AZ

Qazaxıstanda fəaliyyət göstərən diaspor nümayəndələri ilə Dövlət Komitəsində görüş keçirilib

Bakı, 16 iyul, AZƏRTAC

Qazaxıstanda diaspor sahəsində fəaliyyət göstərən soydaşlarımızın, həmçinin dövlət strukturlarında və media qurumlarında çalışan qazax milliyyətindən olan nümayəndələrin “Prezidentlərin izi ilə!” şüarı altında Azərbaycana səfəri çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsində görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan görüşdə Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Əvvəlcə Azərbaycan-Qazaxıstan dostluğuna və qardaş ölkədə yaşayan Azərbaycan icmasının keçirdiyi tədbirləri əks etdirən videoçarx nümayiş olunub.

Komitə sədri Fuad Muradov rəhbərlik etdiyi qurumun fəaliyyəti, həyata keçirdiyi layihələr, xaricdə fəaliyyət göstərən Azərbaycan evləri, Koordinasiya şuraları, avqustda Laçında keçiriləcək Diaspor Gənclərinin V Yay Düşərgəsi haqqında məlumat verib. O, bir çox istiqamətlərdə olduğu kimi, diaspor və lobbiçilik sahəsində də Azərbaycan-Qazaxıstan əməkdaşlığının yüksək səviyyədə davam etdiyini bildirib. Komitə sədri 44 günlük Vətən müharibəsi zamanı Qazaxıstanda yaşayan Azərbaycan icması tərəfindən çoxsaylı dəstək məktublarının və müraciətlərinin daxil olduğunu vurğulayıb. Həmçinin xaricdə yaşayan soydaşlarımızın təşkilatlanmasının vacib proseslərdən biri olduğunu qeyd edib.

Fuad Muradov Füzuli şəhərində inşa edilən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin Azərbaycan Prezidenti İlham Əliyevin və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə açılışının ölkələrimizin və xalqlarımızın dostluğunun, qardaşlığının, qarşılıqlı dəstəyinin daha bir rəmzi olduğunu söyləyib.

Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin əməkdaşı Şakir Səlimov görüşün əhəmiyyətindən, Azərbaycan dövlətinin xaricdə yaşayan soydaşlarımıza göstərdiyi diqqət və qayğıdan, Qazaxıstan ilə Azərbaycan arasındakı səmimi münasibətlərdən və dərin tarixi bağlardan bəhs edib.

Kostanay vilayəti “Birlik” Etnomədəni Birliyinin sədri Rafael Hacıbalayev Azərbaycan-Qazaxıstan münasibətlərinin genişləndirilməsi istiqamətində hər cür dəstəyin göstərilməsinə hazır olduqlarını deyib.

Türküstan vilayəti “Qarabağ” Azərbaycan Etnomədəni Birliyinin rəhbəri Ramilə Mustafayeva, Qazaxıstan Azərbaycanlıları Assosiasiyasının Almatı şəhər filialının rəhbəri Qəhrəman Sadıyev, Mangistau vilayəti “Dostluq” Etnomədəni Birliyinin rəhbəri Şəmsəddin Hüseynov, Qazaxıstan Azərbaycanlıları Assosiasiyasının sədr müavini Allahverdi Məmmədov, Canbul vilayətinin Azərbaycan Etnomədəni Birliyinin sədri Tacir Abdullayev, Qazaxıstan yazıçısı Nasixa Gumarkızı və digər diaspor nümayəndələri ölkəmizə səfər etməkdən məmnunluqlarını ifadə edib, iki qardaş ölkə arasında münasibətlərin yüksələn xətlə inkişaf edəcəyinə əminliklərini bildiriblər.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
50
azertag.az

10Mənbələr