AZ

“Yüksəliş” müsabiqəsinin İşçi Qrupu qiymətləndirmə prosesində iştirak edəcək ekspertlər üçün təlimlərə başlayıb

Bakı, 4 iyul, AZƏRTAC

“Yüksəliş” müsabiqəsinin İşçi Qrupu ekspert heyətinin iştirakı ilə təlimlərə başlayıb.

Bu barədə AZƏRTAC-a müsabiqənin İşçi Qrupundan məlumat verilib. Gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev yarımfinal və final mərhələləri zamanı qiymətləndirmə prosesində iştirak edəcək ekspertlərin görəcəkləri məsuliyyətli işdən bəhs edib və hər birinin növbəti qalibləri seçməkdə həlledici rol oynayacaqlarını vurğulayıb.

Yarımfinal və final mərhələlərinə hazırlıq məqsədilə təşkil olunan təlimlər 92 ekspertin iştirakı ilə baş tutacaq və üç gün davam edəcək.

Təlimlər yarımfinal və final mərhələlərinin formatında təşkil olunur. İştirakçılar oxşar imtahan vəziyyətlərini simulyasiya edəcək və onların səriştələri ekspertlər tərəfindən qiymətləndiriləcək. Bununla yanaşı, təlim iştirakçılarına qiymətləndirmə meyarları, qiymətləndirmə mərkəzlərinin fəaliyyəti, tətbiqi və ekspertlərin rolu ilə bağlı ətraflı məlumat veriləcək. Ekspertlər qiymətləndirmə sahəsində geniş təcrübəyə malik peşəkar psixoloqlar, Azərbaycanın qabaqcıl dövlət müəssisələrinin və özəl şirkətlərinin insan resursları üzrə mütəxəssisləridir. 

Yarımfinal və finalda ekspertlər tərəfindən qiymətləndirilən 8 səriştə isə bunlardır: strateji düşüncə, effektivliyin idarə edilməsi, nəticəyönümlülük, komanda işi, kommunikasiya bacarıqları, dəyişikliklərin və innovasiyaların idarə edilməsi, sosial məsuliyyət və liderlik.   

Müsabiqənin yarımfinal mərhələsi iyulun 5-7-də “Bakı Ekspo Mərkəzi”ndə keçiriləcək. Əvvəlki mərhələləri uğurla başa vuran 328 nəfər yarımfinalda iştirak edəcək.

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Prezidentinin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən təsis olunub. Müsabiqənin məqsədi 21-51 yaş aralığında olan, intellektual səviyyəsi yüksək və azı iki il idarəçilik təcrübəsinə malik perspektivli rəhbər şəxslərin müəyyənləşdirilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etməkdir.

“Yüksəliş” müsabiqəsinin qalibini bir il ərzində idarəçi rəhbərlərdən – böyük şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı və 20 min manat məbləğində pul mükafatı gözləyir.

Növbəti - dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Prezidenti tərəfindən 2023-cü il dekabrın 25-də Sərəncam imzalanıb.

Seçilən
42
2
azertag.az

3Mənbələr