AZ

Bakı və İrəvan həqiqətən sülhə yaxındırlarsa, ABŞ bu anda nə etməlidir?..

Image

Rəşad Bayramov: “Yaxşı olardı ki, ABŞ Ermənistana məhz bu yöndə təsirlər etsin”

ABŞ Dövlət katibi Entoni Blinken Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə üçtərəfli görüşdə deyib ki, xarici işlər nazirləri ilə bir yerdə olmaqdan çox məmnundur. O bildirib ki, Azərbaycan və Ermənistan danışıqlar, o cümlədən dayanıqlı, layiqli və hər iki ölkə, region və ABŞ-la əlaqələr üçün böyük imkanlar yaradan sülh danışıqları istiqamətində vacib işlər görüb:

“ABŞ Avropa İttifaqı və digər həmkarları ilə birlikdə bu prosesə dəstək verib. Bugünkü görüş əldə olunmuş irəliləyişləri nəzərdən keçirmək üçün bir fürsətdir. Bütün təmaslar, o cümlədən son həftələrdə aparılan müzakirələrə əsasən düşünürəm ki, tərəflər ABŞ-ın da güclü şəkildə dəstəklədiyi sülh razılaşmasını əldə etməyə yaxındır. Bu gün ABŞ-ın razılaşmanın əldə olunması üçün nələr edə biləcəyini müzakirə etmək üçün bir aradayıq”.

Göründüyü kimi, Blinken deyir ki, ABŞ sülh razılaşmasının əldə olunması üçün nələri etməyi müzakirə ediblər. Bunun üçün ABŞ konkret olaraq nə etməlidir və nə edir?

Politoloq Rəşad Bayramov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, ABŞ dövlət katibi Entoni Blinken, eləcə də ölkənin bir sıra digər rəsmiləri həm Ermənistan, həm də Azərbaycan hökumətlərində yüksək vəzifəli rəsmilərlə daim təmasdadırlar:

“Birləşmiş Ştatlar sülh sazişi bağlamaq üçün çalışan Ermənistan və Azərbaycanı dəstəkləməyə sadiq olduğunu bəyan edir.  Təsadüfi deyil ki, Blinken belə deyir: “Ermənistan və Azərbaycan arasında indiyədək əldə edilmiş irəliləyişdən ruhlanırıq və regionun rifahı üçün iki ölkənin mümkün qədər tez sülh sazişi bağlamasını dəstəkləyirik”. Ancaq ABŞ yalnız mövqe ifadə etməklə kifayətlənməməlidir. Sülhün əldə olunması üçün ortaya ciddi iradə qoymalıdır.

ABŞ dövlət katibinin müavini Ceyms O`Brayn İrəvanla Bakının qarşılıqlı sülh müqaviləsi imzalamaq imkanının olduğunu deyib. 

ABŞ və Rusiya uzun müddətdir Cənubi Qafqazda mövqe savaşı aparır, təsir “rıçaq”larını gücləndirməyə çalışırlar. İkinci Qarabağ müharibəsindən sonra rəsmi Bakı yeni reallıqlar yaratdı. Vaşinqton və Moskva hazırda bu reallıqları anlayır. Hər iki dövlət regionda öz təsir güclərini artırmaq üçün artıq “sülh sazişi kartı”ndan istifadə edir. Rusiya və ABŞ-ın mövqe savaşı yalnız Cənubi Qafqazla məhdudlaşmır. Hiss edilir ki, sülh prosesində bu tərəflər səmimi deyil və yalnız öz maraqlarını güdürlər. Azərbaycan vəziyyətdən xəbərdardır. Rəsmi Bakı da sülh prosesinə maraqları çərçivəsindən yanaşmalıdır. Səsləndirilən təklifləri eşitməli, özünə uyğun formada istifadə etməlidir. Üçüncü tərəflərin prosesə müdaxiləsi minimum olmalıdır.

Nazirlərin Vaşinqton görüşü Bakı və İrəvan arasında əsas ziddiyyətli məqamların, xüsusilə Azərbaycanın haqlı tələblərinin həllini tapmasına təsiredici olmadı. Bu görüş daha çox ABŞ-ın tərəflər arasında vasitəçilik yarışında önə çıxmaq istəyi kimi qiymətləndirilə bilər. Bakı və İrəvan arasında bəzi mövzularda fikir ayrılığı var.  Azərbaycan haqlı olaraq uzunmüddətli proses olan sərhədin delimitasiyasını sülh sazişindən ayırmağı təklif edir. Eyni zamanda, kommunikasiyanın açılmasında Zəngəzur dəhlizinin açılmasını istəyir. Azərbaycan deyir ki,  Naxçıvana gedən sərnişinlər və aparılan yüklər gömrük yoxlanışına məruz qalmamalı, bu yoldan istifadə edən digər ölkələrə gömrük qaydaları tətbiq edilməlidir. Ermənistanın bunu qəbul etməməsi sazişin imzalanmasını da çətinləşdirir. Yaxşı olardı ki, ABŞ Ermənistana məhz bu yöndə təsirlər etsin. Təəssüflər olsun ki, biz belə təzyiqləri görmürük”.

Məhəmmədəli QƏRİBLİ





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
50
baki-xeber.com

10Mənbələr