AZ

Azərbaycan Pakistan əlaqələri: İsti münasibətin sirrləri – TƏHLİL 

Prezident İlham Əliyevin bir neçə gün öncə geniş tərkibli heyətlə Pakistana rəsmi səfəri yalnız Azərbaycan və Pakistanda deyil, bütün dünyada geniş müzakirə olunur.

 

Səfər çərçivəsində ən çox maraq doğuran və müzakirə olunan məsələ İlham Əliyevin Pakistanda təntənəli şəkildə qarşılanması oldu. Şahbaz Şərifin şəxsən hava limanına gələrək Prezident İlham Əliyevi qarşılaması, Pakistan Hərbi hava qüvvələrinin müşayiətini diplomatik protokol baxımında qiymətləndirsək, bu, həm çox nadir görülən  bir məsələdir, eyni zamanda böyük hörmət əlaməti olaraq nümaiş etdirilən dostluq və əməkdaşlıq münasibətlərin fövqündə dayanan yanaşmadır. 


Bu isti münasibəti  və fərqli qarşılamanı şərtləndirən amillərə nəzər yetirək. Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdəndir. Hər iki dövlət biri-birinin ərazi bütövlüyü və suverenliyini tanıyır, beynəlxalq təşkilatlarda və platformalarda tam şəkildə dəstək nümaiş etdirir. 


Bundan əlavə, Pakistan Azərbaycanın işğal olunmuş ərazilərinə görə Ermənistanla bütün siyasi -diplomatik əlaqələri kəsmiş, hətta Pakistan senatı bilindiyi kimi, Xocalı soyqrımının tanınması ilə bağlı qətnamə də qəbul etmişdi. Öz növbəsində Azərbaycan da Kəşmir məsələsində Pakistana dəstəyini əsirgəməmiş, dövlət səviyyəsində keçirilən konfranslarda Pakistanın ərazi bütövlüyünün toxunulmazlığı qeyd olunmuşdur. 


Xüsusilə, İkinci Qarabağ müharibəsində  Pakistanın siyasi mənada tam şəkildə Azərbaycanı dəstəkləməsi ilə yeni bir mərhələnin başlanğıcı qoyuldu. Hələ 2003 -cü ildə Pakistan və Azərbaycan arasında imzalanmış hərbi razlaşmaya əsasən Azərbaycan ordusunun Xüsusi Təyinatlı qüvvələri dostluq və qardaşlıq simvolu kimi  hər il mütəmadi olaraq keçirilən paradda iştirak edib. Bundan başqa, 2013-cü ildə Pakistan ordusu ilə birlikdə Azərbaycanın Hərbi Dəniz Qüvvələri Ərəb dənizində birgə hərbi təlimlərdə iştirak edib. Gələcəkdə də bu hərbi əməkdaşlığın inkişaf etdirilməsi üçün 2009-cu ildə Pakistanın hərbi arsenalına daxil olan JF-17 çoxfunkisyalı qırıcıların (bu qırıcılar Pakistan və Çinin birgə səyləri nəticəsində istehsal olunub) alınması ilə bağlı məsələlərin gündəmə gətirilməsi xüsusi əhəmiyyət kəsb edir. Həmçinin, bu hərbi-siyasi gediş Hindistanın Cənubi Qafqazda Ermənistanla hərbi əməkdaşlığına əks həmlə ola bilər. 


Xatırladaq ki, Prezident İlham Əliyevi müşayiət edən məhz JF-17 qırıcıları idi. Bilindiyi kimi, son dövrlər Hindistan Ermənistanın silahlandırılmasında aktiv şəkildə iştirak edir. Bu konteksdə məsələlərə yanaşdıqda, Pakistan-Azərbaycan əlaqələrinin dərinləşməsi regionun sabitliyi, təhlükəsizliyi və güc balansının qorunması baxımından çox vacib rol oynayır. Haşiyəyə çıxaraq qeyd etmək lazımdır ki, F-16 kimi NATO qırıcılarının alınması prosesi və şərtləri çox qəlizdir.


Azərbaycan Şərq-Qərb, Şimal-Cənub dəhlizlərinin mərkəzində yerləşir, eyni zamanda Pakistan da bu dəhlizdə  yerləşməklə geostrateji önəmə sahibdir. Hər iki ölkənin Çinlə qarşılıqlı münasibətləri yüksələn xətlə inkişaf edir və eyni zamanda Türkiyə ilə Pakistan əlaqələrində də dinamizm müşahidə olunmaqdadır. Dəhliz boyunca uzanan bu siyasi oxun davamlığı üçün təhlükəsizlik və sabitlik çox önəmlidir. Məhz bu mürəkkəb geosiaysi proseslər fonunda Prezident İlham Əliyevin  Pakistana rəsmi səfəri və geniş sektorları əhatə edən razlaşmaların imzalanması gələcəyə istiqamətlənmiş strateji gedişlərdir. 


Xüsusilə, iki dövlət arasında qarşılıqlı olaraq iqtisadi-ticari dövriyyənin 100 million dollardan 2 milyarda qaldırılması çox vacib nüansdır. Belə ki, Pakistanın Baş naziri Şahbaz Şərif ölkəsinin hər il 27 millyard dollar civarında enerji istehlak etdiyini bildirib və Azərbaycanla bu sahədə birgə işlər görülə biləcəyinə də eyham vurub. 


Ümumiyyətlə, son dövrlər beynəlxalq münasibətlər sistemində cəryan edən proselərə nəzər salsaq, xüsusilə yeni ittifaqların, blokların meydana çıxma ərəfəsində balanslı xarici siyasət həyata keçirməklə Azərbaycan geosiyasi və geoiqtisadi, eyni zamanda  geostrateji baxımından da regionun sabitliyi və təhlükəsizliyi üçün çox vacib rol oynayır. Belə ki, Avrasiayda tranzit imkanlarından səmərəli istifadə etməklə, Qərblə münasibətlərdə isə enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq etməklə bu orta xəttin qorunub saxlanılmasına nail olunub. Bu da təbii ki, Azərbaycanın siyasi- diplomatik uğurudur. 


Bütün bunlardan sonra iddia etmək olar ki, ərazi və əhalisinə görə kiçik görünən Azərbaycanın dünyanın böyük ölkələri ilə bərabərtərəfli fəaliyyəti, çoxistiqamətli əməkdaşlığı həm yaxın, həm də uzaq gələcək üçün ölkəmizə ciddi perspektivlər vəd edir. 


Modern Təhlil Qrupu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
94
9
modern.az

10Mənbələr