AZ

Avropa çempionu: Qələbəmi məndən məğlubiyyət gözləyənlərə həsr edirəm

Bakı, 5 iyul, AZƏRTAC

İkinci dəfə Avropa çempionu olduğuma görə çox xoşbəxtəm.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Serbiyanın Novi Sad şəhərində 20 yaşlılar arasında keçirilən Avropa çempionatında qızıl medal qazanan Azərbaycanın qadın güləşçisi Ruzanna Məmmədova deyib.

Çempionatda 59 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı fəxri kürsünün ən yüksək pilləsinə qalxdığı üçün xoşbəxt olduğunu bildirib: “Turnirdən əvvəl çox yaxşı təlim-məşq toplanışı keçdik. Ötən il yeniyetmələrin Avropa çempionatında ikinci, gənclərdə isə üçüncü olmuşdum. Bu il iki çəki yuxarıda mübarizə aparırdım. Özümə inanırdım. Ancaq məşqçilərim Solmaz Adilova ilə Toğrul Əsgərov mənə daha çox dəstək olur və güvənirdi. Onların üzərimdə olan əziyyəti danılmazdır. Bu cür məşqçilərin rəhbərliyi altında çıxış etdiyim üçün şanslıyam”.

Onun sözlərinə görə, qadınlardan ibarət milli komanda Avropa çempionatında daha çox medal qazanmalı idi: “Qızlara ümid çox idi. Sadəcə, adi səhvlərin qurbanı oldular”.

Gələcək hədəfləri barədə danışan Avropa çempionu qarşıdan gələn dünya çempionatında uğurlu nəticə qazanmaq üçün əlindən gələni edəcəyini deyib.

Qeyd edək ki, Ruzanna Məmmədova finalda rusiyalı Yelena Kurova ilə üz-üzə gəlib. Gərgin mübarizə şəraitində davam edən görüş qarşılıqlı xallarla keçib. Əzmkarlıq göstərən güləşçimiz yekunda 14:10 hesablı qələbə ilə Avropa çempionu olub. Digər qadın güləşçilərimizdən Elvina Kərimzadə (50 kiloqram) təsəlliverici görüşdə bolqarıstanlı Emine Osmandan güclü olub – 6:3. Ancaq bürünc medal uğrunda qarşılaşmada finlandiyalı Roberta Luostarinenə uduzub – 0:10.

Nərgiz Səmədova (55 kiloqram) təsəlliverici görüşdə polşalı Nikola Vişnievskanı “tuş”la mübarizədən kənarlaşdırıb. Həmyerlimiz üçüncü yer uğrunda həlledici qarşılaşmada rusiyalı Yekaterina Çikanovaya məğlub olub – 1:8.

Fatimə İsayeva (68 kiloqram) isə təsəlliverici görüşdə polşalı Karolina Domaşuka müqavimət göstərə bilməyib – 0:10.

 

Seçilən
56
1
azertag.az

10Mənbələr