AZ

Pakistan hər dövlət başçısını qarşılamır: İslamadad-Bakı qardaşlığı

İyulun 11-də Azərbaycan Prezidenti İlham Əliyev Pakistana rəsmi səfər edib. Prezident İlham Əliyevin qarşılanma mərasimi yüksək səviyyədə təşkil edilib. Belə ki, Azərbaycan Prezidentinin təyyarəsi Pakistan ərazisinə daxil olarkən Pakistan HHQ-nin qırıcıları havaya qaldırılıb. İslamabadda Azərbaycan ilə Pakistan arasında imzalanmış sənədlərin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə mübadiləsi mərasimi olub.


İlham Əliyevin Pakistan səfərini Modern.az-a şərh edən VI çağırış Milli Məclisin Azərbaycan-Pakistan Parlamentlərarası İşçi Qrupunun üzvü Musa Quliyev bildirib ki, bunu tarixi hadisə adlandırıb:


"Cənab İlham Əliyevin Pakistana gedişi iki dost və qardaş ölkə arasındakı münasibətlərin daha yüksək, yəni strateji müttəfiqlik müstəvisinə çatdırılmasına xidmət edən səfər oldu. Cənab Prezident üçün ən yüksək səviyyədə qarşılanma mərasimi keçirildi. Pakistan İslam Respublikası hər gələn dövlət başçısını, qonağı belə qarşılamır. Cənab İlham Əliyevin belə yüksək qarşılanması onun şəxsiyyətinə, həm də Azərbaycan xalqına Pakistan dövlətinin hörmət və ehtiramının nümayişi idi. Pakistan və Azərbaycan uzun illərdi bir-birini dəstəkləyən dövlətlərdir. Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri də Pakistandır. 30 il ərzində torpaqlarımız işğal altında olduğu müddətdə Pakistan dövləti həmişə yanımızda olub, ərazi bütövlüyümüzü və suverenliyimizi dəstəkləyib. Eyni zamanda İkinci Qarabağ müharibəsində də Pakistanın qardaş dəstəyini gördük. Cənab Prezidentin də dediyi kimi, müharibənin davam etdiyi 44 gündə Azərbaycan, Türkiyə və Pakistan bayraqları bir yerdə dalğalandı. Bu da münasibətlərimizin qardaşlıq səviyyəsində olduğunun göstəricisiydi".

M.Quliyev vurğulayıb ki, Pakistan Baş nazirinin Prezident İlham Əliyevlə birgə keçirdiyi mətbuat konfransında söylədiyi fikirlər diqqətçəkən olub:
 

"Baş nazir Şahbaz Şərifin "indi daha İslamabadı Azərbaycan memarları tikəcək, İslamabad da artıq Bakıya oxşayacaq" deməsi Azərbaycanın paytaxtına verilən böyük qiymətdi. Burada imzalanan sənədlərin olduqca böyük miqyaslı, müxtəlif çeşidli olması göstərir ki, ölkələrimiz arasındakı münasibətlər bundan sonra daha geniş olacaq və inkişaf edəcək. Bizim hərbi, siyasi, iqtisadi, mədəni, elm sahələrində əməkdaşlığımızı daha da genişləndirmək üçün bu müqavilələr imzalandı. Bu, Pakistanın Azərbaycana daha da yaxınlaşmasına imkan yaradacaq. Pakistan böyük dövlətdir. Nüvə silahı olan yeganə islam dövləti Pakistandır. Pakistanın bizim yanımızda olması milli təhlükəsizliyimizi daha da artıran faktorlardan biridir. Eyni zamanda Pakistanla Azərbaycan arasında iqtisadi əlaqələrin qurulması, onun da Orta Dəhlizə qoşulması həm mal dövriyyəsinin artmasına, həm də iqtisadi əməkdaşlığımızın möhkəmlənməsinə səbəb olacaq. Prezidentimizə Pakistanda yüksək səviyyətə diqqət və hörmətin göstərilməsi bu ölkədə cənab İlham Əliyevin nə qədər böyük nüfuz sahibi olması ilə bağlıdır. Azərbaycan həmişə Kəşmir məsələsində Pakistanın yanında olub, bu ölkənin ərazi bütövlüyünü birmənalı olaraq dəstəkləyib. Dünənki mətbuat konfransında da hər iki ölkə rəhbəri tərəfindən bu fikir səsləndi".
 

M.Quliyev Bakı və İslamabadın qardaşlaşmasından da bəhs edib:


"Ümumiyyətlə, iki ölkə arasında dostluq münasibətləri 30 ildən çoxdur ki, davam edir. Dəfələrlə, qardaş-dost ölkələrin rəhbərləri, parlamentariləri, baş nazirləri və müxtəlif səviyyədə nazirləri görüşüblər. Amma bu görüş bütün o görüşlərin fövqündə dayanan Zirvə görüşüydü. Bundan sonra münasibətlərimiz daha ciddi şəkildə inkişaf edəcək. Cənab Prezidentin söylədiyi kimi, Azərbaycanın Pakistana, xüsusilə İslamabad şəhərinə 2 milyard dollara qədər investisya yatırtması barədə qərar qəbul etməsi çox ciddi əməkdaşlıqdan xəbər verir. Bu, hər iki dövlətin və xalqın mənafeyinə xidmət edən əhəmiyyətli səfər oldu. Bakı və İslamabadın qardaşlaşması haqda müqavilənin imzalanması həm xoş münasibətin göstəricisi, həm də şəhərlərimiz arasında gediş-gəlişin, turizm, mədəni və humanitar əlaqələrin möhkəmlənməsinə xidmət edəcək. Digər şəhər və rayonlarımızın da Pakistanın müxtəlif şəhər və rayonları ilə qardaşlaşması prosesi davam edəcək".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
108
50
modern.az

10Mənbələr