AZ

Rusiya bitirmək istəyir, ABŞ hədələyir, Kiyev isə... - “cücələr”payızda sayılacaq?

Ukrayna müharibəsi sonlandırılacaq, yoxsa dondurulacaq - rəylər
 
Rusiyanın Ukraynaya hərbi təcavüzünü necə durdurmaqla bağlı siyasi intriqa səngimir. Bəziləri təcavüzkarı razı salmaq “mənqiti”ndən çıxış etsə də, ədalətli sülhün və beynəlxalq hüququn tərəfdarları Moskvaya torpaq güzəştlərini təhlükəli hesab edirlər. Bunun Rusiyanın ərazi iştahanı daha da artıracağı, eyni zamanda Çin üçün də Tayvana münasibətdə presedent yaradacağını söyləyirlər.
 
“Rusiya "xüsusi hərbi əməliyyatı" 2024-cü ilin payızında başa çatdıracaq".
 
TASS xəbər verir ki, bunu hərbi əməliyyatların başa çatması üçün əvvəlcədən elan edilmiş mümkün tarixin dəqiqləşməsi barədə danışan Rusiya Baş Qərargahının Baş Hərbi-Siyasi İdarəsinin rəis müavini Apti Alaudinov deyib. Onun sözlərinə görə, Kiyevdə də belə bir anlayış var ki, silahlı qarşıdurma sona yaxınlaşır.
 
Maraqlıdır ki, məhz belə “nikbin” açıqlamalar fonunda ABŞ-dan Rusiyanın ünvanına Ukrayna ilə bağlı hədə səslənib. ABŞ dövlət katibinin Avropa məsələləri üzrə köməkçisi Ceyms Obrayen bəyan edib ki, əgər Rusiya cəbhəni genişləndirməyə çalışarsa, Ukraynaya Rusiyanın daha dərin ərazilərini vurmağa icazə verəcək. Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri tərəfindən sərhəd yaxınlığındakı infrastrukturun məhv edilməsindən sonra Rusiya ordusu Xarkov vilayətində irəliləməyi praktiki olaraq dayandırıb.
 
“Biz Rusiyanın Ukraynaya qarşı kampaniyasını davam etdirmək qabiliyyətində ciddi dəyişikliklər görürük”, - o əlavə edib.
 
Bəs müharibənin bitməsində və ya dondurulmasında indi daha çox hansı tərəf maraqlıdır - Rusiya, yoxsa Ukrayna (Qərb)?
 
İndi o dövr deyil...
 
AMİP liderinin köməkçisi, politoloq Əli Orucov Ukraynaya edilən son yardımların bəhrə verdiyini düşünür: “Rusiyanın Ukraynaya hərbi təcavüzü dünyanın siyasi gündəmini və konfiqurasiyasını ciddi şəkildə dəyişdi. Bu proses davam etməkdədir. Cəbhə və ayrıcı xətlər getdikcə daha da dərinləşir. Bir tərəfdə beynəlxalq aləmi təhdid edən təcavüzkar, ambisiyalı avtoritar rejimlər, digər tərəfdə demokratik və inkişaf tərəfdarı olan ölkələr arasında açıq mübarizə gedir. Rusiya müharibəni uğurla başa vurmaq üçün Çin, Şimali Koreya, İran və s. totalitar rejimlərin fəal dəstəyinə ümid edir. Eyni zamanda payızda ABŞ-da keçiriləcək prezident seçkisində respublikaçıların populist və avantürist namizədi, Rusiyaya xüsusi rəğbəti ilə seçilən Donald Trampın hakimiyyətə gələcəyinə arxayındır. Rusiya indiki halda əldə etdiklərini saxlamaqla müharibəni bitirmək istərdi. Bunu bir müddət əvvəl prezident Putin şərt olaraq bəyan edib.
 
Rusiya müharibənin uzandığı hər gün böyük canlı qüvvə və hərbi texniki itkiləri verir. Böyük iqtisadi və maliyyə itkiləri yaşayır. Eyni zamanda bu itkilər fonunda Çinin, hətta Şimali Koreyanın da təsiri altına çox düşür. Rusiyaya beynəlxalq sanksiyaların vurduğu ağır nəticələri Putin hakimiyyətinin bütün səylərinə baxmayaraq əvəz etmək mümkün olmur. Bu isə hakimiyyətə qarşı narazılıq və etiraz hissini rus cəmiyyətində getdikcə artırır.
 
