AZ

Meşə fondu və xüsusi mühafizə olunan ərazilərdə baş verə biləcək yanğın hadisələrinə qarşı qabaqlayıcı tədbirlər görülür

Lənkəran, 5 iyul, İlkin Adıyev, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin aidiyyəti qurumları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi və Hirkan Milli Parkının əməkdaşlarının iştirakı ilə “Meşə fondu və xüsusi mühafizə olunan ərazilərdə baş verə biləcək yanğın hadisələrinə qarşı qabaqlayıcı tədbirlərin həyata keçirilməsi” mövzusunda tədbir təşkil olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə meşə və yaşıllıq ərazilərdə yanğın hallarının baş verməməsi üçün kənd təsərrüfatı ilə məşğul olan sahibkarların, fermerlərin, meşə ətrafında yaşayan kənd sakinlərinin, heyvandarlıq və əkinçiliklə məşğul olan vətəndaşların odla ehtiyatlı davranmalarının və yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etmələrinin vacibliyi vurğulanıb. Eləcə də yanğın hadisələrinin baş verməməsi üçün qabaqlayıcı tədbirlərin görülməsinin, yanğınla mübarizə istiqamətində maarifləndirmə işlərinin genişləndirilməsindən söz açılıb.

Sonda Fövqəladə Hallar və Ekologiya və Təbii Sərvətlər Nazirliklərinin yerli qurumlarının qüvvə və texnikalarını cəlb etməklə, şərti olaraq baş vermiş meşə yanğınlarının qarşısının alınması, eyni zamanda, xüsusi texnikalar vasitəsilə meşəətrafı ərazidə 6–8 metrlik məsafənin şumlanaraq, təhlükəsizlik zolağının yaradılması əyani şəkildə nümayiş olunub.

Seçilən
83
21
azertag.az

10Mənbələr