AZ

Qlobal nasazlıq niyə ajiotaj yaratdı? - Ekspertdən AÇIQLAMA

"Windows 10" əməliyyat sistemində yaranan nasazlıq qlobal miqyasda ajiotaja səbəb olub. Dünyanın bir çox hava yolları şirkətlərinin fəaliyyətində fasilələr yaranıb.

 

Rabitə problemləri səbəbindən "United Airlines", "American Airlines" və "Delta Airlines" kimi böyük aviaşirkətlər uçuşları dayandırıb. Məlumata görə, London birjasının fəaliyyəti pozulub, İsrail, Almaniya və Avstraliyanın İT sistemlərində problem yaranıb. Mətbuat Türk Hava Yollarında da böyük qlobal nasazlıq səbəbindən uçuşların dayandırılmasından yazır.

 

"Microsoft" şirkəti nasazlığın aradan qaldırıldığını bildirib. Azərbaycanın dövlət qurumları yerli sistemlərdə problem müşahidə edilmədiyini bildiriblər.

 

Mövzu ilə bağlı Modern.az-a danışan informasiya və kommunikasiya texnologiyaları üzrə ekspert Elvin Abbasov bildirib ki, beynəlxalq aləmdə rəqəmsal informasiya sistemlərində yaşanan problem "Microsoft"un məhsulları ilə əlaqəlidir:

 

“Problem xüsusilə "Microsoft 360" və digər onlayn istifadə olunan məhsullarla bağlıdır. Belə ki, "Microsoft" yeni bir şirkətlə anlaşma edib, bu problem də şirkətin məhsullarda etdiyi kiçik bir yeniləmədən qaynaqlanır. Bu kibertəhlükəsizliklə bağlı problem, yaxud xaker hücumu deyil. Sadəcə yeni müqavilə bağladıqları şirkət  onların tətbiqlərində yeniləmələr edən zaman bir detal gözdən qaçıb və ona görə də bu problemlər yaşanır. Proqram təminatındakı yeni yazılımın sistemə yüklənməsi isə mərhələli olacaq. Məsələn hansısa güncəlləmə o an üçün hər kəsə əlçatan olmur. Onun üçün də hazırda bank sektorları, hava limanları və digər sektorlardakı problemlər tədricə düzələcək. Bu bir kibertəhlükəsizlik hücumu deyil, "Microsoft"un öz proqram təminatını yeniləməsi ilə əlaqədardır.Artıq şirkət açıqlama edərək bildirib ki, problem tədricən düzələcək”.

 

Ekspert bildirib ki, 2024-cü il iyulun 18-də baş verən hadisə bir çox böyük qlobal aviaşirkətinin fəaliyyətini dayandırmasına, televiziya xəbərlərinin yayımının kəsilməsinə, cümə günü səhər saatlarında isə bank xidmətlərinin iflic olmasına səbəb olub:

 

"Kompüterlərin bir çoxu "Blue Screen of Death" (Mavi ekran) ilə qarşılaşıb və işə salınma problemləri yaşanıb. Bu təhlükəsizlik hadisəsi əsasən qlobal aviaşirkətləri, bank xidmətlərini və televiziya yayım şirkətlərini əhatə edib. Hadisə zamanı, bir sıra böyük aviaşirkətlər fəaliyyətlərini dayandırmağa məcbur qalaraq uçuşları ləğv edib və müştərilərinə məhdudiyyətlər yaşadıb. Banklar isə oflayn xidmətlərini müvəqqəti olaraq dayandırmaq məcburiyyətində qalıb, istifadəçilərinə qeyri-adi şəraitdə xidmət göstərməli olub. Həmçinin, televiziya şirkətləri də yayımları müvəqqəti olaraq dayandırmaq məcburiyyətində qalıb".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
4
modern.az

5Mənbələr