AZ

Dünya çempionu: İspaniya millisinin gənc futbolçuları Fransa üçün əsl başağrısı olacaqlar

Dünya

Bakı, 9 iyul, AZƏRTAC

“İspaniya millisini Fransa ilə oyunda daha şanslı hesab edirəm”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycanın veteran futbolçusu Vladislav Qədirov Avropa çempionatının yarımfinal mərhələsində üz-üzə gələcək Fransa və İspaniya yığmaları arasındakı oyun barədə danışarkən deyib.

Vaxtilə 17 yaşadək futbolçulardan ibarət SSRİ millisinin heyətində dünya çempionu olmuş mütəxəssis ispaniyalıların daha kreativ futbol nümayiş etdirdiyini bildirib: “Olduqca gənc heyətə malikdirlər. İspaniya turnirdə baxımlı oyun sərgiləyən azsaylı yığmalardan biridir. Futbolçuları isə çox istedadlıdır. Düşünürəm ki, həmin oyunçular bugünkü matçda Fransa millisi üçün əsl başağrısı olacaqlar. Fikrimcə, mərhələni ispanlar keçəcəklər”

Onun sözlərinə görə, bu matçda Fransanın əsas qol silahi Kilian Mbappe olacaq: “Əlbəttə, ispaniyalı müdafiəçilər bütün diqqəti ona yönəldəcəklər. Lakin komandalar bir oyunçudan asılı olmamalıdır. Məsələn, Portuqaliya millisinin Avropa çempionatında uğursuzluq yaşamasının səbəblərindən biri Kriştiano Ronaldo ilə bağlıdır. Çünki Roberto Martines bütün oyunu yaşı çox olan Ronaldo üzərində qurdu. Bu da millinin çıxışına mənfi təsir etdi”.

54 yaşlı mütəxəssis Avropa çempionatında favorit hesab etdiyi komandanın adını da açıqlayıb: “Düşünürəm ki, İspaniya millisi Avropa çempionu olacaq. Onların bu nəticəni qazanmaq üçün çox yaxşı heyəti və oyun üslubu var”.

Qeyd edək ki, Almaniyanın Münhen şəhərindəki “Alyants Arena”da oynanılacaq Fransa–İspaniya görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
50
azertag.az

10Mənbələr