AZ

Siyasət Əsgərov: “Rəqibimiz çox ciddi və təhlükəlidir”

“Neftçi”nin qadın futbolçulardan ibarət komandasının baş məşqçisi Siyasət Əsgərov UEFA Çempionlar Liqasının püşkünü dəyərləndirib.

Arena.az xəbər verir ki, bu gün qadınların Çempionlar Liqasında ilk mərhələnin püşkatma mərasimi təşkil olunub.

Azərbaycan futbolu tarixində ilk dəfə Çempionlar Liqasına vəsiqə qazanmış “Neftçi” bu mərhələdə Avstriyanın “Sankt-Pölten” klubu ilə qarşılaşacaq. Azərbaycan çempionu 2-ci qrupa düşüb. Bu qrupda “Vlajniya” (Albaniya) və “Lançxuti” (Gürcüstan) də yer alıblar. Reqlamentə əsasən cütlərin qalibləri və məğlubları bir-biri ilə qarşılşacaq.

“Neftçi”nin baş məşqçisi Siyasət Əsgərov UEFA Çempionlar Liqasının püşkatması barədə klubun rəsmi televiziyasına açıqlamasında bunları söyləyib:

“Sankt-Polten” çox ciddi və təcrübəli rəqibdir. Avstriya təmsilçisi Çempionlar Liqasının qrup mərhələsinə qədər irəliləmiş komandadır. Ümid edirəm ki, həmin matçlara qədər tam hazır olacağıq. Rəqib güclüdür. Amma futbolda hər şey ola bilər. “Sankt Polten”i təhlil edəcəyik”.

Əsgərov hazırlıq planları barədə də danışıb: “Növbəti həftədən məşqlər bərpa olunacaq. Komandadan gedənlər də var. Amma yeni transferlər də gerçəkləşdirəcəyik. Ölkə daxilindən və xaricindən oyunçularla danışıqlar gedir. Yaxın günlərdə bu barədə məlumat veriləcək”.

Qeyd edək ki, qadınların Çempionlar Liqasında ilk mərhələnin oyunları 4 və 7 sentyabr tarixlərində keçiriləcək.

Seçilən
77
5
arena.az

8Mənbələr