AZ

Talassemiyalı uşaqların əməliyyatı adı ilə 1 milyonluq dələduzluq: uşaqlardan biri 2 gün əvvəl vəfat edib

Talassemiyalı uşaqların xaricdə müalicəsi adı ilə onların valideynlərini aldadaraq, onların ümumilikdə 1 milyon manata yaxın pulunun ələ keçirilməsilə bağlı məhkəmə araşdırmaları davam edir. Bu işlə əlaqədar külli miqdarda dələduzluqda ittiham olunan 3 nəfərin – Nuridə Seyidova, Aynur Bayramova və Aysel Məmmədovanın işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyilə baxılır. Bu cinayət işi üzrə 36 nəfər zərərçəkmiş qismində tanınıb. Zərərçəkmiş şəxslər övladlarının xaricdə əməliyyatı üçün külli miqdarda pul versələr də, son nəticədə aldadılıblar. İttihama əsasən, talassemiyalı uşaqların valideynlərinə Nuridə Seyidovanın rəhbərlik etdiyi şirkətlərin bu xəstəlikdən əziyyət çəkən uşaqları Türkiyəyə müalicəyə göndərdiyi deyilib. Onlara bildirilib ki, müalicə xərclərinin bir hissəsini xarici donor təşkilatlar qarşılayır, qalan pulu onlar verməlidir. Bizimyol.info xəbər verir ki, iyulun 10-da keçirilən məhkəmə prosesində hakim təqsirləndirilən Aynur Bayramovanın vəkili Zaur Hüseynovun yazılı etirazını elan edib. Orada göstərilib ki, vəkil bu işə hakim Azad Məcidovun sədrliyilə baxılmasını istəmir. Lakin vəkilin etirazı müzakirəyə çıxarılmayıb və bu məsələ ilə bağlı konkret qərar verilməyib. Daha sonra hakim zərərçəkmiş Solmaz Eyvazovanın məhkəməyə göndərdiyi mülki iddianı elan edib. Zərərçəkmiş göstərib ki, təqsirləndirilən şəxslərdən Aysel Məmmədovaya 6800 manat pul verib, əvəzində ona saxta qəbz verilib. O, həmin pulun qaytarılmasını tələb edir. Lakin Solmaz Eyvazova özü məhkəmə iclasında iştirak etmədiyinə görə onun mülki iddiası da müzakirə olunmayıb. Təqsirləndirilən şəxslərdən Nuridə Seyidova ötən məhkəmə iclasında ifadə versə də, tərəflərin suallarına cavablar növbəti iclasa qalmışdı. Bugünkü məhkəmədə o, sualları cavablandırıb. O, prokurorun suallarına cavab verərkən zərərçəkmişlərdən bəzilərindən müalicə adıyla pulları digər təqsirləndirilən Aysel Məmmədova ilə brilikdə alıblar: “Aynur isə özünə çatan pulları götürüb”. Zərərçəkmişlərə dəymiş ziyanın ödənilməsi haqda sualı cavablandıran Nuridə Seydiova bildirib ki, həbsdən buraxılarsa, ziyanın ödənilməsi üçün müəyyən addımlar ata bilər. “Mənim qarşımda şərt qoyursunuz ki, sizi buraxaq, gedib ziyanın ödənilməsi üçün iş görəsiniz? Mən 15 ildir hakiməm, iki günlük işə baxmıram. Burada elə işə baxırdıq ki, 11 milyonluq ziyan vardı. Deyirdi ki, məni 2 günlük buraxın, gedim Dubayda bankdan pullarımı götürüm gəlim, çünki bankda özüm imza edib pulu götürə bilərəm. Siz işin mahiyyətindən danışın ki, kimin vasitəsilə bu işə cəlb olunmusunuz, xəstələri hardan tapırdınız?”, - deyə hakim Azad Məcidov bildirib. Hakim əlavə edib ki, talassemiyalı xəstələrin əməliyyatı üçün donorun tapılması çətin prosesdir. Həm donor külli miqdarda pul tələb edə bilər. Hazırlıq prosesindən tutmuş, əməliyyatın özünə qədər ciddi vəsait tələb edən prosesdir. Hakim soruşub ki, talassemiya xəstəliyi və onun müalicəsi haqqında məlumatları var idimi? Nuridə