AZ

Proqram sistemlərinin layihələndirilməsi problemləri araşdırılır

Proqram

Bakı, 5 iyul, AZƏRTAC

Mürəkkəb proqram sistemlərinin geniş tətbiqi onların dəqiq təşkilini, planlaşdırılmasını, layihələrin konkret müddətinin təyin edilməsini və iqtisadi effektivliyinin təhlil olunmasını tələb edir. Keyfiyyətli proqram sistemlərinin işlənilməsi üçün onun müəyyən qanunauyğunluqlara və standartlara müvafiq olaraq düzgün layihələndirilməsi vacib şərtlərdən biridir.

AZƏRTAC xəbər verir ki, bu barədə İnformasiya Texnologiyaları İnstitutunun böyük elmi işçisi Nəzakət Məlikova institutun elmi seminarında “Proqram sistemlərinin layihələndirilməsi problemlərinin araşdırılması” mövzusunda məruzə ilə çıxışı zamanı məlumat verib.

Sistemin layihələndirilməsindən söz açan N.Məlikova bu prosesin layihə planının işlənilməsindən başlandığını deyib: “Planlaşdırma prosesi layihənin strukturu, ölçüləri, icraçılar arasında bölünməsi, layihəyə olan məhdudiyyətlərin təyin edilməsi və. s. məsələləri müəyyən edir”.

O, layihələndirmə prosesinin yerinə yetirilmə ardıcıllığını diqqətə çatdırıb. Bildirib ki, bu proses sistemin arxitekturunun layihələndirilməsi, altsistemlərə qoyulan tələblərin təyin edilməsi, istifadəçi interfeysinin layihələndirilməsi kimi mərhələrlərdən ibarətdir.

Məruzəçi arxitektur layihələndirmənin məqsədinin proqram təminatının arxitekturasının təsvirini verməkdən ibarət olduğunu söyləyib. Onun sözlərinə görə, obyektyönümlü layihələndirmə müəyyən sinif obyektlərin və onların arasındakı qarşılıqlı əlaqələrin layihələndirilməsini nəzərdə tutur.

Sonda N.Məlikova tədqiqatın nəticələrini diqqətə çatdırıb. Kritik idarəetmə sistemlərinin kollektiv şəkildə işlənilməsi və müşayiət edilməsi zamanı proqram komplekslərinin həyat dövrünün layihələndirilməsinin aktual məsələlərdən olduğunu söyləyib. Bu kimi hallarda texnoloji proseslərin, onların həyat dövrünün dəqiq planlaşdırılması və idarə edilməsinin zəruri olduğunu qeyd edib.

Seçilən
23
azertag.az

1Mənbələr