Odur ki, Putin müharibənin uzanmasının fəlakətli sonlarından xilas olmaq üçün əlverişli şərtlərlə bu avantüradan özünü xilas etməkdə maraqlıdır. Demək olar ki, Qərbin Ukraynaya hərbi texniki və maliyyə dəstəyini artırması artıq cəbhə xəttində balansı Kiyevin xeyrinə ciddi şəkildə dəyişib. Ukrayna Silahlı Qüvvələri indi nəinki müdafiə olunur, hətta Rusiyanın içərilərində strateji hədəfləri dəqiqliklə vura bilir ki, bu da Kreml üçün arzuolunan deyil. Ukraynanın əlində ən müasir hücum silahlarının olması və bu silahların uğurlu tətbiqi Moskvanı məcbur edir ki, müdafiəyə də diqqət yetirsin. Döyüş xəttini genişləndirsin, digər dövlətləri də öz tərəfindən buna qoşa bilsin. Bütün bunlar böyük maliyyə, güzəştlər və diplomatik çaba tələb edir. Rusiya Qərbi daha əvvəlki kimi nüvə silahı ilə təhdid edə bilmir. Çünki NATO buna hazır olduğunu bəyan etdikdən sonra nüvə silahı blefi və şantajı öz aktuallığını itirdi. ABŞ ola bilsin ki, müharibənin tezliklə bitməsində maraqlı ola bilər. Rusiya ilə bağlı hədəflərinə demək olar ki, nail olub. Dünyanı imperialist ambisiyası ilə təhdid edən, çoxqütblü, yaxud ikiqütblü dünyaya can atan Kreml özü indi Çinin təsiri altına düşüb. Bütün sahələrdə beynəlxalq mövqelərini itirib.
 
ABŞ-ın hazırkı hədəfi iqtisadi, texnoloji və hərbi gücə çevrilən Çindir. Rusiya-Ukrayna müharibəsi Pekinin dünya üzərində iddialarını və imkanlarını bir qədər də artırdı. Demək, Çinlə məşğul olmanın tam zamanıdır. ABŞ-ın Sakit okean hövzəsində varlığını gücləndirməsi və Tayvana böyük miqyaslı hərbi maliyyə dəstəyi verməsi gələcək toqquşmaların anonsunu verməkdədir. Ukraynaya gəlincə isə iki ildən çox davam edən müharibə bu ölkəni yenidən qurmağa və inşa etməyə məcbur qoyub. Ən müasir və yüksək dəqiqlikli silahlara sahib olsa da, canlı qüvvə baxımından sıxıntıları olduğundan effektiv və genişmiqyaslı hərbi əməliyyatlar aparmaqda çətinlik çəkir. Milyonlarla insan qaçqın düşüb. Qalanlar isə müharibənin uzanmasından yorğun düşüb. Ancaq Kiyevin işğal faktorundan qələbə ilə çıxmaq əzmkarlığı qalır.
 
Bütün müharibələr sülhlə qurtardığı kimi Ukrayna-Rusiya müharibəsi də bitəcək. Ancaq bu müharibədə xeyri təmsil edən Ukraynanın qalib gələcəyi dünya düzənini yenidən köklü şəkildə dəyişdirəcək və demokratik dəyərlərin geniş imkan tapıb yayılması və qalib gəlməsi üçün geniş imkanlar açacaq".
 
