AZ

Trampa atəş və Əliyevin dərhal reaksiyasının səbəbi...

ABŞ-da liderlərə qarşı sui-qəsd cəhdi dəfələrlə olub və tarixi təcrübəyə görə, adətən belə hadisələrdən sonra ciddi dəyişikliklər baş verir. ABŞ-da gözlənilən dəyişiklik Trampın noyabr ayında keçiriləcək seçkilərdə prezident olacağıdır. Artıq bununla bağlı beynəlxalq nəşrlərin də proqnozları var, xüsusilə Baydenin prezident postuna adekvat olmaması fonunda bu gözlənti artır.

Teleqraf.com xəbər verir ki, bu sözləri Axar.az-a açıqlmasında “Teleqraf” Media Qrupunun rəhbəri, politoloq Aynur Camal Pensilvaniyada seçki mitinqi zamanı Donald Trampa sui-qəsd cəhdi edilməsi və onun xəsarət alması haqda deyib.

Politoloq hesab edir ki, Tramp ABŞ prezidenti seçiləcəyi təqdirdə qlobal siyasətdə ciddi dəyişikliklər qaçılmaz olacaq:

“Tramp prezidentliyi dönəmində “öncə Amerika” siyasətini izləyirdi və Vaşinqtonun xarici siyasəti kənar coğrafiyalara açıq müdaxilədən daha çox, müəyyən qədər neytral mövqeyə əsaslanırdı. Eyni siyasi xəttin tamamilə təkrarlanması ehtimalı çox deyil, çünki dünya 2020-ci ildən sonra dəyişib. Hazırda davam edən Ukrayna müharibəsi prezident olacağı təqdirdə Trampı da bunu nəzərə almağa məcbur edəcək. Lakin xarici siyasət kursunun demokratlardan fərqli olacağı bəllidir. Bu halda ilk zərbə Avropaya dəyə bilər, çünki Trampın Ağ Evə qayıdışından sonra “Köhnə Qitədə” millətçi kəsimin güclənəcəyi aydın görünür və bu, “qlobalistlər” adlandırılan qüvvələrin marağında deyil. Bu baxımdan, Trampa qarşı sui-qəsdin “qlobalistlər” tərəfindən edilməsi versiyalardan biridir. Kennedi sui-qəsdində də eyni izlər vardı. Baydenlə Trampın son debatından sonra ikincinin reytinqi və prezident postuna qayıdacağı ehtimalı daha da gücləndi. Mümkündür ki, sui-qəsdlə bunun qarşısını almağa, yaxud geri çəkilməsi üçün mesaj verməyə çalışıblar. Lakin o da istisna edilməməlidir ki, bu sui-qəsd Trampın önünü açmaq üçün də edilə bilər. Adətən qlobal proseslərə təsir edən belə səs-küylü sui-qəsdlər üzərindən sirr pərdəsi heç vaxt qalxmır. Bütün hallarda bu sui-qəsd Trampın Oval kabinetə dönüşünü sürətləndirə bilər”.

A.Camal Trampın Ağ Evə qayıdacağı təqdirdə ABŞ-ın Cənubi Qafqaz siyasətində də korrektlərin olacağını hesab edir:

“Bu dəyişikliyi Azərbaycanın maraqlarına uyğun hesab etmək olar, xüsusilə ABŞ-ın Ermənistan siyasəti fonunda.

Birincisi, Bayden Administrasiyası “küçə inqilabı” ilə hakimiyyətə gələn Paşinyana “demokratik dəyərlər” adı altında dəstək verir. Respublikaçılar daha realistdirlər.

İkincisi, respublikaçılardan fərqli olaraq, demokratlar arasında ermənilər üçün lobbiçilik edənlər həmişə daha çox olub.

Üçüncüsü, ABŞ tarixində respublikaçılar daha çox Azərbaycanla işləməkdə maraqlı olublar. Bu, demokrat Vilsonun “böyük Ermənistan” xəritəsindən bəri dava edən “ənənədir”.

A.Camal Trampa qarşı sui-qəsdin ABŞ demokratiyası üçün “qara gün” olduğunu qeyd edib:

“Prezident İlham Əliyev də baş vermiş sui-qəsdi haqlı olaraq, siyasi zorakılıq aktı adlandırdı. Çünki silahlı hücum şəxsi motivlərə görə yox, məhz siyasi məqsədlər üçün, seçki mitinqində törədilib. Azərbaycan Prezidentinin mövqeyində demokratik prinsiplər və hüququn aliliyi daim prioritet olub. Bu baxımdan, Prezident baş vermiş sui-qəsdi şiddətlə qınadı”.


Müəllif: Teleqraf.com
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
122
2
teleqraf.com

10Mənbələr