözləri qələmə almaq istədim. Bəli, bu gün dəyərli və sadə insan, müştəbehlikdən, özünəvurğunluqdan uzaq olan TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun 47 yaşı tamam olur. Bu yaşa qədər Vüqar müəllimin çoxsaylı uğurlarını sadalamaq olar. Amma mənə elə gəlir ki, onun ən böyük nailiyyəti, onun güclü olmasının əsas səbəbi özünü məmur yox, sadə insan və qayğıkeş həkim kimi aparmasıdır. Vüqar Qurbanov TƏBİB-in kollektivi ilə dost kimi ünsiyyət qurur, nəinki rəhbər. Öz əməkdaşlarının istər iş, istər şəxsi problemlərinə hər zaman diqqətlə yanaşır, maraqlanır, soruşur. Yəni belə bir insani keyfiyyətlərə malikdir Vüqar Qurbanov...Eyni zamanda, istər qəbuluna gələn vətəndaşlara olsun, istər ona suallar ünvanlayan jurnalistlərə - hər kəsə mehriban, xoş üz göstərən bir qurum rəhbəri kimi fərqlənir. Əslində bu, hər vəzifə sahibində görülən keyfiyyətlər deyil. İnsafən, etiraf edək ki, vəzifə insanı bir sıra hallarda dəyişir, təkəbbürlü edir, ətrafına münasibəti dəyişir, amma TƏBİB-icraçı direktoru Vüqar Qurbanov gənc yaşlarından qazandığı karyera yüksəlişinə baxmayaraq, heç zaman vəzifə onu dəyişməyib, necə varsa, o xarakterini də nümayiş etdirir. O baxımdan əslində, doğum günündə təbrik təkcə Vüqar Qurbanova düşmür, həm də onu dünyaya gətirən, onu min bir əziyyətlə böyüdən, tərbiyə verən, cəmiyyət və dövlət üçün sağlam, faydalı, dürüst, ləyaqətli, xalqa, insanlığa münasibətdə əxlaqlı olmağı öyrədən anaya və ümumən valideynlərinə təbriklər düşür. Çünki insanın yetişməsində və ölkəsi üçün faydalı olmasında birinci rolu ailə, onun necə bir övlad kimi böyüməsi rol oynayır. Sonra məktəb, cəmiyyət, ali təhsil, dünyagörüşü və s. təsir edir. Bu mənada Vüqar Qurbanov ailəsinin, öz soy-kökünün fəxridir və onlar bu zirvəyə ucala bilən bir övladla qürur duya bilərlər. Çünki heç də hər nəsil dövləti, xalqı üçün bacarıqlı, bilikli və uğurlu insan yetişdirə bilmir.Vüqar Qurbanov isə rəhbərlik etdiyi bu dövr ərzində sübut edir ki, dövlət, prezident İlham Əliyev ona etimad göstərməkdə yanılmayıb. Bu gün TƏBİB-in, ümumən bu sahənin yenilənməsində, islahatlar aparılmasında, köhnədən qalan eybəcər halların kökünün kəsilməsində Vüqar Qurbanov tarixi bir iz qoyub. Onun başladığı bu proses gələcək üçün önəmli bir cığırdır. Kim bu cığırla getməyə qərar versə, uğur qazanacaq. Məhz bu islahatların, səhiyyədə olan rüşvət, neqativ halların qəbrini qazan onları dəfn edən Vüqar Qurbanov bu gün aparılan siyasəti daha da təkmilləşdirir, bir gün də olsun yorulmur və ara vermir, tam əksinə, çatışmazlıqları aradan qaldırır, yeni-yeni ideyalar, təkliflər əsasında TƏBİB inkişaf etdirilir. Bu gün icbari tibbi sığorta, TƏBİB-in tabeliyində olan xəstəxanalarda düzgün iş qurulması, bir qəpik ödəmədən həkim qəbulu və müayinəsi, bir çox icbari tibbi sığorta zərfində olan bir çox xidmətlərdən istifadə məhz dövlətin səhiyyə sisteminin uğurlu siyasəti, Vüqar Qurbanov komandasının çəkdiyi zəhmətlərin bəhrəsidir. . Bu da Prezidentin ona olan inamının, güvəninin göstəricisidir. Biz isə bir həkimə, bir tibb adamına, bir tibb sahəsinə bağlı və ona məsul olan şəxsə bütün bu vətənpərvər fəaliyyətinə görə yalnız nə arzu edə bilərik - sağlam həyat, gümrah həyat, dava-dərmansız həyat, ömrü boyu enerjili, xəstəliklərdən uzaq və can sağlığı kimi ən dadlı nemətə sahib olmaq... Yalnız bu halda əminik ki, Vüqar Qurbanov tibb sahəsində, səhiyyə sektorunda əhalinin məmnuniyyəti üçün daha böyük işlər görəcək, daha böyük həvəs və entuziazmla işləyəcək, yeni-yeni ideyalarla TƏBİB-i inkişaf etdirəcək. Hörmətli Vüqar müəllim, Sizin kimi səmimi bir insanın bu təbrikimizi də səmimi şəkildə qəbul edəcəyinizə inanırıq. Doğum gününüz mübarək, əziz Vüqar müəllim!Nicat MahmudovRubrika.Az





Facebook-da paylaş

Seçilən
80
rublika.az

1Mənbələr