Ədalət, Hüquq və Demokratiya Partiyası sədrinin müavini Niyaməddin Orduxanlı hesab edir ki, Ukraynada müharibənin dayanmasını və ya bitməsini bu gün üçün ancaq Rusiya prezidenti Vladimir Putin edə bilər: “Hansı güzəştdən söhbət gedir? Amerika və Qərb Ukraynanı Rusiya ilə müharibəyə məqsədli şəkildə cəlb etməklə Ukrayna xalqını yaman günə qoyub. 2 il ərzində yarım milyondan artıq insan həyatını itirib, şəhərlər, qəsəbələr, kəndlər viran qalıb. Eyni kökənli iki xalqı deyərdim ki, uzun müddətə düşmən edib. Hər iki tərəfdən ölən on minlərlə gənc var. Kim bunu unudacaq? Rusiya çoxdan Krımı öz ərazisinə qatıb, bundan başqa bu 2 ildə 200 min kv. km ərazini zəbt edib, minlərlə kv. km Ukrayna ərazisi minalanıb. Çin Ukraynaya görə Rusiya ilə münasibətləri heç vaxt pozmaz. Əslində ABŞ elə Çin faktoruna görə Rusiya-Ukrayna müharibəsini təşkil etdi. Rusiya Çinlə çox yaxınlaşmışdı və bu da ABŞ-ın böyük qəzəbinə səbəb olmuşdu. ABŞ bu müharibədə sonda Ukraynanı məcbur edəcək ki, Rusiyaya güzəşt etsin. Putin öz istəyinə nail olmayınca, yəni Ukraynanın NATO üzv olmaq istəyindən əl çəkməsi və ya ABŞ-ın təsirindən imtina etməsi baş verməsə, müharibəni dayandırmayacaq. Hətta özünün dediyi kimi, "sonuncu Ukrayna əsgərinin öldürülməsinə nail" olunmayınca, Rusiya müharibəni dayandırmayacaq.
 
Noyabrda Amerikada prezident seçkisidir. Seçkidə Putinlə çox yaxın olan Tramp təzədən prezident seçilsə, Ukraynanın aqibəti necə olacaq? Hələ mən siyasi və dövlət idarəçilik təcrübəsi olmayan Zelenskini demirəm. Bir daha bildirmək istəyirəm ki, 40 milyonluq bir ölkəni darmadağın etdilər. Öz siyasətlərinin qurbanına çevirdilər".
 
AĞ Partiya başqanının müşaviri, siyasi şərhçi Azər Hüseynov Ukrayna iqtisadiyyatının uzun müddət Qərbə işləyəcəyini düşünür: “Rusiya-Ukrayna məsələsində münaqişə başlayandan demişdim ki, Rusiya Qərbi parçalayacaq, Zelenskinin ətrafında çat başlayacaq, Ukrayna Qərb tərəfindən yekunda meydanda tək buraxılacaq. Artıq Ukrayna "kondissiya" vəziyyətinə çatıb. Bundan sonra hələ bəlkə də 100 il Ukrayna iqtisadiyyatı Qərbə işləyəcək. Ortada infrastrukturu məhv edilmiş, iqtisadiyyatı böhrana girmiş bir dövlət var. Qərbdə bir qisim düşünür ki, daha bəsdir. Müharibə de-fakto hüdudlarda atəşkəslə dayansın. Ukrayna iqtisadiyyatının bərpası üçün yeni kreditlər almağa başlasın ki, elə aldığı kreditlə də borclarını ödəsin.
 
Digər tərəf isə deyir ki, Ukrayna ilə Rusiyanı bir az da sıxaq. Rusiya danışıq masasına oturanda əlimizdə kartlar güclü olsun. Rusiyada da eyni düşünən iki qisim var. Mövcud hüdudlarda dayanaq. Onsuz da biz yeni ərazi qazanmışıq. İkinci qisim isə deyir ki, Ukrayna sağsahil və solsahilə bölünsün. Şərq bizim, qərb tərəf də Qərbin olsun. Rusiyanın bu müharibədə məğlub olması Çinə, Türkiyəyə sərf etmir. Təbii ki, bu iki dövlət Rusiyanın nəzarət edilə bilən üstünlüyü tərəfindədir. Çin Qərb maliyyəsi ilə qalxsa da, artıq onun buxovlarından azad olmaq istəyir. Türkiyə ilkin mərhələdə Yaxın Şərqdə yeni konfiqurasiya düşünür. Bu, anti-Amerika və anti-İsrail konfiqurasiyasıdır. Buna görə arxa bağçada Əsədlə danışır. Burada Rusiya da iştirakçıdır, İran da. Ona görə Türkiyəyə Avrasiyada Anqlosakson nizamına qarşı dura bilən Rusiya lazımdır. Amerika isə tarixi missiyasını yerinə yetirir. Avrasiyaya silah satır, pul qazanır. Amma bu belə davam edərsə və Ukraynada sülh olmazsa, üçüncü dünya müharibəsi olar. Onda da kim öldü, kim qaldı..."
 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
50
moderator.az

10Mənbələr