AZ

“Azərbaycanın xarici siyasətində Pakistanla münasibətlər mühüm yer tutur” - Fatma Yıldırım

“Azərbaycanın xarici siyasətində Pakistanla münasibətlər mühüm yer tutur. İki ölkə arasında çoxşaxəli əlaqələr mövcuddur. Ölkələrimiz bir-birinə sıx dostluq və qardaşlıq əlaqələri ilə bağlıdır. 11-12 iyul tarixlərində Azərbaycan Prezidenti İlham Əliyevin Pakistana dövlət səfəri də bu reallığı təsdiqləyir”.

”Yeni Gundem” xəbər verir ki, bu fikirləri Milli Məclisin VI çağırış deputatı Fatma Yıldırım deyib.

Deputat bildirib ki, hazırda iki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi, təhlükəsizlik, mədəniyyət, müdafiə və digər sahələrdə davam etdirilir. Xüsusilə, 44 günlük Vətən müharibəsində də Pakistan ölkəmizin mövqeyini birmənalı olaraq dəstəklədi. Prezidentimiz İlham Əliyev dost ölkənin bu dəstəyini yüksək qiymətləndirib. Ümumiyyətlə, Pakistan keçmiş Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hər zaman öz qəti mövqeyini də bildirib. Belə ki, Pakistan Azərbaycana dəstək vermək və həmrəylik nümayiş etdirməklə bu günə kimi Ermənistanla diplomatik əlaqələr qurmayıb. Həmçinin Pakistan Senatının Xarici Əlaqələr Komitəsi Azərbaycana dəstəyini möhkəmləndirmək üçün Xocalı faciəsini soyqırımı kimi tanıyıb.

Səfər zamanı mətbuata birgə bəyanatlar zamanı Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ölkəsinin Qarabağla bağlı Azərbaycanın mövqeyini hər zaman dəstəklədiyini bəyan edib və Vətən müharibəsində qazanılan Qələbəni ədalətin təntənəsi kimi dəyərləndirib. 

Millət vəkilinin sözlərinə görə, Azərbaycan da bütün məsələlərdə, o cümlədən Kəşmir məsələsində Pakistanın mövqeyini dəstəkləyir. Hər iki dövlət bir çox beynəlxalq platformalarda eyni maraqlardan çıxış edərək öz fəaliyyətlərini koordinasiya edir, bir-birini müəyyən məsələlərdə qeyd-şərtsiz dəstəkləyirlər. İki dost dövlət müdafiə, enerji, infrastruktur layihələrinin icrası, informasiya texnologiyaları, səhiyyə və əczaçılıq, tekstil və farmakoloji preparatlar, xüsusilə bütün mümkün domenlərdə birgə müəssisələrin qurulması və digər sahələrdə əməkdaşlıq edirlər. Eyni zamanda, Heydər Əliyev Fondunun bu ölkədə həyata keçirdiyi bir sıra humanitar və xeyriyyə xarakterli layihələr də ölkələrimiz arasında əlaqələrin inkişafına mühüm töhfə kimi dəyərləndirilir. Belə ki, Fond “Tolerantlığın ünvanı – Azərbaycan” layihəsi çərçivəsində Pakistanda bir neçə məktəbin yenidən qurulmasına dəstək nümayiş etdirib. Bu baxımdan, Pakistanda qızlar üçün yeni məktəbin tikintisi, İslamabadda, eləcə də Pakistanın digər əyalətlərində silsilə humanitar aksiyalar da xeyriyyəçilik tədbirləri sırasında yer alır.

“Hazırda iki dost ölkə arasında müxtəlif sahələr üzrə əməkdaşlığın böyük perspektivləri var. Bu sahələr sırasında iqtisadi-ticarət, enerji sektoru, investisiya və hərbi sahədə əməkdaşlıq  xüsusi yer tutur. Təqdirəlayiq haldır ki, Pakistan COP29-un ölkəmizdə keçirilməsini də dəstəkləyir və bu ölkənin Baş naziri tədbirdə iştirak edəcəyini bəyan edib. COP29-un inkişaf etməkdə olan bütün ölkələr, o cümlədən Pakistan üçün mühüm beynəlxalq tədbir olacağı vurğulanıb. Bütövlükdə, dövlət başçımızın Pakistana səfəri zamanı imzalanmış sənədlər də böyük əhəmiyyətə malikdir və qarşılıqlı əməkdaşlığın daha da güclənməsinə böyük töhfələr verəcək”, – deyə Fatma Yıldırım vurğulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
120
1
yenigundem.az

10Mənbələr