AZ

Duz istehlakı ilə ekzema arasındatəhlükəli əlaqə ortaya çıxdı

Duz istehlakı ilə ekzema (allergik dəri xəstəliyi) arasında təhlükəli əlaqə ortaya çıxıb.

Medicina.az xəbər verir ki, araşdırmada təxminən 216 min insan iştirak edib.

Alimlər aşkar ediblər ki, həddindən artıq duz istehlakı böyüklərdə ekzemanı artıra bilər. ABŞ-ın San-Fransisko şəhərindəki Kaliforniya Universitetində aparılan araşdırmada, UK Biobank-dan yaşları 30-70 arasında olan 215 min 832 yetkinin məlumatları tədqiq olunub. Bu insanların 10 min 839-na artıq ekzema diaqnozu qoyulmuşdu. Məlumatlara sağlamlıq qeydləri və sidik nümunələri də daxildir.

“JAMA Dermatology” jurnalında dərc edilən araşdırma, natriumun dəridə saxlandığına və bədəndə iltihaba səbəb ola biləcəyinə diqqət çəkib. Atopik dermatit olaraq da bilinən ekzema dəridə qaşınma, qızartı və səpki ilə xarakterizə olunan bir xəstəlikdir.

Araşdırma nəticəsində məlum olub ki, gündəlik duz istehlakında 1 qram artım ekzema diaqnozu qoyulma ehtimalını 11 faiz artırıb. Duz istehlakında 1 qram artımın ekzemanın şiddətini 16 faiz artırdığı da məlum olub. Digər tərəfdən, araşdırmanın aparıcı müəllifi Katrina Abuabara, yüksək miqdarda duz istehlakının birbaşa ekzemaya səbəb olduğunu söyləməyin mümkün olmadığına diqqət çəkib: “Mən düşünmürəm ki, bütün ekzema halları duz istehlakı ilə bağlıdır. Məncə, bu, yəqin ki, bəzi insanlar üçün təsiredici faktorlar arasındadır. Natrium qəbulunun azaldılmasının ekzemanın şiddətini azaldacağını hələ bilmirik. Xüsusi bir pəhriz tövsiyə etməzdən əvvəl daha çox araşdırma aparmalıyıq”.

K.Abuabara ABŞ-da xüsusilə “fast food” sənayesində məhsullarda həddindən artıq duz istifadə edildiyinə də diqqət çəkib. Onun sözlərinə görə, ölkədə 31 milyon insan ekzemadan əziyyət çəkir. Alim vurğulayıb ki, gələcəkdə ABŞ-da 10 nəfərdən 1-də ekzema müşahidə oluna bilər.

Amerikalı dermatoloq Saranya Wyles, araşdırmanın duz istehlakı ilə ekzema arasındakı əlaqənin araşdırılması istiqamətində əhəmiyyətli bir addım olduğunu ifadə edib: “Potensial bir fərziyyənin sınaqdan keçirildiyini söyləyə bilərik, lakin nəticələr qəti deyil”.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
100
22
medicina.az

10Mənbələr