Çexiyanın Brno şəhərində proqramlaşdırma
üzrə Mərkəzi Avropa İnformatika Olimpiadası (CEOI 2024) keçirilib. 11 ölkədən
60-a yaxın məktəblinin qatıldığı bilik müsabiqəsində Azərbaycan uğurla təmsil
olunub. Belə ki, Bakı şəhəri, Akademik Zərifə
Əliyeva adına liseyin 10-cu sinif şagirdi Ayxan Dəmirli gümüş, Türkiyə Dəyanət
Vəqfi Bakı Türk Liseyi 10-cu sinif şagirdi Tahir Əliyev bürünc medal əldə ediblər.
1994-cü ildən etibarən keçirilən CEOI regionda
ən nüfuzlu proqramlaşdırma yarışmalarından biri hesab olunur. Müsabiqə xüsusi
olaraq iştirakçıların alqoritmik məsələlərin həlli, analitik düşüncə və proqramlaşdırma
bacarıqlarını dəyərləndirilir.
Qeyd edək ki, 2017-ci ildən etibarən
informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi "Azercell
Telekom”-un Elm və Təhsil Nazirliyi ilə əməkdaşlığı çərçivəsində həyata
keçirilir. Bu müddət ərzində məktəblilərimiz fərqli yaş qrupları üzrə müxtəlif
miqyaslı proqramlaşdırma müsabiqələrində ölkəmizi uğurla təmsil edərək ümumilikdə
72 medal qazanıblar.
www.anews.az