AZ

Fransada adına xüsusi rənglər yaradılan azərbaycanlı rəssam

Fransada yaşayan azərbaycanlı rəssam Niyaz Nəcəfov  2003-cü ildə rəssamlığa, özünün peşəkar idmançı karyerasını davam etməklə yanaşı, həvəskar peşə kimi başlamışdır. Lakin artıq 2009-cu ildə Azərbaycanı 53-cü Beynəlxalq Venesiya Bienalesində təmsil etmişdir. Rəssamın yağlı boya və qrafika ilə əsərləri onun tünd palitra və təsirli rəng təsvirlərində əks olunmuş həyəcanverici mövzularla xarakterizə olunur. Rəssamla müsahibəmizi oxuculara təqdim edirik.

- Niyaz bəy, bildiyim qədər rəssamlıq aənətindən öncə idmançı  olmusunuz. Necə oldu fəaliyyətinizi  professional rəssam olaraq davam etdirdiniz?

- İdman da bir sənət növüdür. Əvvəllər idman sahəsi ilə məşğul olurdum, lakin  indi özümü tapdığım sənətlə məşğul oluram. Rəsm əsərlərini daha çox kətan və  kağız  üzərində çəkirəm. Bundan əlavə küçə incəsənəti  ilə də məşğul oluram. Əvvəllər peşəkar idmançı idim, məşqçi olmaq istəmədim. 90-cı illərin əvvəllərində postsovet məkanında yarışlarda iştirak edəndə anladım ki, vaxtımı boşa sərf edirəm. Yenidən başlamaq üçün çox gec idi. Nəhayət, 2002-ci ildə bütün varlığımı sənətə verməyimə qərar verdim. Başa düşdüm ki, bu, mənə rahat yaşamağa imkan verəcək bir yoldur.

- Tamamilə fərqli bir tərzimiz var. Bunu nə ilə əlaqləndirərdiniz?

- Düşünmürəm ki, bu, xüsusi bir sənət tərzidir, sadəcə olaraq hər kəsin özünü ifadə etməyə, insanlara nəyisə çatdırmağa bir yolları var. Heç vaxt hansısa xüsusi bir üsluba həvəsim olmayıb. Mənim üçün bu, daha çox sublimasiya ilə bağlıdır, yəni hər şey göründüyündən daha dərindir. Sənətim barmaq izlərim kimidir. Və imzamın reytinqdə yüksəlməsi üçün mübarizə aparıram.

- Bir çox Avropa ölkələrdə sərgilərdə iştrak etmisiniz. Bu sərgilər  həyatınıza və sənətinizə necə təsir göstərdi?

- Sərgilərin harada keçirilməsindən asılı olmayaraq, biennalelərdə, emalatxanalarda, art Bazel və s sərgilərdə iştirak etməyi dayandırdım. Küçədə işləməyə başlayandan bəri bütün bunlar mənim üçün vacib olmadı. Bu həqiqətdir və kimin bunu necə qəbul edəcəyi məni maraqlandırmır.  Bir rəssam olaraq küçədə rəsmlər sata bilirəm, polislərə küçə sənətinin problemlərini izah edirəm. Rəsm çəkəndə bəzən də qaydalara tabe olmuram - istədiyim yerdə, istədiyim vaxt çəkirəm. Eyni zamanda əxlaq qaydalarına riayət edirəm, heç vaxt kobudluq göstərmirəm və heç kimi narahat etmirəm.

- Niyə məhz Parisdə yaşamağa üstünlük verdiniz?

- Mənim emalatxanam Parisin tam mərkəzində deyil. Yaşadığım və işlədiyim yeri icarəyə götürmüşəm. Paris mənim üçün xüsusi bir şəhərdir. Düşünürəm ki, bütün Paris mənim üçün böyük bir studiya kimidir.

- Bakı ilə bağlı hansı planlarınız var?