Seyidova suala cavabında bildirib ki, bu sahə ilə bağlı məlumatsız idi: “Bu işləri araşdırmağı Aynur Bayramovaya həvalə eləmişdim. Çünki o, Talassemiya Mərkəzində işləyirdi”. Zərərçəkmişlərdən Sahid Mövsümov məhkəmədə bildirib ki, bu cinayət işində adı keçən talassemiyalı xəstələrdən biri olan 12 yaşlı uşaq iki gün əvvəl vəfat edib. O, bu məsələnin araşdırılmasını istəyib: “Bu, faciədir və araşdırılmalıdır. Bunun üçün Səhiyyə Nazirliyinə sorğu göndərilməlidir. Çünki Talassemiya Mərkəzi qapalı müəssisədir. Bu adamların orada qeydiyyatda olan xəstələrin siyahısına necə əlləri çatıb? Onların qan nümunələri oradan götürülüb, Türkiyəyə aparılaraq laboratoriyadan keçirib. Bu məsələlər mütləq araşdırılmalıdır. Bu işdə 1 milyon manata yaxın ziyan var. Bu pullar hara gedib? Bu işin kökünü araşdırmaq lazımdır”. Zərərçəkmiş tribunada çıxış edərkən qəfildən vəziyyəti pisləşib və huşunu itirib. Qarabağ müharibəsi əlili olan Sahid Mövsümov epilepsiya xəstəliyindən əziyyət çəkir. O, təqsirləndirilən şəxslərə uşağının müalicəsi üçün pul verib. Zərərçəkmişin huşunu itirməsilə əlaqədar məhkəmə prosesində fasilə elan olunub. Fasilədən sonra sualların cavablandırılması davam etdirilib. Nuridə Seyidova bildirib ki, xəstələri digər iki təqsirləndirilən – Aynur Bayramova və Aysel Məmmədova cəlb edib. O, əlavə edib ki, cəlb olunan xəstələrdən təxminən 30 nəfərin müalicəsinə köməklik göstəriblər. Nuridə Seyidova onu da qeyd edib ki, anasına məxsus evi sataraq, zərərçəkmişlərə ziyanın ödənilməsinə xərcləyib. Amma o, satılmış evin hansı ünvanda yerləşdiyini, satışdan əldə olunan vəsaitin hansı zərərçəkmişlərə ödənilməsi haqda suallara “xatırlamıram” cavabını verib. “Siz əsas adamlardan birisiniz. “Bilmirəm”, “xatırlamıram” kimi cavablarla kifayətlənmək olmaz. Zərərçəkmişlərə demisiniz ki, beynəlxalq təşkilatlar vəsait köçürərək, əməliyyatlara yardım edəcək. Bunlar hansı təşkilatlardır, onlardan danışın”, - hakim bildirib. Daha sonra Aynur Bayramovanın vəkili onun ev dustsqlığına buraxılması barədə vəsatət qaldırıb. Vəkil bildirib ki, Aynur Bayramova kəskin xəstəlikdən əziyyət çəkir. Müdafiə tərəfi bununla müvafiq orqana sorğu verib və cavab alıb: “Həmin cavabı da vəsatətə əlavə edirik. Orada da onun xəstə olması təsdiqlənir. Bu xəstəliyin həbsdə müalicəsi mümkün deyil”. Vəkil qeyd edib ki, Aynur Bayramovanın özü ilə yanaşı, azyaşlı övladı da xərçəng xəstəliyindən əziyyət çəkir. Himayəsində həm xəstə, həm də yetkinlik yaşına çatmayan iki övladı var. Müdafiəçi xatırladıb ki, Aynur Bayramova bir müddət əvvələ qədər həbsdə deyildi və həmin dövrdə istintaqdan, məhkəmədən yayınmayıb, şahidlərə, zərərçəkmişlərə təsir göstərən addımlar atmayıb. Lakin hakimlər Aynur Bayramovanın ev dustaqlığına buraxılmasıyla bağlı vəsatəti təmin etməyib. Hakim Azad Məcidov bildirib ki, Aynur Bayramova zərərçəkmişlərin heç biri ilə barışıq əldə etməyib, zərərin ödənilməsi istiqamətində addım atmayıb. Məhkəmə prosesi iyulun 24-də davam edəcək. Aytən, Bizimyol.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
13
bizimyol.info

10Mənbələr