AZ

"Bu, hansısa sonsuz cəhənnəmi xatırladır... Tanrı dözümlüdür, amma hər şeyin bir həddi var..." 

 
"Alla Puqaçova Rusiya Silahlı Qüvvələrini nüfuzdan salır və o, çoxdan "xarici agent" kimi tanınmalıdır..."
 
Puqaçova və Qalkin Kiyevdə uşaq xəstəxanasının atəşə tutulmasına münasibət bildirib
 
Siyasi səbəblərdən Rusiyanı tərk edərək İsraildə məskunlaşan məşhur artistlər Alla Puqaçova və Maksim Qalkin Kiyevin Şevçenko rayonunda "Öxmatdet" uşaq xəstəxanasının Rusiyanın raket atəşinə tutulması və nəticədə səkkiz uşağın zərər çəkməsinə münasibət bildirib.
 
Moderator.az xəbər verir ki, bu barədə "press.lv" nəşri yazıb.
 
Maksim Qalkin sosial şəbəkələrdə iki həftəlik sükutunu pozaraq yeni postunda Ukraynadakı vəziyyəti "sonu görünməyən cəhənnəm" adlandırıb və həlak olanların ailələrinə başasğlığı verib.
 
Şoumen və teleaparıcı özünün "İnstagram" səhifəsində Kiyev uşaq xəstəxanasının əməliyyat otağından foto dərc edib. Burada partlayışdan sonra dəhşətli şəraitdə cərrahlar briqadası körpə uşağı əməliyyat etməkdə davam edir.
 
Raketin düşdüyü zaman həkimlər üç ürək əməliyyatı həyata keçirib, onlardan biri açıq döş qəfəsində aparılıb. Təbii ki, cərrahlar əməliyyatı dayandırmayıb  və həyatlarını riskə ataraq körpəni xilas etməkdə davam edib. Qalkin Ukrayna həkimlərinin məhz bu qəhrəmanlığını şərh edib. 
 
Yeri gəlmişkən, partlayışlar səbəbindən əməliyyat otağını şüşə qalıqları və toz basdığından körpənin döş boşluğu çirklənib. O məqamda onun həyatı xilas edilib, lakin infeksiyalaşmanın baş verməməsi üçün hazırda körpə digər klinikada intensiv müalicə olunur.
 
"Bu günün ən dəhşətli fotosübutlarından biri: həkimlər Rusiyanın birbaşa raket hücumu zamanı körpə uşaqda açıq ürək əməliyyatı aparmaqda davam edir", - artist yazıb.
 
"Hazırda Ukraynaya güclü zərbələr nəticəsində 37 nəfər həlak olub, onlardan üç nəfəri uşaqdır, 170 yaralı var, onlardan 13-ü uşaqdır. Bu, hansısa sonsuz cəhənnəmi xatırladır. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm".
 
Kiyevdə baş vermiş faciəyə Alla Puqaçova daha lakonik, amma o da emosional münasibət bildirib.
 
"Tanrı dözümlüdür, amma hər şeyin bir həddi var",  Alla Borisovna özünün "İnstagram" səhifəsində yazıb və darmadağın edilən xəstəxanada qan içində olan körpənin fotoşəklini yerləşdirib.
 
Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarovanın tikanlı cavabı gecikməyib:
 
"Mənə elə gəlir ki, Tanrı Alla Borisovna Puqaçovanın məsləhətləri olmadan da hər şeyi anlayır", - o, "Telegram-kanal"ında yazıb.
 
Rusiya Dövlət Dumasının deputatı Aleksey Juravlyov bəyan edib ki, sovet estradası primadonnasının postu Rusiya Silahlı Qüvvələrini nüfuzdan salır və Qərb təbliğatıdır. O, bəyan edib ki, Puqaçova çoxdan "xarici agent" kimi tanınmalıdır.
 
Əvvəllər Alla Borisovnanı ilahələşdirən musiqi tənqidçisi Sergey Sosedov deyib ki, onun "İnstagram"dakı postuna əhəmiyyət verməyə dəyməz.
 
"Məsələn, məndə bu qadın çoxdan maraq doğurmur, mən onu unutmuşam, hamıya da bunu məsləhət görürəm. O zaman o, heç nə yazmayacaq", - Sosedov izah edib.
 
Federasiya Şurasının beynəlxalq işlər üzrə komitə sədri Qriqori Karasin bəyan edib ki, müğənni səhv edib, çünki Rusiya KİV-lərini dinləmir, onların hamısı bir ağızdan Rusiya Silahlı Qüvvələrinin "mülki obyektlərə zərbələrdən yan keçmək üçün təlimatlara dəqiq əməl etdiyini" bəyan edir.
 
"Mənə elə gəlir ki, Alla Borisovnanı belə bəyanatlara sövq edən vicdansız adamlar və ya vicdansız KİV-lər olub", - siyasətçi qeyd edib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
100
17
moderator.az

10Mənbələr