- Bakı, Azərbaycan mənim canımdır, vətənimdir. Rəssamlarımızı görəndə çox qürurlanıram. Bakının Novxana, Bilgə kimi kəndlərində sovet dövründə Rotkonun əsərlərinə və rənglənmiş darvazalara rast gəlmək olur. Mənim bir ideyam var və onu necə həyata keçirəcəyimi də bilirəm: belə ki, hər il 4 azərbaycanlı rəssam Parisdə bir il qalmaq imkanı əldə etsin və mən də onların böyük qardaşı kimi yanlarında  olacağam.

Belə ki, bu il ərzində onlar rəqabət şəraitində xarici ölkədə necə uğur qazanmaq təcrübəsini qazansınlar.  Bu, əyləncədən, istirahətdən daha çox, ciddi iş rejimi olacaq və mən buna cavabdehəm, bu həm də mənim arzumdur.

- Sizin əsərlərinizi xalçaya çeviriblər və şəkilə uyğun rəng tapılmadığı üçün təzə rəng düzəltdiriblər.  Bu barədə danışmağınızı istəyərdim.

- Parisdəki qobelen fabrikində ildə bir dəfə qobelen hazırlamaq üçün rəssamları və onların işlərini axtarıb seçdikləri müsabiqələr keçirilir. 5 nəfər  münsiflər heyəti var və hər biri öz rəssamını axtarır və onu seçir. Bu, çox qapalı bir prosesdir, fabrikin özü 1400-cü illərdən bəri mövcuddur. Ən sevindirici hal odur ki, onlar 5 namizədin arasından məni seçdilər. Artıq 5 ildir ki, mənim qobelenim üzərində işləyirlər. İş gələn ilin əvvəlində hazır olacaq. Rənglərə gəlincə, mənim işim üçün onların hazır rəngləri yox idi və xüsusi olaraq mənim adıma olan 5 rəng yaradıblar. Qobelenləri bitirdikdən sonra mənə yaradılan rənglərin və adımın yazıldığı rəsmi palitranı verəcəklər. Bu mənim üçün böyük şərəfdir. Gələn il onların sərgisi olacaq, burada rəssamların qobelenləri, o cümlədən mənim əsərlərim təqdim olunacaq. Sərginin təfərrüatları məlum olan kimi sizə məlumat verəcəyik ki, mümkün qədər çox azərbaycanlı bundan bizimlə birgə zövq ala bilsin.

- Kitablarla aranız necədir və daha çox hansı janr?

- Gözlərimdəki problem kitab  oxumağa imkan vermir, audiokitablara qulaq asıram. Ancaq rus dilini bildiymdən  seçimim məhduddur. İmkan daxilində  baş verən hər şeydən xəbərdar olmağa çalışıram.

- Hazırda hansı əsərlər üzərində çalışırsınız?

 - Hər şeyə 0 - dan başladım. Rejissor Lalə Qarayeva ilə Parisdə  sənətin bütün taktikalarını nəzərdən keçirtdim və indi hər şeyin lazımi səviyyədə olması üçün can atıram.

Amerika-Avropa modelini götürməsək,  onların təcrübələri əsasında rejissor-rəssam birliyimizi yaratmışıq və inanırıq ki, bu, sənət aləmində sürətlə inkişaf edəcək. Bu, yeni bir modeldir, qeyd edim ki, mövcud sistem öz faydalılığını artıq başa vurub. Qısa müddət ərzində heyrətamiz nəticələr əldə etdik, çünki hər kəs öz işini görür və hər kəs sənətə həvəslidir. Bütün bunların sayəsində vaxtımın çox hissəsini  öz işimə  sərf edə bilirəm. Bundan əlavə "Banksy" qrupu ilə əlaqə saxlamağa başladıq.

Həmçinin sentyabr ayında Parisdə işləyən 40 stritart rəssamı haqqında kitab çıxacaq. Mən də bu kitaba daxil oldum. Sentyabr ayında Parisin tarixi Medlen kilsəsində sərgi təşkil ediləcək. Rəssamlar özləri də məni burada qalereyalarda satılan, muzeylər və kolleksiyaçılar tərəfindən alınan, bitmiş, əl ilə çəkdiyi rəsmlərini küçələrdə çəkən bir rəssam kimi fərqləndirirlər.

Havar Şəfiyeva

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
84
11
yeniazerbaycan.com

10Mənbələr